ABŞ və Cənubi Qafqaz gündəmi

post-img

Ceyms O’Braynın Bakıya səfərinin önəmli məqamları

Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələlə­ri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycana səfəri xüsusunda üç baş­lıca məqam nəzərə çarpdı. Birincisi, Bakı və Vaşinqton arasındakı müna­sibətlərdə rəvan və aydın xətt var, so­yuqluq yoxdur. ABŞ Azərbaycana Cə­nubi Qafqazda əsas iqtisadi tərəfdaşı kimi yanaşır və bu amil, istər-istəməz, siyasi tərəfdaşlıq üçün də münbit zə­min formalaşdırır. 

İkincisi, Vaşinqton Bakı – İrəvan sül­hünün əldə edilməsində maraqlıdır ki, mövcud tendensiyanı bu ölkənin Rusi­yanı Cənubi Qafqazdan uzaqlaşdırma­ğa yönələn kursunun göstəricisi kimi qiymətləndirmək mümkündür. Əlbəttə, yanaşmanın nə dərəcədə uğurlu olacağı Ağ evin gələcək davranışlarından asılı­dır. Gərək, “qırmızı cizgilər” keçilməsin. Nəzərə alınsın ki, Azərbaycan özünün regional gündəminə sadiqdir. Bu gün­dəmdə isə bölgə ilə tarixən bağlı bütün tərəflərin maraq və mənafelərinə paritet əsaslarla hörmət və ehtiram var. Yəni, Birləşmiş Ştatlar, ümumən kollektiv Qərb balansı pozmağa çalışmamalıdır. 

Üçüncüsü, ABŞ, bilavasitə, Ermə­nistanın ayaqda qalmasını, varlığını sürdürməsini istəyir və belə fikirdədir ki, bu Cənubi Qafqaz ölkəsində 2018-ci il inqilabından sonra kollektiv Qərbin xey­rinə formalaşmış siyasi ab-hava etibarlı şəkildə yalnız daxili resurslar hesabına qoruna bilər. Yəni, Qərbpərəst erməni iq­tidarının ayaqda qalması naminə ianələr və yardımlar yetərli deyil. Necə deyərlər, quyuya su tökməklə sulu olmur. Obrazlı ifadə etsək, quyunu daimi sulu saxlaya­caq qüvvə isə Azərbaycandır. ABŞ-da bu, çox yaxşı dərk edilir. Elə ona görə də C.O’Brayn Bakıdadır. Beləliklə, keçək təfərrüatlara.

***

Bəli, Prezident İlham Əliyevin C.O’Braynla görüşünün, kifayət qədər pozitiv məcrada keçdiyini söyləyə bilərik. O’Brayn ölkəsinin regional sülh gündə­liyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğu­nu vurğuladı. Həmçinin, Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əmək­daşlığın, o cümlədən, əlaqələrin strateji səviyyədə daha da inkişafı məsələlərinin vacibliyini önə çəkdi.

Hesab edirik ki, mövcud xüsusda üzərində dayanılan bir başlıca məqam da var. Söhbət regional əməkdaşlığın Orta dəhliz seqmentindən gedir. Görüş­də bu istiqamətdə təfərrüatlar açıqlan­masa da, tam aydındır ki, Orta dəhliz barədə söz düşəndə gözlər önündə “Zəngəzur dəhlizi” canlanır. O dəhliz ki, Ermənistan hazırda onun reallaş­masına maneçilik törədir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzə­rinə götürdüyü öhdəliyi yerinə yetirmir, Naxçıvana yolun ölkəmizin “Azərbay­candan Azərbaycana yol” məntiqi ilə razılaşmır. Rəsmi İrəvan hesab edir ki, yolda gömrük və sərhəd nəzarəti qu­rulmalıdır. C.O’Braynın istər ölkəmizdə səsləndirdiyi, istər iyunun əvvəlində İrə­vanda olarkən dediyi, istərsə də Bakıya gəlməzdən əvvəl dilə gətirdiyi fikirlər isə onu deməyə əsas verir ki, Vaşinq­ton problemin tez bir zamanda həllini istəyir. Çünki ABŞ üçün başlıca prioritet heç də Ermənistanın ərazi bütövlüyü və suverenliyi deyil. Ölkə, mahiyyətcə, böyük prosesin gerçəyə çevrilməsində maraqlıdır. Əlbəttə, Ermənistan amilinin varlığını sürdürməsində də həmçinin. 

