ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

post-img

Ümumdünya Kilsələr Şurasının (ÜİK) Mərkəzi Komitəsi Azərbaycanla razılaşır ki, Fransız Polineziyası Fransa müstəmləkəçiliyindən azad edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.

"Azərbaycan Bakıda dekolonizasiya mövzusunda konfrans keçirir" başlıqlı məqalədə qeyd olunub ki, məqsədi “Fransız azadlıq və antimüstəmləkəçi hərəkatları”nı dəstəkləmək olan “Bakı Təşəbbüs Qrupu” (BTQ) kimi tanınan təşkilatın təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan Milli Məclisində “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Polineziya nümayəndə heyəti ilə görüşən qrupun icraçı direktoru Abbas Abbasov “müstəmləkəçilikdən qurtulmaq istəyən xalqların ədalətli mübarizəsini bundan sonra da dəstəkləməyə” söz verib.

Məqalədə Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri Viktor Maamaatuayahutapunun konfransdakı çıxışından da iqtibas gətirilib: “Bu gün biz Fransanın müstəmləkəçilik siyasətinə görə təcrid olunmuşuq. Biz siyasi cəhətdən gənc millətik və Azərbaycanın dəstəyinə ehtiyacımız var. Fransa bizi təcrid etməyə çalışır, çünki ərazimizdə nüvə sınaqlarını davam etdirmək istəyir”. Beynəlxalq hüquqi mexanizmlərin qeyri-mükəmməlliyinin Fransa müstəmləkələrinin azadlığa çıxmasına mane olduğu diqqətə çatdırılan konfransda qeyd olunub ki, keçən ilin iyulunda Bakıda BTQ-nin təsis edilməsi 150 ildən artıqdır Karib dənizi, Cənubi Amerika, Hind və Sakit okeanlar daxil olmaqla regionlara təsir edən istismarla mübarizə üçün yeni səylər dalğasının başlanğıcı kimi qiymətləndirilməlidir.

Sözügedən hərəkatın uğurlu olacağına və nəhayət, məzlum xalqlara layiq olduqları azadlığı bəxş edəcəyinə inam ifadə olunan konfransda vurğulanıb ki, Fransa hökuməti Fransız Polineziyasında keçirdiyi nüvə sınaqlarına görə yalnız 2010-cu ildə kompensasiya komissiyası yaradıb. Amma sözügedən sınaqların dağıdıcı fəsadlarına, o cümlədən radiasiya ilə bağlı xəstəliklərin artmasına baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron hələ də rəsmi üzr istəməyib.

Yazıda Ümumdünya Kilsələr Şurasının Mərkəzi Komitənin qəbul etdiyi ictimai bəyanatda Fransa hakimiyyətini "öz öhdəliklərini yerinə yetirməyə və Maohi xalqının iqtisadi, sosial və mədəni inkişafı üçün bütün lazımi vasitələri təmin etməyə" və "Fransadan zərər çəkmiş bütün şəxslərə təzminat ödəməyə” çağırış edildiyi diqqətə çatdırılıb.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

Siyasət