Yeni simalar Avropanın da siması ola biləcəklərmi?

post-img

“Köhnə qitə”nin nimdaş mənzərəsi təzələnəcəkmi? 

Kütləvi informasiya vasitələri xəbər verirlər ki, yaxın vaxtlarda Avropa qurumlarının bəzi rəhbərlərinin dəyişdirilməsi və ya onların fəaliyyətinə yenidən baxılması barədə qərar qəbul ediləcək. Belə ki, Estoniyanın baş naziri Kaya Kallas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreli, Portuqaliyanın keçmiş baş naziri Antoniu Koşta isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli əvəzləyəcək. Bununla yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də həmin vəzifəyə yenidən irəli sürülməsi məsələsi müzakirə ediləcək. Avropa Parlamenti bu təyinat və müzakirələri iyulun 15-də gündəliyə çıxaracaq. Ancaq həmin məsələlər indidən kütləvi informasiya vasitələrinin gündəliyindədir.

Xatırladaq ki, Jozep Borrell və Şarl Mişel sadə azərbaycanlının xatirəsində dediyi sözlərin üstündə dura bilməyən siyasətçi kimi qalıblar. Heç kəsin yadın­dan çıxmayıb, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçiril­miş görüşdən sonra verilən bəyanatda deyilirdi ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanı­yan 1991-ci il Alma–Ata Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Hətta, Fransa Prezidentinin saytının yaydığı bəyanatda da belə vurğulanırdı.

Bəs sonra nə oldu? Ermənistanın baş naziri Nikol Paşinyan tədbir haqqın­da mətbuata heç bir məlumat vermədən ( digər üç siyasətçi mətbuat üçün bəyanat vermişdi) Moskvaya qaçdı ( “uçdu” ifadə­si onun mövqeyini az ifadə edirdi), Em­manuel Makron cəmi bir neçə saatdan sonra öz dediklərini 180 dərəcə altında çevirib tamamilə başqa fikirlər səsləndir­məklə riyakarlıq, saxtakarlıq və ikiüzlülük elədi. Şarl Mişel və Jozep Borrell isə sa­dəcə, Makronun əlaltısı olduqlarını gizlə­də bilmədilər.

Hələ bu, harasıdır, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bu il yan­varın 22-də Brusseldə demişdi ki, Prezi­dent Əliyevin Ermənistana ərazi iddiaları narahatlıq dogurur: “Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulma­sı yolverilməzdir və Azərbaycanla müna­sibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.

Yəni açıq-açığına Azərbaycanı hə­dələyirdi. Söhbət hansı ərazi iddiasın­dan gedirsə, məlum deyil. Azərbaycanın belə bir iddiası olmayıb. Ermənistan isə Azərbaycana olan ərazi iddialarını işğalla başa çatdırmış və bizim torpaqlarımızın 20 faizi otuz il qarət edilmiş, yandırılmış, viranəyə çevrilmiş, tarixi, mədəni, dini abidələrimiz yer üzündən silinmişdi. Bəs o zaman Jozep Borrel və onun təmsil et­diyi qurum harada ölüb, itib, batmışdı ki, o boyda vəhşiliklərdən, barbarlıqdan xə­bərləri olmamışdı? Bu adam utanmadan demişdi ki, Aİ ölkələri diplomatları Azər­baycandan qovulmuş Fransa ilə həm­rəylik ifadə edir. Qitə miqyaslı beynəlxalq qurumda mühüm vəzifə tutan bir şəxsin bizim Fransa diplomatlarına həqiqəti söyləməyimizi onların ölkədən qovulma­sı kimi qəbul etməsi, sadəcə, qərəz və məkrdən yaranan öləzik düşüncə tərzi idi.

Elə Avropa Komissiyasının prezi­denti Ursula Fon der Lyayen də Avropa­nın hansısa paytaxtında olanda Cənubi Qafqaz haqqında özünəməxsus siya­si-diplomatik fikirlər səsləndirir, İrəvanda soyqırımı abidəsini ziyarət edəndən son­ra tamamilə fərqli mövqe nümayiş etdirir, Azərbaycan Prezidenti İlham Əliyevə zəng edəndə isə 2022-ci ildə Azərbay­can ilə Avropa İttifaqı arasında imzalan­mış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhə­miyyətindən danışırdı. Bu xanım siyasət­çi Azərbaycana münasibətdə digər avro­palılar kimi olmasa da, hansısa konkret müsbət addımını da görə bilmədik.

Məhz elə ona görə də Mişel və Bor­rell kimi riyakar adamların vəzifədən get­məsi onsuz da heç bir üzaqlığı olmayan Avropaya, az da olsa, nüfuz gətirə bilər. Amma kim zəmanət verə bilər ki, yeni gələn simalar əvvəlkilərdən fərqli olacaq­lar? Bunu hələ ki, heç kəs bilmir.

Ümumiyyətlə, kadr dəyişiklikləri Av­ropa İttifaqının Cənubi Qafqaz siyasə­tində hansısa yeniliklər edə biləcəkmi? Caliber.az bu mövzuya münasibət bildir­mək üçün əcnəbi ekspertlərə müraciət edib. Estoniyalı politoloq Peetr Taym əmindir ki, yeni təyinatlıar Bakı ilə Yere­van arasında münasibətlərin normallaş­dırılmasına töhfə verə biləcək: “Çünki istənilən Avropa siyasətçisi və ya mə­muru bu ölkələrin barışmasını istəyir”. İrlandiyalı politoloq Patrik Uolş isə bu suala cavab verərkən tərəddüd içərisin­də imiş: “Mən inanmıram ki, Avropa İtti­faqının yeni kadrlarının əsas istiqamətin­də hansısa dəyişiklik baş versin: “Çünki Avropa İttifaqı ABŞ-nin diktəsi ilə Cənubi Qafqazda ekspansiya siyasəti yürüdür”.

İsrail analitiki, siyasətçi və ictimai xa­dimi David Eydelmanın fikrincə, Avropa İttifaqında yeni vəzifəyə təyin olunacaq şəxslərin fəaliyyət istiqaməti təkcə on­ların özlərindən deyil, həm də bir çox başqa faktlardan asılı olacaq: “Azərbay­cana və Cənubi Qafqaza münasibətdə yeni kadrların gələcək mövqeyi haqqın­da danışmaq çox çətindir. Çünki onların mövqeyi ABŞ-də keçiriləcək seçkilərdən və Ukraynada gedən müharibənin nəti­cələrindən də asılı olacaq”. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət