Keşiş Baqrat indi də sərhəddə aranı qarışdırır

post-img

Mayın əvvəllərində Tavuş vilayətindən İrəvana yürüş edən, burada mitinqlər ke­çirən, özünü “erməni xalqının xilaskarı” kimi göstərməyə çalışan arxiyepiskop Baqrat Qalstanyan hay-küydən bir şey çıxmadığını görüb yenidən Tavuşa – Ki­rants kəndinə qayıtmaq istəyib. İrəvana yürüşünü şouya çevirən Qalstanyan qayıdışını da teatrallaşdırmaq istəyib. Amma kəndin girişində onun üçün o qə­dər də xoş olmayan sürprizlə qarşılaşıb. Məlum olub ki, Baqratın kəndə daxil olmasına qadağa qoyulib. Ermənistan polisi onu kəndin girişində saxlayaraq, irəliləməsinə imkan verməyib. Kəndin girişinə çox sayda polis qüvvələri yer­ləşdirilib.

Elə orada jurnalistlərə müsahibə verən B.Qalstanyan deyib: “Hətta türk­lər də mənim girişimə (?) mane olmadı­lar. İndi bizə deyirlər ki, kəndə getməyə ixtiyarınız yoxdur. Bundan sonra biz pasportla kəndbəkənd dolaşmalıyıq”. Arxiyepiskop polisin alətə çevrildiyini də qeyd edib: “Bu uşaqların həyatını mənə­vi olaraq, nəyə çevirdiklərini bilmirəm, amma onları bizimlə düşmən etdilər ki, biz gəlib onlarla problem yaşayaq”.

Bu arada Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın baş redakto­ru olduğu “Aykakan jamanak” (“Erməni vaxtı”) qəzeti Kirants kəndində sərhədin demarkasiyası üzrə işlərin artıq yekun­laşmaq üzrə olduğu barədə məlumat yayıb. Məlumata görə, Ermənistan sər­hədçiləri sərhədin demarkasiya olunmuş hissəsində sərhəd nəzarətini həyata keçirəcəklər. Artıq Kirantsda sərhəd dirəkləri quraşdırılıb. Əllərində avtomat, üzlərində maska olan sərhədçilər dirək­lərin yanında dayanırlar. Bu zaman kənd əhalisi kəndin yoluna toplaşıb. Onlar deyiblər ki, sütunlar səhər saatlarında gizli quraşdırılıb. Kəndlilərə, eləcə də kənar təxribatçılara yaxınlaşmağa icazə verilməyib. Jurnalistlər xəbər verirlər ki, dirəklərin quraşdırılması zamanı yaşlı erməni sakinlərdən birinin vəziyyəti pis­ləşib. Bunun səbəbi onun evinin Azər­baycan tərəfə düşməsi ilə bağlıdır. O, tibb məntəqəsinə aparılıb.

Qeyd edilir ki, prosesi həyata ke­çirmək üçün Kirantsa giriş müvəqqəti olaraq, bağlanıb. Girişin bağlanmasının B.Qalstanyanla bu və ya digər şəkildə əlaqəsi yoxdur.

“Hraparak” qəzeti isə yazır ki, Qals­tanyan keçirdiyi aktiv siyasi görüşlərdə son vaxtlar əsasən, dinləyici rolunda olur. O, siyasi qüvvələrin nümayəndələri­nin fikirlərini, təkliflərini və müşahidələri­ni diqqətlə dinləyir, lakin öz planını açıq­lamır. Yeganə istisna impiçment prosesi ilə bağlıdır. Arxiyepiskop siyasi qüvvələr­dən parlamentdə Paşinyana etimadsız­lıq prosesinin başlanmasını xahiş edir. Bəzi deputatlar ehtiyatlı şəkildə Baqratın fikirlərinə maraq göstərirlər. Məsələn, onlar parlamentdə Paşinyana etimadsız­lıq səsverməsi prosesinin başlanmasına hansısa ümidlərin olması, Baqratın ha­kim “Mülki müqavilə” fraksiyasının depu­tatları ilə danışıqlar aparıb-aparmaması, onları “doğru yola döndərməyin” müm­kün olub-olmaması ilə maraqlanırlar.

Xüsusən də mayın 9-da keçirilən mitinq zamanı keşişin tribunadan “Mül­ki müqavilə”nin bir neçə üzvünün adını çəkməsi, onlarla yaxınlığını və bunun da nəticəsinin olduğunu deməsi bu tip sualların meydana çıxmasına rəvac verib. Ancaq o, yenə də susmağa üs­tünlük verir və yeganə ümidin insanla­rın təzyiqi olduğunu vurğulayır. Dünən deputat Geqam Nazaryanın müxalifət dairələrində xoşagəlməz davranışından sonra impiçment proseduru üçün tələb olunan 36 səsin toplanmasının mümkün olub-olmayacağı ilə bağlı artıq şübhələr yaranıb.

