Azərbaycana kənar baxışlar: əməkdaşlıq məmnunluğu və etimad

post-img

Dünya liderlərinin ölkəmizlə bağlı fikirlərindəki spesifik cəhətlər

“Rusiya–Azərbaycan münasibətləri uğurlu, etibarlı və çox praqmatik inkişaf edir”. Fikrin müəllifi Rusiya Prezidenti Vladimir Putindir. Kreml rəhbəri nitqində, kifayət qədər, konkret və korrektdir. Əslində, cənab Putinin ölkəmizlə əlaqədar səsləndirdiyi başqa tezislərdə də qeyd etdiyimiz cəhət özünü göstərməkdədir. Ümumən, o, bütün məsələrlə birmənalı yanaşması ilə seçilən liderlərdən, siyasətçilərdəndir. Nəzərə alaq ki, bu yanaşma asanlıqla formalaşmır... 

Onu da bildirək ki, diqqətə çatdırdığımız sitat­dakı fikir Kreml rəhbərinin Sankt-Peterburq bey­nəlxalq forumu çərçivəsində Azərbaycanla bağlı səsləndirdiyi xoş sözlərdən yalnız biridir. Böyük si­yasətdə isə xoş sözlər heç də boş yerə dilə gətiril­mir və onların hamısının reallıqla dərin uyğunluğu var. Ancaq söhbətimiz yalnız Rusiya Prezidentinin ölkəmizlə əlaqədar hansı məqamları qabartma­sı barədə deyil. Yazımızda dünya liderlərinin son vaxtlar Azərbaycanla, daha doğrusu, respublika­mızla münasibətlər haqqında söylədiklərinə diqqət yetirəcəyik. 

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan dün­ya miqyasında olduqca dərin düşünülmüş siyasət xətti gerçəkləşdirməkdədir. Balanslaşdırılmış xassəyə malik bu xətt hadisə və proseslərə mü­nasibətdə neytrallığı əsas götürmür. Axı Cənubi Qafqaz coğrafiyasında soyuq bitərəflilik prinsip etibarilə mümkünsüzdür. Bu səbəbdən ölkəmiz özünün balanslı mövqeyini yaşadığımız region və ümumən dünya ilə bağlı proseslərin episentrində dayanaraq tutur. Belə mövqe qlobal siyasətin sərt oyun qaydaları çərçivəsindəki fəaliyyətə əsaslanır. Deməli, həm ön planda dayanmaq, həm də ba­lanslı siyasət ampluasına sadiqlik. Elə bir siyasətə sadiqlik ki, onda passivlik təmayülü qətiyyən yox­dur.

Azərbaycan özünün bəşəri təşəb­büsləri, dünya səviyyəli genişmiqyas­lı layihələri ilə daim irəlidədir, necə deyərlər, ona yönəlmiş hücumlardan etibarlı mühafizə sisteminə malikdir. Buna görə qəbul edilir, onunla hesab­laşırlar. Əslində, V.Putinin Sankt-Peter­burq forumunda səsləndirdiyi fikirlər də qəbuledilmənin və hesablaşılmanın, münasibətlərdəki bərabərtərəfliliyin ra­sional ifadəsidir. 

Cənab Putinin fikirləri, həmçinin qlobal siyasət nəhəngi Rusiyanın Cə­nubi Qafqazın lider ölkəsi Azərbaycan­la təmaslarındakı pozitivliyin, məm­nunluq və əminliyin vurğulanmasıdır. Yəni, Moskva özü üçün, kifayət qədər, strateji nöqtə sayılan Cənubi Qafqazla bağlı tam arxayındır. Məsələn, Putin bildirir ki, Rusiya–Azərbaycan dövlətlə­rarası əlaqələri məhz qarşılıqlı maraq­lara və müəyyən dərəcədə qarşılıqlı simpatiyaya əsaslanır.

O, Azərbaycanda rus dilində 300-dən çox məktəbin fəaliyyət göstər­məsinə başqa cür izah tapa bilmədiyini dilə gətirir.

Əlbəttə, Rusiyanın dövlət başçısı Azərbaycanla münasibətlər məsələsin­də digər məqamları da sadalayıb. Bu baxımdan, ikitərəfli iqtisadi əlaqələrin tempinin çox yaxşı inkişafın vurğulan­masından, iki ölkə arasında münasi­bətlərin diversifikasiyasından tutmuş, logistika sahəsindəki işbirliyinə qədər bir çox fundamental cəhətlərin üzərin­də dayanmaq mümkündür. Onlardan yalnız birini vurğulayaq: “Bu Şimal–Cənub yoluna gəlincə, o, çox yaxşı və məşhur beynəlxalq dəhlizə çevrilə bilər. Buradan birbaşa, Sankt-Peter­burq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və oradan da Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kana­lı ilə yüklərin daşınmasından, demək olar ki, 10 gün tezdir”.

