Şanxay Əməkdaşlıq Təşkilatı Avropaya doğru genişlənir

post-img

Azərbaycanın bu qurumla əməkdaşlığı ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir

Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı “ŞƏT+” formatlı Astana Sammi­tinin gündəliyindəki əsas mövzu “Avrasiya təhlükəsizlik sistemi”­nin müzakirəsi idi. Moskvanın müəllifi olduğu bu ideya çoxqütb­lü dünyanın qurulması prosesində əhəmiyyətli addım kimi qiymətlən­dirilirdi.

ŞƏT-in Astana Sammitinin dünya­nın diqqətini özünə cəlb etdiyini söyləyə bilərik. Ən azı ona görə ki, genişlənmək­də olan ŞƏT-in Qazaxıstan paytaxtında düzənlənən növbəti zirvə görüşünə Asi­ya “divləri” ilə yanaşı, BMT-nin Baş katibi şəxsən təşrif buyurmuşdu. Dünya iki gün ərzində Qərb və Şərq adlandıra biləcə­yimiz güc mərkəzləri arasında gedən qlobal mübarizənin virtual mənzərəsini izlədi. 

Getdikcə daha da kəskinləşən bu mübarizədə Azərbaycan özünü hər iki platformada rahat hiss edən nadir tərəf­daşlardan sayılır. Bu mənada Qərb cina­hın Azərbaycanla sıx əməkdaşlığa çalış­ması və oxşar meyillərin Şərq cinahda da sezilməsi ölkəmizin seçdiyi düzgün strategiyanın nəticəsidir, – desək, ya­nılmarıq. Bu strategiyanın müəllifi İlham Əliyevdir. Çin, Rusiya, Hindistan kimi dünyanın siyasi və iqtisadi nəhənglərinin liderləri Azərbaycan Prezidenti İlham Əli­yevlə ikitərəfli təmaslara və əməkdaşlığa ayrıca önəm verirlər. Misal üçün, ŞƏT-in Astana Sammiti çərçivəsində Çin lideri Si Szinpin İlham Əliyevlə görüşündə Azər­baycanla əlaqələri yüksək qiymətləndir­diyini söylədi və dövlətimizin başçısını ölkəsinə dəvət etdi. Yaxud Rusiya Prezi­denti Vladimir Putin Azərbaycan lideri ilə qlobal və regional məsələləri müzakirə etdi, nəqliyyat dəhlizləri üzərində xüsu­silə dayandı. 

Bütün bunlar Azərbaycanın artmaqda olan qlobal nüfuzunun göstəricisidir. As­tanada dünya liderlərinin İlham Əliyevlə görüşdə transmilli nəqliyyat dəhlizlərin­dən bəhs etmələri, bu məsələdə Azər­baycan liderinin mövqeyinə əhəmiyyət vermələri, eləcə də Azərbaycan, Türikiyə və Pakistan liderlərinin üçtərəfli görüşü ən vacib məqamlardandır. Çünki bu üç ölkə qurulan yeni dünya nizamında, elə­cə də Orta dəhliz coğrafiyasında aparıcı oyunçulardır və onların ortaq mövqeyi həm bu coğrafiyada təhlükəsizliyin təmin olunması, həm də hər üç ölkənin milli maraqlarının müdafiəsi baxımından əla­hiddə əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, oxucuların nəzərinə çatdıraq ki, ŞƏT-in Astana Zirvə görü­şündə 16 ölkənin – Qazaxıstan, Hin­distan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hö­kumət başçıları, həmçinin ŞƏT katibi və BMT-nin Baş katibi iştirak ediblər. 

Azərbaycan bərabərhüquqlu tərəfdaşdır 

Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilmə­sinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparı­lan müzakirələr ayrıca qeyd olunmalı­dır. Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələ­rarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın geniş­ləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasi­bətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. 

Dünən “ŞƏT +” formatında keçirilən görüşdə çıxış edən Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayev BMT-nin alternativinin olmadığını, onun potensi­alının hələ tükənmədiyini bildirib və bu universal təşkilatın rolunu gücləndirməyi beynəlxalq ictimaiyyətin vəzifəsi hesab edib: “Bu universal təşkilatın alternativi yoxdur. Bizim ümumi vəzifəmiz XXI əsrin çağırışları ilə səmərəli mübarizə aparma­ğa qadir olan qlobal təhlükəsizliyin təmin edilməsində əsas beynəlxalq təsisat kimi BMT-nin rolunu gücləndirməkdir”. 

