Paşinyan iqtidarının sülhdənqaçma cəhdləri daha fayda verməyəcək
Rəsmi İrəvanın sülhə aparan yolda sərgilədiyi mövqe onun etimad limitini keçdiyindən və etibarsızlıq imicinə “sadiqliyindən” xəbər verir. Ermənistan siyasi rəhbərliyinin Bakının sülh sazişinə son düzəliş və təkliflərinə “operativ” reaksiyasına başqa ad vermək mümkün deyil.
“Biz bir ay müddətinə sülh sazişini imzalamağa hazırıq” kimi populist bəyanatlara baş vuran hayların baş diplomatı Ararat Mirzoyanın sülh paketi ilə bağlı beynəlxalq ictimaiyyəti, təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın isə Qarabağın aqibəti ilə Moskvanı heyrətə gətirən qalmaqallı açıqlamaları hələ gündəmdən çıxmayıb. Onların hansı məqsədlə bu xarakterli bəyanatlar verməsi, alt niyyətlərinin nədən ibarət olması barədə qəzetimizin ötən sayında yazmışdıq. Fəqət bu dəfə sülh prosesinə xələl gətirmək ənənəsini yeni formada davam etdirən Ermənistan hakimiyyətinin məkrli planlarının uzantılarının hara qədər gedib çıxa biləcəyini nəzərdən keçirməyi zəruri saydıq.
Belə məkrli və populist açıqlamaları ilə Hayastan rəhbərliyi şirin yalanlarını sıravi erməninin qulağına pıçıldamaqla həm də cəmiyyətdə zəifləməyə doğru gedən revanşist əhval-ruhiyyəni yenidən körükləndirməyə zəmin yaradır. Çünki Paşinyan kilsənin və Qarabağ klanının “İstefa!” nidalı kütləvi etiraz aksiyalarının yenidən başlanmasından bərk qorxur. İqtidar komandası cəmiyyətə ötürdüyü son mesajları ilə heç də müxalif düşərgədən az vətənpərvər olmadığını nümayiş etdirməklə bərabər, 44 günlük müharibədə məğlubiyyətə və digər fəlakətlərə görə həmin Qarabağ klanını günahlandırmaq məqsədini güdür. Onu da qeyd etməyi lazım bilirik ki, Paşinyan iqtidarının daxilə və xaricə istiqamətlənən bu diplomatik demarşının Fransa və Hindistan silahlarının Ermənistana tədarükünün daha da artması fonunda baş verməsi təsadüfi deyil. Bu isə ayrı söhbətin mövzusudur.
* * *
Bu kampaniyanın da fiaskoya uğrayacağı qaçılmazdır. Rəsmi İrəvanın populist çağırışlarının qısamüddətli effekti sabun köpüyü kimi yoxa çıxdıqca Paşinyan və onun komandasının yaratdığı daxili qeyri-sabitliyin xalqın çaşqınlığına çevrilmək təhlükəsi yarana bilər. Əgər iqtidar şirin yalan və uydurmalarla zəngin siyasi ritorikasını dəyişməsə, güman edirik ki, erməni ictimaiyyəti onu ciddi qəbul etməkdən vaz keçəcək. İndi Ermənistan siyasi isteblişmentinin nümayiş etdirdiyi diplomatik jestləri tam məntiqi ilə “axsaqların” demarşı adlandırmaq olar. Maraqlıdır ki, Armen Qriqoryanın yuxarıda sitat gətirdiyimiz bəyanatı baş nazir Paşinyanın “tarixi Ermənistan”la “real Ermənistan” arasındakı fərqi kütləyə başa salmaq məqsədilə ictimai müzakirələrə başladığı və bir neçə ay davam edən diqqətəlayiq fəaliyyətindən sonra səsləndirildi. Hesab edirik ki, cəmiyyətin emosiyaları ilə bu formada oynamaq, siyasi hoqqabazlıq etmək, xüsusilə də, hakim partiyanın reytinqinin onsuz da rekord eniş həddinə düşdüyü indiki məqamda siyasi səbatsızlığa baş vurmaq Paşinyana acı nəticələr “bəxş edə” bilər.
Sülh üzərində gedən bu cür çirkin siyasi oyunlardan erməni cəmiyyətinin sadəcə olaraq, yorulması, onun daha çox proqnozlaşdırıla biləcək siyasətçilərə üstünlük verməsi perspektivi ehtimaldan gerçəkliyə dönə bilər. Artıq aydın hiss olunmaqdadır ki, qısamüddətli siyasi dividend naminə mövcud iqtidar ekzistensial vəzifələrdən yarı yolda imtina etməyə hazırdır. Amma son nəticədə cəmiyyətin şüurunda dəyişiklikdən savayı, hansı faydanı əldə edəcəyi sual altındadır.
Təkcə Qriqoryanın deyil, digər səlahiyyət sahiblərinin bəyanatlarındakı siyasi saxtakarlığı bir kənara qoyaq. Ermənistan hakimiyyətinin sözündə və əməlində heç bir müstəvidə ardıcıl olmaması, hərəkətlərindəki heyrətamiz uyğunsuzluq kompleksi diqqəti çəkir. Yəqin xatırlayırsınız, İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətin səbəblərini axtaran İrəvan əvvəlcə zəfərimizdə pakistanlıların, az sonra suriyalıların rolundan dəm vururdu. Daha sonra isə qələbəni yalnız Türkiyənin sayəsində qazandığımızı bəyan etdi. Bu versiyalar işə yaramadı və indi ittiham olunmaq növbəsi Rusiyaya çatıb. İntəhası, onilliklər ərzində Ermənistanı silahla kimin təmin etdiyini biz çox yaxşı bilirik. Paşinyan komandasının bu qəlibdən olan anti-Rusiya qənaəti arqumentsizliyinə görə absurda bərabərdir. Aydın məsələdir ki, bunu Ermənistan təhlükəsizlik şurasının katibi də yaxşı anlayır. Sadəcə, həmin bəyanatın alt niyyətini başa düşmək üçün dərin analitik qabiliyyətə ehtiyac yoxdur. Bu, İrəvanın Moskvaya qarşı növbəti demarşıdır. Bəli, Ermənistan bütün vasitələrdən istifadə etməklə Rusiyadan qopmağa çalışır və bunun üçün hətta ağlasığmaz üsullara əl atır.
* * *
Bir daha Qriqoryanın sərsəm açıqlamasına Moskvanın verdiyi sərt reaksiyası məsələsinə toxunaq. Qeyd etmişdik ki, brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Armen Qriqoryanı biabırçı şəkildə tənqid və tənbeh etmiş, onun açıqlamasını hətta “kliniki hal” kimi qiymətləndirmişdi. Bununla bərabər Zaxarova erməni xalqını tərifləməyi də unutmayıb, onu qəhrəman və “öz torpaqları uğrunda döyüşən” etnos adlandırıb. Azərbaycan türkünün nöqteyi-nəzərindən belə bir iddia olduqca iyrənc səslənir. Fəqət bunu Rusiya XİN rəsmisinin İrəvanın həddini aşan ritorikasına emosional reaksiyası kimi qəbul edərək, ondan inciməməliyik. Çünki Azərbaycan Rusiya ilə münasibətlərini bərabərhüquqlu tərəfdaş kimi qurub və bunu sənədləşdirib. İkitərəfli münasibətlərin məhz bərabərhüquqlu xarakter daşıdığının ən bariz sübutu bu gün Azərbaycan torpağında rus əsgərinin olmamasıdır.
Armen Qriqoryanın populist bəyanatının mahiyyətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kifayət qədər aydın və qəti şəkildə ifadə edib. O, bu yersiz demarşı Ermənistanın əvvəlki və indiki hərbi-siyasi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, təqsiri başqalarının üzərinə atmaq və özünə bəraət qazandırmaq cəhdi kimi qiymətləndirib, Hayastanın hazırkı hakimiyyətinə tarixi səhvləri təkrarlamamağı, revanşist və revizionist xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətini dayandırmağı tövsiyə edib.
Sosial-iqtisadi, hərbi göstəriciləri Azərbaycandan qat-qat aşağı olan Ermənistanda hazırda siyasi xaosun hökm sürdüyü göz qabağındadır. Bu mənada rəsmi İrəvanın dövriyyəyə buraxdığı revanşist-populist bəyanatları nəinki inandırıcılıq əmsalından məhrumdur, hətta kənar müşahidəçidə gülüş doğurur. Öz ərazisi hesab etdiyi torpaqlarını, eləcə də sərhədlərini qorumaq iqtidarında olmayan Paşinyan hakimiyyətinin gec-tez Bakının sülh şərtlərini qəbul edəcəyi şəksizdir.
* * *
Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarıdır. Ölkəmiz regional kommunikasiya xətlərinin açılmasını, dövlətlərarası əlaqələrin bərpa olunmasını, transmilli layihələrdən hamının faydalanmasını istəyir. İntəhası, bundan ötrü, ilk növbədə, sülhə nail olunmalıdır. Rəsmi İrəvanın son davranışları məlum həqiqəti bir daha xatırladır: möhkəm sülhü təmin etməyin yolu müharibəyə hazır olmaqdan keçir. Biz bununla bağlı hələlik tərəfdaşa çevrilməyə cürət etməyən düşmənə lazımi mesajları ən yüksək səviyyədə vermişik.
Bundan sonra Azərbaycan Ermənistanı zorla sülhə inandırmaq niyyətində deyil. Bakı buna kifayət qədər vaxt və enerji sərf etdi. Azərbaycan yalançı və riyakar, sülhdən öz faydasını belə anlamayan bədnam qonşunun haradan, hansı miqdarda və nə məqsədlə silah aldığını diqqətlə izləyəcək və prosesi daim nəzarətdə saxlayacaq. Təbiidir ki, aşkar ediləcək hər hansı qisas cəhdinin qarşısı Azərbaycan Ordusu tərəfindən dərhal ən sərt şəkildə alınacaq və təqsirkarlar yerindəcə cəzalandırılacaq. Üzləşəcəkləri növbəti və daha biabırçı məğlubiyyətə görə özlərindən küssünlər. Çünki İrəvan bu gedişatla Bakıya başqa seçim variantı buraxmır...
İmran BƏDİRXANLI
XQ