Ancaq mövzumuzun girişindəki təqdimatdan göründüyü kimi, Azər­baycanla münasibətlərin önəmindən, ölkəmizin Cənubi Qafqaz müstəvisin­dəki tutduğu mövqedən bəhs edən yal­nız Rusiyanın dövlət başçısı deyil. Bu baxımdan, ABŞ Prezidenti Cozef Bay­denin fikirləri üzərində dayanmağı da vacib sayırıq. Cənab Bayden 28 May Müstəqillik Günü münasibəti ilə Azər­baycan xalqına ünvanladığı təbrikdə vurğulamışdı: “Diplomatik əlaqələrimi­zin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaq­la birgə maraqlara söykənən tərəfdaş­lıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıs­tanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir”. 

C.Bayden təbrikində, həmçinin bildirib ki, İlham Əliyevin Prezidentli­yinin beşinci müddətinin başladığı bir vaxtda, ABŞ Azərbaycanla regional və qlobal məsələlərdə, o cümlədən, iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığı də­rinləşdirməyə səy göstərəcək. Təbrik­də, eyni zamanda, Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyini, ərazi bü­tövlüyünü və suverenliyini dəstəklədiyi göz önündədir: “Biz Azərbaycan və Er­mənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdir­məyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq”.

Bəli, Baydenin dedikləri bir daha onu təsdiqləyir ki, Prezident İlham Əli­yevin məqsədyönlü və prinsipial siyasə­ti faydalarını verir. Bu siyasət ölkəmizin bütün dünyadakı nüfuzunu getdikcə yüksəldir. Əslində, mövcud həqiqət müxtəlif ölkə liderlərinin də dövlətimizin başçısına Müstəqillik Günü münasibəti ilə ünvanladıqları təbrik məktubları­nın leytmotivini təşkil etmişdi. Ancaq Birləşmiş Ştatlar Prezidentinin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Ener­ji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladı­ğı məktubdakı fikirlər ölkəmizə dəyər baxımından daha parlaq idi: “Uzun­müddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə də­yişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borclu­yuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın”.

Prezident İlham Əliyev 44 günlük müharibə başa çatar-çatmaz bildir­mişdi ki, Cənubi Qafqazın tarixində yeni mərhələ başlayır. Dövlətimizin başçısının bütün fikirləri reallıqla ciddi fiksasiya təbiətinə malikdir. Ölkəmizin liderinin səsləndirdiyi nəinki hər bir te­zisin, hətta hər cümlənin da arxasında konkret iş dayanır. Belə qənaətə gəlirik ki, hazırda Baydenin Azərbaycan fak­torunun əhəmiyyətini vurğulaması heç də təsadüf sayılmamalıdır və deməli, ölkəmizin getdiyi yol doğrudur. 

Nəzərə alaq ki, Ağ Ev rəhbəri­nin düşüncələrində ölkəmiz regionun gələcəyinin, sülh və firavanlığın tə­minatçısı missiyasındadır. Əslində, Belarus Prezidenti Aleksandr Luka­şenkonun Azərbaycana səfəri zama­nı səsləndirdiyi fikirlərə də mövcud prizmadan yanaşmaq mümkündür. A.Lukaşenko mayın 16-da Bakıda Pre­zident İlham Əliyevlə birgə mətbuata bəyanatında regional məsələlərdən, Qafqaz coğrafiyasındakı məsuliy­yət və inkişaf kateqoriyalarından söz açarkən, ölkəmizin roluna daha açıq tərzdə qiymət vermişdi: “Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. ...Za­man Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.

Bəli, Azərbaycanın dünyadakı nü­fuzu artan trayektoriyaya malikdir. Bu isə onu göstərir ki, ölkəmizi perspek­tiv baxımından daha böyük uğurlar gözləyir. Uğur təminatı Prezident İl­ham Əliyevin ulu öndər Heydər Əliyev amallarına, böyük siyasət nəhənginin müəyyənləşdirdiyi kursa yüksək sa­diqliklə reallaşdırdığı genişmiqyaslı fəaliyyət xəttidir. Elə bir fəaliyyət ki, xalqımızın maraq və mənafelərindən irəli gəlməklə, onu zirvələrə daşımaq kimi ali məqsədə hesablanıb. Elə bir məqsədə ki, onun reallaşması naminə görülən bütün işlərin məğzində Azər­baycanın dövlət müstəqilliyinin əbə­dilik faktoru dayanır. Əslində, dünya dövlətlərinin liderləri də səsləndirdik­ləri baxışlarla bu faktorun əhəmiyyəti­ni vurğulayırlar. Əminik ki, gələcəkdə daha çox vurğulayacaqlar. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət