İran növbədənkənar prezident seçkilərinə hazırlaşır. Prezident Seyid İbrahim Rəisinin qəzada həlak olmasından sonra qonşu ölkədə yeni dövlət başçısını seçməlidirlər. Namizədlərin qeydə alınması prosesi dünən başa çatıb. Hazırda 37 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Mahmud Əhmədinejad, Səid Cəlili və Əli Laricani kimi məşhur siyasət və dövlət xadimlərinin adları var. Bu seçkilərdə ilk qadın namizəd də qeydiyyatdan keçib. Namizədlərin yekun siyahısı Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən yoxlanıldıqdan sonra təsdiq ediləcək.
İranda 14-cü prezident seçkiləri üçün namizədlərin qeydiyyatı mayın 30-da başlayıb. Seçki kampaniyası iyunun 12-dən 27-dək davam edəcək. Növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, ən çox səs toplayan iki namizədin iştirakı ilə iyulun 5-də seçkilərin ikinci turu keçiriləcək. İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Seçkilərdə iştirak etmək üçün ölkə parlamentinin sabiq spikeri Əli Laricani də müraciət edib. O bildirib ki, prezident seçiləcəyi təqdirdə siyasətinin prioritetlərindən biri “Amerika sanksiyaları problemini həll etmək” olacaq. Bundan əlavə, ölkənin Mərkəzi Bankının sabiq rəhbəri Abdel Nasser Hemmati, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanı general Seyid Vahid Haqqanian da qeydiyyatdan keçiblər.
İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili də seçkilərdə iştirak edəcək. Müraciət prosesini başa vurduqdan sonra mətbuata açıqlama verən Mehdi İsmaili deyib ki, “Xalq inqilabi hakimiyyət və dürüst diplomatiya və mərhum prezident Rəisi hökumətinin siyasətinin davam etdirilməsini istəyir”. Nazir, həmçinin bildirib ki, o, prezident olarsa, “xarici siyasət indiki formada davam edəcək, İran regionun iqtisadiyyat və sənaye mərkəzinə çevriləcək, mənzil və tikinti layihələrini başa çatdıracaq, səhiyyə sistemini təşkil edəcək və ədaləti bütün ölkəyə yayacaq”. Xatırladaq ki, Mehdi İsmaili 2023-cü ilin fevralında Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilib.
İranın eks-prezidenti Mahmud Əhmədinicat da yenidən prezidentliyə namizədliyini irəli sürüb. O, bundan əvvəl 2005-ci ildən 2013-cü ilə qədər iki dörd illik prezident vəzifəsini icra edib. 2017 və 2021-ci illərdə M.Əhmədinicat seçkilərdə iştirakına icazə verilməməmişdi. Həmin vaxt seçkilərdən əvvəl eks-prezident İranın ruhani lideri Ayətullah Əli Xamenei ilə görüşdən sonra namizədliyini irəli sürməyəcəyini bildirmişdi. Lakin sonra gözlənilmədən fikrini dəyişərək, prezident seçkilərində iştirak etmək üçün Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmişdi.
Siyasi müşahidəçilərin sözlərinə görə, M.Əhmədinicatın namizədliyi təsdiq olunarsa, prezidentliyə əsas namizədlərdən birinə çevriləcək. Sənədləri təqdim etdikdən sonra keçirilən brifinqdə Əhmədinicat yoxsulluğa qarşı mübarizəni və əhalinin rifahının yaxşılaşdırılmasını özünün prioritet istiqamətlərindən biri adlandırıb: “İnanıram ki, ölkənin bütün problemləri xalqın rəyi nəzərə alınmaqla və dünya ilə konstruktiv qarşılıqlı əlaqə nəticəsində həll oluna bilər”.
Bu seçkilərdə ilk də yaşanıb. Belə ki, İranda ilk dəfə olaraq qadın ölkənin prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Zöhrə İlahian ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edən və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub. “İslam İranı üzərində ümid günəşi doğacaq, mən öz ölkəmin qadın icmasının nümayəndəsi kimi prezident seçkilərində iştirak etmək üçün sənədləri seçki qərargahına təqdim edəcəyəm”, – İlahian sosial şəbəkədə yazıb.
Prezident İranda ikinci ən mühüm rəsmi şəxsdir. O, təmsilçilik funksiyalarını yerinə yetirir və ölkənin icra hakimiyyətinə rəhbərlik edir. Prezident 4 il müddətinə seçilir və bu vəzifəni ardıcıl iki müddətdən artıq tuta bilməz.
S.ELAY
XQ