Avropa İttifaqı–Azərbaycan Təhlükəsizlik Dialoqunda növbəti müzakirə

post-img

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanatını yayıb. Bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.

Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunmuş sənəddə deyilir ki, iştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar: “Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb”. 

Bəyanatda daha sonra Aİ-nin regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyinə diqqət yetirilib. Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb: “Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına yardımları gələcəkdə davam etdiriləcək. Azərbaycan tərəfi həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib”.

Sənədə əsasən, görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər. Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyi də vurğulanıb.

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrique Mora həmsədrlik ediblər.

XQ

 

Siyasət