ŞƏT-in Astana Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreşin çıxışı da maraqla qarşılanıb. Baş katib çıxışında bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxunub. O, iq­lim dəyişikliyi ilə səmərəli mübarizə apar­maq üçün ciddi maliyyə öhdəliklərinə nail olmağın vacibliyini önə çəkib: “Ma­liyyələşdirmə çox böyük əhəmiyyət kəsb edir. Bu, təkcə iqlim dəyişikliyi ilə müba­rizəyə yardım məqsədli deyil, həm də bə­rabərsizliklə mübarizə aparmaq üçün va­cibdir. Builki COP29-dan sonra bizə hər iki tərəfdən güclü maliyyə öhdəlikləri, elə­cə də çoxtərəfli inkişaf banklarının kredit imkanlarını davamlı şəkildə artırmaq və iqlim dəyişikliyi ilə mübarizəyə daha çox özəl kapital cəlb etmək üçün onların biz­nes modelini dəyişdirmək üçün qətiyyətli addımlar lazımdır”, – deyə vurğulayıb. Baş katib sözlərinə onu da əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələri məsuliy­yəti öz üzərinə götürərək və uyğunlaşma maliyyəsini ikiqat artıraraq öhdəliklərini yerinə yetirməlidirlər.

Bakı “ŞƏT plyus” formatında

Azərbaycan üçün ŞƏT platforması Asiyanın böyük güclərini birləşdirən nü­fuzlu qurum olaraq böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Prezident İlham Əliyev ilk dəfə 2022-ci ildə ŞƏT-in Səmərqənd Sammi­tində fəxri qonaq qismində iştirak edib və son iki ildə Azərbaycan–ŞƏT əməkdaş­lığı yüksələn xətt dinamikasına malikdir. ŞƏT həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün va­cib platformaya çevrilib. Marşrutları Azər­baycan ərazisindən keçən “Şimal–Cə­nub” və “Şərq–Qərb” nəhəng nəqliyyat layihələrinin reallaşmasına gözləntilərin artması ilə ölkəmizin ŞƏT dövlətləri üçün əhəmiyyəti də ikiqat çoxalıb. 

Onu da qeyd edək ki, bu layihələrdə mühüm halqa olmaq üçün zəruri infrast­rukturu Azərbaycan özü yaratdı. Bu kon­tekstdən yanaşanda Orta dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun Azərbaycan sərmayəsi ilə inşa edildiyini xatırlatmaq kifayətdir. Bakıya xüsusi diqqətin artması həm də planetin ən böyük ekoloji forumunun – COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Azər­baycanın COP29-a evsahibliyi etməsi onun qlobal səviyyədə siyasət apardığı­nın, nüfuzlu beynəlxalq aktora çevrildiyi­nin göstəricisidir.

Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya və Qa­zaxıstan liderləri ilə keçirdiyi görüşlər ikitərəfli münasibətlərin, eləcə də qar­şılıqlı etimadın yüksək səviyyəsindən xəbər verir. Astanada Azərbaycan Prezi­denti İlham Əliyev, Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasın­da üçtərəfli görüş ciddi maraq doğurub. Bütün bunlar Azərbaycanın düşünülmüş xarici siyasətinin, çoxtərəfli və ikitərəfli diplomatiyasının uğurlu nəticəsidir. Bun­dan əlavə, Azərbaycanın ŞƏT sammi­tində iştirakını tam əminliklə ölkəmizin təkcə Şərqlə Qərbi deyil, həm də Şimalla Cənubu birləşdirən körpü rolunu getdik­cə daha inamla oynadığının sübutu kimi qiymətləndirilməlidir. 

Azərbaycan Prezidenti İlham Əliyev Astanada “ŞƏT +” formatında görüşdə çıxış edərək quruma üzv ölkələrin liderlə­rini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu ses­siyasına (COP29) dəvət etdiyini bildirib: “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirə­cəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvan­lamışam və həmkarlarımı noyabrda Ba­kıda görəcəyimə ümid edirəm”. 

Belarus ŞƏT-in 10-cu üzvü oldu

Dünən foruma sədrlik edən Qazaxıs­tan Prezidenti Kasım-Jomart Tokayev belaruslu həmkarı Aleksandr Lukaşen­konu xüsusilə salamlayıb: “Qısa müd­dət ərzində ölkəniz Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmaq üçün bütün lazımi addımları atıb. Əgər etiraz yoxdursa, iclasa Belarus Respublikası­nın ŞƏT-ə qəbulu ilə bağlı sənədlərin im­zalanması mərasimi ilə başlamağı təklif edirəm”. Bunun ardınca Astana Sammi­tində iştirak edən dövlət və hökumət baş­çıları Belarusun ŞƏT-ə üzv qəbul edilmə­si haqqında sazişi imzalayıblar. Beləliklə, Belarus ŞƏT-in 10-cu üzvü seçilib.

ŞƏT Dövlət Başçıları Şurasının icla­sının yekunu olaraq Astana Bəyannamə­si, 20 qərar, dövlət başçılarının 3 bəyana­tı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqın­da”, “ŞƏT-in təkmilləşdirilməsi haqqın­da” təşəbbüs qəbul edilib. Bununla da ŞƏT-in Astana Zirvə toplantısı öz işini başa çatdırıb. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, polotoloq

Astanada Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüş xüsusi əhəmiyyətə malikdir. Onların görüş əsnasında səsləndirdikləri proto­kol rəqəmlərinin və apardıqları fikir mü­badiləsinin arxasında iki ölkə arasında münasibətlərin daha sıx formatda inki­şafı dayanır. Bunlar ümumi maraqlar üzərində qurulmuş möhkəm tərəfdaşlıq körpüləri, beynəlxalq platformalarda bir sıra məsələlər üzrə mövqelərin, ha­belə siyasi təmasların üst-üstə düşməsi deməkdir. Təbii ki, bu amilərin sırasına ikitərəfli razılaşmalara uyğun olaraq ar­tan ticarət dövriyyəsi də daxildir.

Qeyd etmək vacibdir ki, Azərbaycan–Rusiya əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf edir. Məsələn, humanitar istiqamət, təhsil sahəsi – tələbə və məktəblilərin təd­ris mübadiləsi və sairə. Şübhə yoxdur ki, bu amillər Azərbaycan və Rusiyanın işti­rakçısı olduğu geosiyasi proseslərdə də özünü göstərir. Doğrudur, bəzi mövzula­ra yanaşmada müəyyən mənada fərqli mövqelərə malik olmasına baxmayaraq, şimal qonşumuzla münasibətlərimiz hə­mişə qarşılıqlı hörmət, səmimi anlaşma və konkret nəticələrə nail olma xarakteri da­şıyır. 

Hesab edirəm ki, Astana görüşü zamanı dövlət başçıları Şimal–Cənub dəhlizinin infrastrukturunun Azərbaycan ərazisində genişləndirilməsinə yönəldik­lərini bildirdilər. Bu isə çox vacibdir, çün­ki söhbət bütün sahələr üzrə əməkdaş­lığın daha da dərinləşməsindən gedir. Ümumiyyətlə, dövlət başçılarının Asta­na görüşü bir daha göstərdi ki, Rusiya və Azərbaycan arasında imzalanmış bütün anlaşmalar uğurla həyata keçirilir və real həyatda öz əksini tapır.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzininn rəhbəri

Azərbaycan üzvlərinin sayı getdik­cə artan Şanxay Əməkdaşlıq Təşkila­tına böyük maraq göstərir. ŞƏT rəsmi Bakı üçün həm regional təşkilat olaraq, həm də quruma üzv ölkələrlə ikitərəfli münasibətlərin qurulması baxımından əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Astanada keçirdiyi görüşlərdə gələcəyə hesablanmış çox maraqlı fi­kir mübadilələri apardı. Çinlə ölkəmiz arasında strateji əməkdaşlığı nəzər­də tutan bəyannamənin imzalanması Azərbaycan üçün müstəsna əhəmiy­yət kəsb edir. Dünya iqtisadiyyatının liderlərindən biri sayılan Çin yüklərinin Orta dəhliz və Azərbaycan vasitəsilə Avropa bazarlarına daşınması bizim maraqlarımızla üst-üstə düşür. 

Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına mara­ğı təbiidir. Orada qardaş türk dövlətləri də yer aldığına görə əməkdaşlığın in­kişafında maraqlıyıq. Gələcəkdə Azər­baycanın bu quruma üzvlüyü məsələsi gündəliyə salına bilər. Dünən Belarus ŞƏT-ə qəbul edildi, Türkiyənin də bu təşkilata isti münasibətləri var. Prezi­dent Rəcəb Tayyib Ərdoğanın Astana Zirvə görüşündə iştirakı, burada gö­rüşlər keçirməsi də təsadüfi deyildi. 

Ümumiyyətlə, bu gün dünyada intensiv inkişaf edən az təşkilat var. Nəzərə alsaq ki, dünyada son vaxtlar regional təşkilatlara meyil güclənib, onların arasında irəlidə gedəni məhz Şanxay Əməkdaşlıq Təşkilatıdır. Ya­rananda beynəlxalq terrorizmə, narko­tiklərlə mübarizə üçün düşünülsə də, getdikcə iqtisadi əməkdaşlıq, ortaq layihələr gündəmə gəldi. Bu baxım­dan Azərbaycanın ŞƏT-də iştirakı hər tərəfdən faydalıdır.

İmran BƏDİRXANLI
XQ





Siyasət