XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

post-img

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astanada keçirilən görüşünə dair Bəyanat yayıb.

XQ xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Bəyanatda deyilir: “3 iyul 2024-cü il tarixində Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada görüşüblər. Üçtərəfli Zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub. Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin, həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib. Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub. Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib. Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək”.

Siyasət