Onu da bildirək ki, revanşistlər Ki­rantsda, guya, ərzaq qıtlığının yarandı­ğını iddia edirlər. Onların bu yanaşması ötən il bu vaxtlar Qarabağ iqtisadi rayo­nunun erməni azlığın yaşadığı hissəsi ilə bağlı qaldırdıqları hay-küyə çox bənzə­yir. Hamının yaxşı yadındadır ki, o vaxt rəsmi İrəvan tərəfindən dəstəklənən separatçılar Azərbaycanın, guya, Həkə­ri çayının üzərindəki “Laçın” sərhəd nə­zarət-buraxılış məntəqəsindən gündəlik tələbat mallarını buraxmadığını deyir­dilər. Ancaq Azərbaycan tərəfi bildirirdi ki, onun bir bölgəsinə qida məhsulları başqa ölkədən daşına bilməz. 2023-cü ilin sentyabrında erməni əhalinin gedi­şindən sonra anbarların əsas qida məh­sulları ilə dolu olduğu üzə çıxmışdı.

Bu mənada həmin ssenari indi Ki­rantsda oynanılır. Ermənistan media orqanları indi də bu kənddə çörək və ərzaq qıtlığının yaşandığını bildirirlər. Jurnalist Ani Gevorkyanla söhbətində mağaza işçisi bildirib ki, ərzaq məhsulla­rı daşıyan avtomobillər mağazaya qədər gedə bilməz. “Polisin keçirdiyi əməliyyat nəticəsində Kırantsda ərzaq problemi yaranıb. Kəndə gedə bilməyən tədarük­çülər geri qayıdırlar”, – mağaza işçisi deyib. Güman etmək olar ki, bir müd­dət sonra Ermənistandakı revanşistlər, məsələn sabiq ombudsman Arman Ta­toyan kimiləri “Azərbaycanın yaratdığı vəziyyət üzündən Kirantsda humanitar fəlakət yaşanır, əhali soyqırımına məruz qalır” məzmununda beynəlxalq təşkilat­lara donoslar yazıb göndərəcəklər.

A.Tatoyandan söz düşmüşkən bil­dirək ki, sabiq ombudsman hazırda Ha­yastanda demarkasiya prosesinə qarşı çıxanların önündə gedənlərdəndir. O, dünən “Facebook” səhifəsində yazıb: “Polis Kirantsda vətəndaşların, kənd sa­kinlərinin və peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərin sərbəst gediş-gəlişini məhdudlaşdırmaq üçün özbaşına qə­rarlar qəbul edib. Bəzi polis məntəqələri qanuni əsas olmadan yaradılıb və onlar insanların gediş-gəlişinə şəxsi müla­hizələri əsasında icazə verirlər. Dövlət sərhədinin demarkasiyası deyilən ha­disə heç bir izahat və əsaslandırma ol­madan baş verir, hətta qətnamə layihəsi də yoxdur”.

Göründüyü kimi, Tatoyan yenə öz ampluasındadır. O, əvvəlki fikirlərini tək­rarlamaqla gündəmdə qalmaq istəyir. Ancaq cəmiyyətin böyük əksəriyyəti onu da revanşistlərə aid etdiyindən fikirlərini ciddiyyə almır. Nəticədə ölkədə Tatoya­nın nüfuzu xeyli aşağı düşüb.

“Armenian Report” saytı isə Qərbi Gürcüstandakı etirazçıları dəstəklədiyi halda Ermənistan hakimiyyətinə dəstək verməməkdə ittiham edib. “Dəhşətli səhv: Avropa niyə Ermənistanda de­mokratiyanı dəstəkləmir?” sərlövhəli məqalədə bildirilib ki, Avropa indi Ukray­nanı satdığı kimi, bir vaxtlar Gürcüstana, bu ölkənin demokratik seçiminə xəyanət edib. Qeyd edilib ki, Avropa Rusiyanı 2008-ci ilin avqust müharibəsinə görə adekvat şəkildə qınamadı. Avropa İtti­faqı o vaxt Rusiyaya qarşı sanksiyalar belə tətbiq etməmişdir: “Biz hazırda ABŞ və Aİ-nin Gürcüstandakı etirazçılara dəstəklərini necə bəyan etdiklərini görü­rük. Amma bunun çox gecikmiş reaksi­ya olduğu açıq-aydın görünür. Əvvəllər Rusiyayönlü oliqarx Bidzina İvanişvilinin bu ölkədə hakimiyyəti ələ keçirməsinin qarşısını almaq üçün Gürcüstanın de­mokratik, avropalı seçimini dəstəkləmək lazım idi. Ölkəmizdə baş verənlərlə bağlı da Aİ və ABŞ-yə eyni şeyi demək lazım­dır.

