Özbəkistanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib.

Mədəniyyət Mərkəzindən bildirilib ki, əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Açilbay Ramatov, Azərbaycan Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106 ilinin tamam olduğunu bildirib. Səfir AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında danışıb. Bildirib ki, qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub, qonşu dövlətlərlə, həmçinin Avropa və Amerikanın 20 ölkəsi ilə diplomatik əlaqələr qurulub.

“1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu siyasət sayəsində demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb, neft strategiyası həyata keçirilməyə başlanıb, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub”, - deyə Hüseyn Quliyev bildirib.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini deyən səfir, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən də danışıb. Vurğulanıb ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilib.

Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb.

Sonra Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin turizm imkanları, tarixi abidələri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.









Mədəniyyət