Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

post-img

İyunun 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı olub.

Nazirliyin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunması, hər iki tərəfdən mülki əhalinin hədəf alınmaması, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri işlər və planlar nəzərdən keçirilib.

Ceyhun Bayramov həmkarına postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkanın yarandığı vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Siyasət