Prezident İlham Əliyev C.O’Braynla görüşündə Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenlə bir müddət əvvəl­ki telefon danışığını məmnunluqla xatır­ladı. Həmin danışıq əsnasında qarşılıqlı əlaqələrin geniş spektrinin müzakirə olunduğunu diqqətə çatdırdı. Habelə, görüşdə Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulandı. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükə­sizliyində oynadığı rol, Azərbaycan–ABŞ enerji sahəsindəki əməkdaşlığı, COP çərçivəsində iki ölkənin nümayən­də heyətlərinin səmərəli və faydalı məs­ləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın ölkəmizə dəstəyini bundan son­ra da davam etdirəcəyi vurğulandı.

***

Əslində, pərdəarxası, mediada yer almayan məqamların mövcudluğu eh­timalını nəzərə alsaq, dövlətimizin baş­çısı ilə O’Braynın görüşünün, kifayət qədər, yığcam, daha doğrusu, az təfər­rüatlı gündəliyinin olduğunu söyləyə bilərik. Ancaq digər məqamlar üzərin­də dayanaraq, təmas zamanı, əslində, məsələlərin detallı şəkildə müzakirəyə çıxarıldığını bildirmək mümkündür. Gö­türək elə, C.O’Braynın jurnalistlər üçün keçirdiyi brifinqdə bildirdiklərini. “Bizim Azərbaycanla bir çox sahədə güclü və səmərəli tərəfdaşlığımız var. Biz əmək­daşlıq sahələrini daha da gücləndirmək və genişləndirmək istəyirik”, – deyən Ağ ev rəsmisi konkret bir neçə məqamın üzərində dayanıb. O deyib ki, xüsusilə Prezident İlham Əliyevlə, xarici işlər na­ziri Ceyhun Bayramovla və digər rəsmi şəxslərlə Orta Asiyadan Atlantik okeanı­na qədər regiondakı vəziyyət müzakirə olunub: “Son illər ərzində baş verən hadisələrin Azərbaycanın bu regionun siyasətinin yenidən formalaşmasında mərkəzi rol oynamasına necə şərait yaratdığına nəzər salsaq, Ermənistanla sülh əldə etmək üçün mühüm məqamı görürük. Bu, həm ölkələr arasında onil­liklər boyu davam edən mübahisəni həll etmək, həm də gələcəkdə sülh yolu ilə qonşuluq münasibətləri qurmağa imkan verən bir yoldur”.

C.O’Brayn brifinqdə onu da bildirib ki, Azərbaycanla Ermənistanın əmək­daşlığı həm bəzi mənfi maraqları ola biləcək qonşularla təhlükəsizlik sahə­sində əməkdaşlığı yaxşılaşdıracaq, həm də malların Mərkəzi Asiyadan, Azərbaycandan, Gürcüstan və Ermə­nistandan keçməklə qlobal bazarlara daşınmasına şərait yaradacaq. Burada “mənfi maraqları ola biləcək qonşular” ifadəsinin üzərində dayanaq. Vaşinqton rəsmisinin Rusiyanı və İranı nəzərdə tutduğu gün kimi aydındır. 

Son günlər C.O’Braynın dilindən “Rusiya” kəlməsi düşmür və o, yuxa­rıda da vurğuladığımız kimi, ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdır­maq planlarının icrasına girişib. İrana gəldikdə isə burada da hər şey bəllidir. C.O’Brayn anti-İran ritorikasını hələ ötən ilin sonlarına doğru gündəmə gə­tirmişdi. Dövlət Departamenti rəhbərinin köməkçisi Naxçıvana yolun, daha doğ­rusu, Orta dəhlizin tərkib hissəsi olan “Zəngəzur dəhlizi”nin Ermənistandan yox, İrandan keçməsi ilə bağlı Azərbay­canın irəli sürdüyü təşəbbüsə qarşı, bir növ, cəbhə açmışdı. Ağ ev təmsilçisinin sözlərindən belə nəticə hasil olmuşdu ki, Ermənistanın əvvəldə haqqında söz açdığımız ərazi bütövlüyü və suverenlik məntiqi keçərlidir. Yəni, bu, o deməkdir ki, Naxçıvana yolda erməni sərhədçilə­ri və gömrükçüləri keşik çəkəcəklər, maneəsiz durum olmayacaq. Nəticədə İrəvan regional nəqliyyat habının başlı­ca fiquruna çevriləcək ki, Bakı bununla razılaşmır və razılaşa da bilməz. Elə məhz bu səbəbdəndir ki, ölkəmiz Teh­ranla danışıqlar aparıb və Naxçıvana yolun İran ərazisindən keçməsinə dair razılıq əldə olunub. 