Tamamilə aydındır ki, Rusiya və onun dövlətimizin keçmiş rəhbərləri olan tərəfdarları tarixin təkərini geri çevirmək arzusundadırlar. Onlar bəzi vətəndaşla­rın İrəvan və digər şəhərlərin küçələrinə çıxarılması ilə bağlı bütün bu təxribat­ları maliyyələşdirir və ona informasiya dəstəyi verirlər. Bu təxribatın məqsədi o qədər aydın görünür ki, bu barədə yeni­dən danışmaq belə mənasızdır”.

Saytın yazarı Qalust Qriqoryan belə suallar qoyur: “Bəs biz Aİ-dən dəstək görürükmü? Yox! Avropanın müxtəlif ölkələrindən İrəvana gələn liderlərin, deputatların legitim hakimiyyəti dəstək­lədiyini görürükmü? Yenə də yox! ABŞ Dövlət Departamentinin və ya Fransa Xarici İşlər Nazirliyinin Ermənistandakı hazırkı təxribatçı hərəkətlərin ölkəmizdə demokratiyaya zərbə vurmaq məqsədi daşıdığına dair bəyanatını görürükmü? Cavab yenə də yox! Və bu, onların çox nəticələri çox faciəvi ola biləcək böyük səhvidir”.

Nəhayət, dünən günün sonuna yaxın polisin qadağasına baxmaya­raq, B.Qalstanyan Kirantsa daxil ola bilib. Bu barədə “Milli cəbhə” teleqram kanalı məlumat yayıb. Bundan sonra kənddə vəziyyət gərginləşib. Nəticədə, polis sərt addımlara əl atmaq, etirazçı­ları həbs etmək məcburiyyətində qalıb. Hüquq-mühafizə orqanları onlardan bə­zilərini yerə yıxaraq saxlamağa müvəf­fəq olub və maşınlara mindirərək təcri­dxanaya aparıb.

Bütün bunlar din xadimi adlanan şəxsin əməllərindən əl çəkmədiyini və qarşıdakə günlərdə yenə də qarışıqlıq yaratmaq cəhdlərini davam etdirəcəyini göstərirş. Ancaq Ermənistan hakimiy­yətinin, hüquq-mühafizə orqanlarının geri çəkilməməsi, etirazçıları həbs et­məsi onları pərən-pərən salır, şanslarını azaldır. Nəticədə bir neçə gündən sonra onların olan-qalan tərəfdarının da dağılı­şaraq evlərinə dönəcəkləri ehtimal edilir.

Beynəlxalq Münasibətlərin Təhli­li Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev “XQ”-yə açıqlamasın­da şərhində bildirdi ki, Paşinyan artıq 6 ildir hakimiyyətdədir və ötən dövrdə belə etirazları çox görüb. Onun sözlərinə görə, xüsusilə İkinci Qarabağ müharibə­sindən sonra ona qarşı böyük bir hərəkat formalaşmışdı. Ancaq Nikol onları neyt­rallaşdırmağa nail olub.

C.Vəliyevin fikirncə, bu mənada, ha­zırkı etirazlar Paşinyan iqtidarına ciddi təhdidlər yaratmır: “Paşinyan müharibə­də məğlub olmasına baxmayaraq, istefa vermədi. Ona qarşı 2021-ci ilin fevralın­da hərbçilərin qiyamı baş verdi. Ancaq o da uğursuz oldu. Daha sonra yaranmış siyasi böhran səbəbindən 2021-ci il iyu­nun 20-də keçirilən növbədənkənar par­lament seçkilərində qalib gəldi. Bundan sonra da İrəvan küçələrində dəfələrlə mitinqlər keçirildi. Ancaq onlar heç bir nəticə vermədi. Paşinyan iqtidarını de­virmək üçün, hətta, xaricdən də bəzi müdaxilələr oldu. Onlar da uğursuzluğa düçar oldular”.

Politoloq bildirdi ki, qarşıdakı gün­lərdə, yaxud həftələrdə etiraz aksiyala­rı tədricən yatacaq. Çünki Qalstanyan əhalisinin siyasi baxımdan fəal kəsiminin yaşadığı İrəvandan istədiyi dəstəyi ala bilmədi. Bu səbəbdən o, geri dönərək yenidən tavuşlulardan dəstək almaq istəyir. Görünən odur ki, belə aksiyalar­la Ermənistan və Azərbaycan arasında başlanan və artıq geridönməz şəkil alan demarkasiya prosesini durdurmaq müm­kün olmayacaq.

Səxavət HƏMİD
XQ

Siyasət