(fəlsəfi təhlil)
III məqalə
Mən həmişə xalqıma xidmət etmişəm, bundan sonra da xidmət edəcəyəm.
Heydər ƏLİYEV,
Ümummilli lider
Bundan əvvəlki məqalədə dediyim kimi, siyasiləşmə, siyasi mədəniyyət və siyasi həmrəylik hər bir cəmiyyət üçün insanlarda ölkənin siyasi həyatında dərk olunmuş səviyyədə iştirakına imkan verən keyfiyyətlərə daxildir. Yəni məqsəd vətəndaşların könüllü və şüurlu surətdə cəmiyyət üçün aktual olan və prinsipial siyasi əhəmiyyət kəsb edən proseslərdə mütəşəkkil iştirak mühitinin yaradılması ilə bağlıdır. Burada həlledici rolu konkret ölkə və cəmiyyətin dövlətçilik ənənəsinin özəllikləri ilə müasir uğurlu dövlətçiliyin başlıca məqamları arasında optimal nisbətin tapılması oynayır. Heydər Əliyev o miqyasda lider və dövlət xadimidir ki, Azərbaycan Respublikası üçün məsələnin bu aspektinin çox düzgün həll yolunu müəyyən etdi. Bu məqamı aydın anlamaq üçün problemin fəlsəfi və siyasi-nəzəri səviyyəsinə bir daha qayıtmaq lazım gəlir.
Siyasi savadlılığın 3 komponenti və “rəngli seçici”
Məsələnin mahiyyəti ondan ibarətdir ki, siyasi savadlılıq dünyanın ən inkişaf etmiş ölkələri üçün də olduqca aktualdır. Təcrübə göstərir ki, siyasi savadlılıq zəruri səviyyədə olmayanda həmin ölkələrin cəmiyyətlərində də siyasi anemiya, siyasi abseintizim, “ideoloji miraj” kimi neqativ hallar meydana gəlir və bu da siyasi təbliğatın təşkilinə mənfi təsir göstərir. Bunu “İGİ Global” beynəlxalq akademik nəşriyyatın apardığı araşdırmalardan da görmək mümkündür.
“İGİ Global” 1988-ci ildə ABŞ-ın Herş şəhərində (Pensilvaniya) yaradılmışdır. Fəaliyyət istiqaməti süni intellekt, kompüter texnologiyalarının, informasiya-kommunikasiya texnologiyalarının fonunda dünya üçün aktual olan müxtəlif problemlərin təhlilini aparmaqla bağlıdır. Şirkət Massaçusets Texnoloji İnstitutu, Kembric, Oksford, Harvard, Stenfrod, Sinxua (Çin) universitetləri və Avstraliya Milli Universiteti ilə sıx əməkdaşlıq edir. Onların apardıqları tədqiqatları dərc edir. 2024-cü ilə qədər “İGİ Global” dünyanın 100.000-dən çox aparıcı tədqiqatçısının araşdırmalarını dərc etmişdir. Yəni onun fəaliyyət dairəsi və tədqiqat miqyası bütün dünyanı əhatə edir. Müəlliflər çox tanınmış və araşdırmaları dünyada qəbul edilən şəxslərdir.
“İGİ Global”ın 2019-cu ildə rəsmi saytında siyasi savadlılıqla əlaqəli maraqlı bir araşdırmanın nəticələri təhlil edilmişdir. Həmin tədqiqat Stenford Universiteti tərəfindən 2016-cı ildə aparılmışdır. O araşdırmada göstərilir ki, 2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı aparıcı namizədlər haqqında seçicilər 30 milyon (!) dəfə yanlış informasiyalar (“feyk informasiyalar”) yaymışlar. Siyasi cəhətdən bu faktın düşündürücü tərəfi ondan ibarətdir ki, bu kimi informasiyaların Amerika kimi inkişaf etmiş dövlətdə əlçatanlığı, oxunaqlığı və yayılması son seçkilərdə, demək olar ki, kütləvi hal almışdır. Nəzəriyyəçilər həmin seçici kəsimini “rəngli seçici” adlandırmışlar. Deməli, ABŞ cəmiyyətində yalan informasiyalar üzərində xüsusi seçici qrupu formalaşmışdır ki, onların obrazı “rəngli” adlandırılır. Çünki məqsəd cəmiyyətdə siyasi qeyri-müəyyənlik, əsassız radikal dəyişiklik yaratmaqdan ibarətdir (bu faktın fonunda “rəngli inqilablar”ın əsl siyasi məqsədi haqqında düşünək). “Rəngli seçici” yalnız bunlarla məhdudlaşmır – onun sosial-siyasi və mənəvi-əxlaqi, ideoloji, mədəni “kökü” daha geniş və düşündürücü faktorlarla əlaqəlidir. Alimlər də problemin bu tərəfindən ehtiyat edirlər.
