Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Radisson Blu” mehmanxanasında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
Tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Acubey Raxmatov, Azərbaycan Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları təbrik edərək bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106 ili tamam olur. Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti məhz 1918-ci il mayın 28-də yaranıb.
Səfir AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında danışıb. Bildirilib ki, qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub, qonşu dövlətlərlə, həmçinin Avropa və Amerikanın 20 ölkəsi ilə diplomatik əlaqələr qurulub.
“1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu siyasət sayəsində demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb, neft strategiyası həyata keçirilməyə başlanıb, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub”, - deyə Hüseyn Quliyev bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyət və dinlərin kəsişdiyi məkanda yerləşib. Bunun nəticəsidir ki, ölkəmizdə tolerantlıq və multikultural dəyərlər həmişə ön planda olub. 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə, vətəndaş müharibəsinin qarşısı alınıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini vurğulayan səfir 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən də danışıb. Vurğulanıb ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilib.
Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb.
Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim edilib, ölkəmizin qazandığı nailiyyətlər, turizm imkanları, tarixi abidələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd