Fərid Şəfiyev: Ermənistan Azərbaycana təzminat ödəməlidir

post-img

Ermənistan Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuatın sorğusuna cavab olaraq bildirib.

BMTM sədri vurğulayıb ki, mina problemi Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir: "Mina probleminin miqyası çox böyükdür və bu məsələ ilə mübarizədə Azərbaycana kifayət qədər beynəlxalq dəstək verilmir. Xüsusən də mövzu Ermənistan olduqda humanitar şou yaradan dövlətlər bu barədə qərəzli mövqe sərgiləyirlər”.

O bildirib ki, Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə Azərbaycan ərazisində baş verib. Dağıntılar, mina ilə çirklənmə məhz Azərbaycan torpaqlarında həyata keçirilsə də, buna baxmayaraq, ölkəmizə müvafiq həcmdə yardım göstərilmədi. Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi Ermənistanın təcavüzkar və işğalçı siyasətinin mahiyyətini ortaya qoyur. Qeyd edə bilərik ki, həmin minaların böyük qismi Ermənistanda istehsal olunub.

Siyasət