Əlqərəz, C.O’Brayn indi Bakıda Azərbaycanı və Ermənistanı tranzit ölkə perspektivi ilə bağlı, müəyyən mənada, şirnikləndirir və deyir ki, belə bir pers­pektiv hər bir ölkə üçün yaxşı olacaq və əsas tranzit ölkələri – Azərbaycanda və Ermənistanda böyük iqtisadi imkanlar yaradacaq. Onun sözlərinə görə, ölkə­mizdə sözügedən məsələnin üzərində işləməyin vacibliyini müzakirə edib, Ba­kıda və İrəvanda prosesin reallaşma­sında maraqlı olduqlarını bildirirlər. 

Hesab edirik ki, C.O’Braynın ölkə­mizə səfəri xüsusunda Azərbaycan – Ermənistan sülh gündəliyi ilə bağlı ən konkret açıqlama ABŞ rəsmisinin ölkə­mizin Xarici işlər naziri Ceyhun Bayra­movla görüşündə verildi. Görüşdə sülh müqaviləsindən söz açılarkən, layihə üzrə əhəmiyyətli irəliləyişə baxmaya­raq, Ermənistanın konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qar­şı davam edən iddiaların olduğu xatır­ladıldı. Habelə, sənəddə dəyişikliklərin vacibliyi vurğulandı. Eyni zamanda, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmə­diyi bildirildi. Deməli, sülh yolundakı manelər sırasına “Zəngəzur dəhlizi”nin fəaliyyət mahiyyəti ilə yanaşı, bu iki de­tal da əlavə olunur. 

***

Göründüyü kimi, C.O’Braynın Bakı səfəri zamanı ziddiyyətli məqamlar üzərində də dayanılıb. Ziddiyyətlərdən, həmçinin təfərrüatlardan söz düşmüş­kən, bu mənada ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbinin bildirdiklərindən söz açmalıyıq. Əslində, cənab Libbi başlan­ğıcda maraqlı məqama toxunub. Onun sözlərinə görə, Rusiya sülhməramlıları­nın Qarabağdan çıxmaları o deməkdir ki, SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan torpaqlarında heç bir xarici qoşun qal­mayacaq. Səfir, paralel olaraq, Azər­baycan və Ermənistan sərhədlərinin demarkasiyasına başlanıldığını, ölkələr arasında məhbusların mübadiləsinin razılaşdırıldığını, sülh sazişinin imza­lanmasının həmişəkindən daha yaxın olduğunu və bunu tərəflərin bəyan et­diyini vurğulayıb. “Birləşmiş Ştatlar bu mühüm addımların tarixi bir fürsət pən­cərəsi açdığına inanır. Ermənistanla sülh sazişi görünməmiş sabitlik yara­dacaq, Azərbaycana və regiona fayda verəcək ticarət və praktiki əməkdaşlığa qapı açacaq. ABŞ hər iki tərəfdə bu fürsətdən istifadənin təşviqinə davam edəcək. Bu il biz güclü, strateji enerji əlaqələrimizin transformasiyasının şa­hidiyik. ABŞ–Azərbaycan enerji tərəf­daşlığının ilk onilliklərində Vaşinqton Bakı – Tbilisi – Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin inkişafı, tikin­tisi və istismarı üçün mühüm dəstək göstərmişdir. Bu layihələr bizim ən mü­hüm və ümumi nailiyyətlərimizdəndir. ABŞ – Azərbaycan tərəfdaşlığı olma­saydı, bu enerji infrastrukturu mövcud olmazdı, Avropa daha az enerji təhlükə­sizliyinə malik olardı, Azərbaycan isə daha az çiçəklənərdi”.

Sonda onu deyək ki, ümumən C.O’Braynın ölkəmizə səfərini uğurlu saymaq mümkündür. Ancaq əsas olan uğur estafetinin davamlılığıdır. Nəzərə alsaq ki, səfər zamanı başlıca müza­kirə mövzusu Azərbaycan – Ermənis­tan sülh gündəmi idi, deməli, mövcud istiqamətdə tərəflərin, ilk növbədə, İrə­vanın iradə nümayişi mütləqdir. İradə nümayişi isə Ermənistan hakimiyyəti­nin davranışlarından, habelə Birləşmiş Ştatların həmin davranışları pozitiv məcrada saxlamaq əzmindən asılıdır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət