Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib

post-img

İyunun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Əvvəlcə MSK-nın sədri M.Pənahov Komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin altıncı çağırış Azərbaycan Respublikası Milli Məc­lisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edil­məsi haqqında sərəncamı ilə tanış edib. O bildirib ki, dövlət başçısının sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub.

Sonra seçkilərin keçirilməsi üçün qanunverici­likdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki sub­yektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu Təqvim pla­nı Komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müza­kirələrin ardınca təsdiq olunması qərara alınıb.

İclasda daha sonra qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araş­dırılması, eləcə də vətəndaşların seçki hüquqları­nın daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seç­ki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və MSK-nın üzvü İşçi qrupunun rəhbəri təyin olunub.

Media subyektlərinin nümayəndələri tərəfin­dən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər