Ermənistanda revanşistlər-hakimiyyət qarşıdurması təhlükəli səviyyədədir?

post-img

İrəvanda siyasi gərginlik artır. Revanşistlər baş nazir Nikol Paşinyana qarşı müqaviməti gücləndirirlər. Bununla bağlı erməni mediasında müxtəlif mülahizələr irəli sürülür. Məsələn, “Bagramyan26” Teleqram kanalı yazır ki, sabiq prezident Robert Köçəryan və daşnak dairələr mayın 26-da keçiriləcək mitinqə kifayət qədər önəm verirlər: “Əsas səbəb odur ki, onlar növbəti dəfə hakimiyyətə gəlmək cəhdində uğursuzluğa düçar olsalar, gələcəkdə bəzi vətəndaşların delimitasiya ilə bağlı indiki narazılıqları qədər onlarda əlverişli ictimai əhval-ruhiyyə olmayacaq”.

Yazıda ehtimal olunur ki, bu, Köçəryan və Ko-nun erkən seçkilərə nail olmaq üçün son şansıdır: “Şəxsən Köçəryan üçün bu, hakimiyyətə gəlməkdə ən kiçik bir şansın olduğu sonuncu haldır. Bu proses sayəsində Köçəryanın səhifəsi həmişəlik bağlanıb. Bu səbəbdən sonuncular əhəmiyyətli sarsıntılara məruz qalmağa hazırdırlar”.

“Bagramyan26” abunəçilərinə xəbərdarlıq edir ki, Köçəryanın tərəfdarları hakimiyyətə gəlmək üçün hətta qan tökməyə də hazırdırlar: “Təsadüfi deyil ki, artıq bir həftədir Rusiyadan Ermənistana müxtəlif kriminal avtoritetlərlə əlaqəli şəxslər gətirilir, onların davranışı və məqsədləri ciddi şübhə doğurur”.

Yazıda iddia olunur ki, kənardan gətirilən bu kriminal dairələr hansısa təxribatla toqquşmaya, qan tökməyə çalışırlarsa, hüquq-mühafizə sisteminin onlara qarşı hərəkətləri sərt və amansız olmalıdır: “Münaqişə ssenarisi baş verərsə, onun təşkilatçıları və təhrikçiləri dərhal həbs edilməli və təcrid olunmalıdırlar və onların qara, ağ, bənövşəyi və ya hər hansı digər rəngdə geyinmələrinin fərqi yoxdur. Həmin şəxslər artıq din xadimi deyillər və hüquq pozuntuları və ya cinayətlər baş verdikdə onlara qarşı inzibati və ya cinayət məsuliyyəti təkcə hüquqi deyil, həm də mənəvi xarakter daşıyacaq”.

“Bagramyan26” xatırladır ki, kilsə dövlətin işlərinə qarışmaqla artıq Ermənistan konstitusiyasını pozub və hər hansı faciəvi ssenari baş verərsə, birinci və ən mühüm məsuliyyət daşıyan şəxs katolikos II Karekin olacaq: “Onun təhriki ilə dövlət və kilsə düşmən olub, cəmiyyət yenidən parçalanıb, qarşılıqlı düşmənçilik yaranıb”.

XQ

Siyasət