Azərbaycana mesaj məntiqi və “yuyulmamış çömçə”lik
Dünyanın, o cümlədən ABŞ-nin bəzi ekspert dairələrinin Azərbaycan–Ermənistan münasibətləri və ölkələr arasındakı sülh gündəmi ilə bağlı fikirlərini nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Düşünürsən: görəsən, bu dairələri təmsil edən şəxslər hər gün nə yeyib, nə içirlər? Nə ilə bəslənirlər ki, dillərinə misli görünməmiş cəfəngiyyatları gətirə bilirlər? Ancaq bir qədər soyuq başla fikirləşəndə mənzərə tam aydın olur. Bəli, belələri ortaya heç də təsadüfən düşmürlər. Onları işə salanlar, əsəbləri tarıma çəkənlər, ən əsası isə Cənubi Qafqazın Azərbaycan tərəfindən haqlı olaraq diktə edilən sülh gündəminə qarşı çıxmağı hədəfləyənlər var.
Əlqərəz, “yuyulmamış çömçə”lərdən biri də amerikalı politoloq Maykl Rubindir. Hesab edirik ki, M.Rubin “Washington Examiner” jurnalında qatı ermənipərəst məqalə yayımlamaqla, digər cəfəngiyyat daşıyıcılarını, müəyyən mənada, geridə qoymağı bacarıb. Əlbəttə ki, özünün həyasızlığı ilə. Onun nə çərənlədiyinə diqqət yetirəcəyik. Amma üzərində dayanmağı vacib saydığımız bir məqam var.
Məlum olduğu kimi, son vaxtlar ABŞ Bakı–İrəvan sülh gündəmi ilə bağlı canfəşanlıq edir. Bu aktivlikdə başlıca məqam iki Cənubi Qafqaz ölkəsi arasında barışın əldə olunmasıdır. Hər halda görüntü budur. Eyni zamanda, Birləşmiş Ştatlar sülhə çatma trayektoriyasını gizlətmir – bir tərəfdən ölkələrin ərazi bütövlüyü və suverenliyi məntiqindən, başqa bir yandan isə qlobal tranzitdən söz açır. O tranzitdən ki, kollektiv Qərb Ermənistanın orada əsas aktor kimi iştirakına səy göstərir. Hərçənd, bu məqsədin pərdələndiyi, daha doğrusu, üzərindən keçildiyi nəzərdən yayınmır. Belə nəticəyə gəlirik ki, Vaşinqton regionda sülhün yaranması üzərinə fokuslanır, ancaq prosesin təfərrüatlarından uzaq durur, yaxud uzaq dururmuş kimi görüntü yaradır. Yalnız bir məramı açıqlayır ki, o da Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıdır...
Amma Azərbaycanın öz tələbləri var. Başlıca tələb isə budur ki, ABŞ-nin nəzərində tutduğu qlobal tranzitin mühüm halqası olan Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslansın. Yəni, həmin yolda heç bir sərhəd və gömrük nəzarəti tətbiq edilməsin. ABŞ-da, o cümlədən kollektiv Qərbdə yaxşı dərk edirlər ki, Ermənistan bununla razılaşmır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır.
İndi necə başa düşək? Düşünək ki, Vaşinqton rəsmi İrəvanı razı salmaq əvəzinə, rubinləri ortaya atır? Özü də erməni avantürizminin “Qarabağ indentikliyi” məntiqini qabartmaqla? Görəsən, ABŞ-da bu saxta məqam nə üçün qabardılır? Düşünə bilərik ki, Azərbaycana təxminən belə bir mesaj verilir: Qarabağı istəmişdin, artıq ərazi sənindir, bundan sonrası ilə işin olmasın. İşin olacaqsa, rubinkimilər danışacaqlar. Nəzərə alaq ki, belələrinin dediklərinin sonradan Ağ evin rəsmi mövqeyinə çevrildiyinin şahidi az olmamışıq.
Bəli, amerikalı politoloq M.Rubin Qarabağla əlaqədar uydurma “erməni bağlılığını” qabartmaq üçün meydandadır. Proses Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarına da sərfəlidir. Onların zaman-zaman Bakı–İrəvan ziddiyyətləri kontekstində Vaşinqtonu günahlandırdıqlarını görmüşük və demək olmaz ki, məsələ təsirsiz ötüşüb. Eləcə də yuxarıda haqqında söz açdığımız Azərbaycana mesaj motivi də aktuallığını saxlayır.
Beləliklə, M.Rubin yada salır: Azərbaycan qoşunlarının İosif Stalinin Azərbaycana verdiyi qədim erməni bölgəsi Qarabağa daxil olmasından bir ildən az vaxt keçib. Göründüyü kimi, politoloq tarixi ya kəlləmayallaq anlayır, ya da qəsdən təhrif edir. Əslində isə ənənəvi stereotiplərə siyasi sərmayə yatırır. Axı Qərbdə yeri gəldi-gəlmədi Stalinin qəddar kultunu qabartmaq mərəzi var. Rubin də ölkəsinin ictimai rəyini məhz bu tərzdə manipulyasiya edir, reallıqlara meydan oxuyur.
İkincisi, M.Rubin bildirir ki, Qarabağ iki səbəbə görə tarixi əhəmiyyət kəsb edir. Birincisi, sən demə bölgə Yer kürəsində xristianlığı rəsmi din kimi qəbul edən ilk ölkə olan Ermənistanın ənənəvi mərkəzi imiş. “İkincisi, bu, demokratiyanın qalasıdır. Doğrudan da, SSRİ-nin dağılmasına son qoyan demokratik hərəkat Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi – red.) başladı”, – deyən amerikalı politoloqun gündəmi Qərb düşüncələrinə hakim kəsilmiş saxta tezislərlə doldurduğu göz önündədir. Sən demə, Ermənistan dünyada xristianlığı ilk dəfə rəsmi şəkildə qəbul edibmiş. Məgər, xristianlıq yarananda Ermənistan adlı ölkə, yaxud məkan var idimi? Əlbəttə ki, yox!
Digər yandan, Rubin vaxtilə erməni millətçilərinin Qarabağda başlatdıqları “Miatsum” ideyasına demokratik obraz qazandırmaq kimi miskin və rəzil işə girişir. O “Miatsum”a ki, Qarabağı Ermənistana birləşdirmək məramına köklənmişdi. Rubin yarımçıq bildiyi demokratiyanı bu məramın hansı tərəfində görür, məlum deyil. Ancaq fakt faktlığında qalır ki, Qarabağda separatçı hakimiyyət “Miatsum” cəfəngiyyatının mümkünsüzlüyünə görə quruldu. Erməni millətçiləri düşündülər: Bir halda ki, Qarabağın Ermənistana birləşməsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir, o zaman ərazi müstəqil olsun.
Qeyd edək ki, vaxtilə Ermənistanda mövcud olmuş Koçaryan-Sarkisyan xunta rejimi də Qarabağın özünün seçilmiş hakimiyyətinin olduğunu bildirir, onu Azərbaycanla danışıqlar prosesinin tərəfi kimi göstərməyə çalışırdı. Yeri gəlmişkən, bəzi Qərb dairələri də mövcud istiqamətdə qollarını çırmamışdılar. Sonuncu dəfə belə sərsəm ritorikaya Ermənistanın baş naziri Nikol Paşinyan baş vurmuşdu. O, 2023-cü ilin sentyabr ayının əvvəlində bildirmişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Həmin “hakimiyyətin” necə məhv edildiyi, təmsilçilərinin isə Bakı həbsxanalarına gətirildiyi hər kəsə yaxşı məlumdur. Azərbaycan hərbi birləşmələrinin 2023-cü ilin sentyabrında keçirdikləri lokal xarakterli antiterror tədbirləri, necə deyərlər, bütün daşları öz yerinə oturtdu.
...İndi Rubin öz yerində oturmaq istəmir. O, SSRİ-nin dağılmasından sonrakı proseslərə diqqət çəkir və elə fon yaradır ki, guya, Azərbaycan kimi, Qarabağ da sabiq imperiyanın tərkibində ayrılıb müstəqilliyinə qovuşmuşdu. Ən əsası isə Rubin separatizmi demokratik hərəkat qismində təqdim edir.
Bəli, otuz ilə yaxın Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın işğalını demokratiyanın təntənəsi kimi qiymətləndirən amerikalı politoloq 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri məsələsində şivən qoparmağı da unutmur. Guya, rəsmi Bakı bu tədbirlərlə həm erməni xristian icmasını məhvə məruz qoyub, həm də demokratiyanı boğub. Ən əsası isə Rubinin fikrincə, Azərbaycanın artıq canını tapşırmış separatçı rejimin Xankəndidəki “parlament” binasını sökməyi demokartiyaya qarşı düşmənçilik imiş (?).
M.Rubinin həyasızlığı təkcə bunları bildirməklə yekunlaşmır və məqaləsində ABŞ Administrasiyasını günahlandırır. Yazır ki, Azərbaycanın 2023-cü ilin sentyabrındakı “Qarabağ işğalı” Dövlət Departamentinin bürokratı Yuri Kimin senatorları Birləşmiş Ştatların bölgə ermənilərinin “etnik təmizləmələrinə” dözməyəcəyinə inandırmasından cəmi dörd gün sonra baş verib və Y.Kim yalan danışıb. Rubin onu da yazıb ki, “Freedom House” hüquq-müdafiə təşkilatı Azərbaycanın hərəkətlərinin keçmiş Yuqoslaviyadakı münaqişə kontekstində başa düşülən etnik təmizləmə meyarlarına cavab verdiyini açıqlayıb. Ardınca isə belə bir sual verib: “Bəs niyə Blinken (ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken – red.), milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və USAID-in rəhbəri Samanta Pauer soyqırımla bağlı birmənalı fikir yürütmür? Şübhə yoxdur: ABŞ-nin Azərbaycanı sakitləşdirmək qərarı yuxarıdan gəlir”.
M.Rubin ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin üzərinə getməyi yaddan çıxarmır. Birinci ikincini Şuşaya yollandığına görə hədəfə alır və bildirir ki, səfir orada etnik təmizləmə, kilsələrin və xristian abidələrinin dağıdılması barədə heç bir söz dilə gətirmədi, yalnız Şuşanın gözəlliyinə heyran qaldığını söyləməklə kifayətləndi.
Özünün sərsəm fikirlərini davam etdirən M.Rubin iyunun 26-da ABŞ-nin Avropa Komandanlığının Azərbaycan Ordusuna təbrikinə də fokuslanaraq çərənləyib ki, guya hərbi və mülki cinayətlər törətmiş ordu barədə xoş sözlər işlətmək düzgün deyilmiş. Rubinin Azərbaycan–Ermənistan sülh gündəmi, daha doğrusu, həmin gündəmə xələl gətirməyə hesablanmış daha bir fikri isə budur ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında razılaşmanın əldə edilməsinə çalışmaqla, Prezident Co Baydenin siyasi uzunömürlülüyünü artırır. Onun fikrincə, Vaşinqton məhz buna görə sülh sazişinin imzalanmasına səy göstərir: “Lakin rəsmi Bakı vaxtı uzadacaq ki, Birləşmiş Ştatlarda prezident seçkilərinin nəticələri məlum olsun”.
Yekunda M.Rubin Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsini “mənasız kağız parçası” adlandırıb və yenə əvvəlki ritorikasına qayıdaraq, bu sazişə görə Qarabağda “etnik təmizləmə” ilə barışmağın yolverilməzliyini vurğulayıb: “Azərbaycan və Ermənistan arasında sülh nəcib məqsəddir. Lakin onun qiyməti etnik təmizləmə ola bilməz. Baş verənlərin cəzasını gələcək nəsil qanla çəkəcək. Humanitar faciə daha da dərinləşə bilər”.
Sonda onu da bildirək ki, politoloq M.Rubin və onun kimilərinin yuxarıda diqqətə çatdırdığımız fikirlərinin zərərli tərəflərindən ən başlıcası həmin fikirlərin Ermənistan hakimiyyətində illüziya doğurmasıdır. Daha dəqiq desək, belə fikirlər baş nazir N.Paşinyanın komandasındakı, bütövlükdə isə erməni cəmiyyətindəki illüziyanı daha da artırır. Bu isə sülhə ciddi ziyandır.
Ə.RÜSTƏMOV
XQ