Bu ehtiyatlılığın mərkəzində “rəngli seçici”nin həm də “millenial” olması dayanır. İndi milleniallıq bütün cəmiyyətlər üçün siyasi və mədəni-mənəvi aspektlərdə olduqca aktual problemdir. Onun üzərində ayrıca dayanmaq gərəkdir. Öncə, yuxarıda vurğulanan özəlliklər prizmasında “İGİ Global”ın siyasi savadlılıqla bağlı üç prinsipini qeyd edək. Onlar aşağıdakılardır:
–siyasi savadlı insan həm siyasi struktura, həm də siyasətin milli ilə yanaşı, regional və qlobal təsirinə dərindən nüfuz etməlidir;
–siyasi savadlı insan dövlət və siyasi işlərdə aktiv iştirak etmək üçün lazımi bilik, bacarıq və vərdişə malik olmalıdır;
- milli miqyasda siyasi proseslərdə iştirak etməlidir.
Bu punktları bir qədər sonra təhlil edəcəyik, indi “millenial”lara baxaq.
“Millenial” gənc seçici
“Millenial” termini “Millenium” sözündəndir. Millenium “minillik” deməkdir. Müasir dünyada “Millenium” termini ilə minilliklərin kəsişməsində həm yeni minilliyin başlamasını, həm də onun öncəkilərdən fərqli olduğunu ifadə edirlər.
Bu anlayışın demoqrafik aspektdə anlamı 1981–1996-cı illər arasında doğulan insanlarla bağlıdır. Göründüyü kimi, onlar, demək olar ki, gənc nəsli təşkil edirlər. Termini ilk dəfə 1987-ci ildə yazıçılar Uilyam Ştraus və Hil Hou işlətmişlər. Bununla onlar məktəbi 2000-ci ildə, yəni yeni minilliyin astanasında bitirənləri ifadə etmişlər. Həmin nəsil insanlar məktəbi bitirəndən sonra faktiki olaraq real müstəqil həyata atılacaqdılar. Məsələnin də siyasi-ideoloji və mənəvi-mədəni aspektlərdə əhəmiyyətli tərəfi bununla bağlıdır.
Konkret olaraq, hələ keçən əsrin 80-90-cı illərində yeni nəsil insanların hansı mənəvi-etik və siyasi-mədəni keyfiyyətlərə malik olacaqları aktual şəkildə qarşıda dayanmışdı. Lakin bu məqamı hər siyasi lider görə bilmədi. Bu görməməzliyin əlamətləri hansılardır? Bunun üçün gənc millenialın bir sıra psixoloji özəlliklərinə və sosiallaşma mexanizmlərinə baxaq.
İndi onların təqribən 18-45 yaşları vardır. Cəmiyyətlərdə, xüsusilə, Qərb cəmiyyətlərində gənc təbəqənin əksəriyyətini təşkil edirlər. Bu da millenialların ictimai rəyə ciddi təsir edə biləcəyini göstərir. Bundan başqa, onların həyat idealları və təbliğat istiqamətləri, dəyərləri seçmə meyarları öncəki nəsillərdən ciddi fərqlənir. Milleniallar daim oxuyarlar, yenidən oxuyarlar, adaptasiya olarlar, peşələrini dəyişərlər. Onlar üçün Vətən anlayışı arxa plandadır. Dünyanı vətən sayarlar. Lakin psixoloji, mədəni və peşə tərkiblərinə görə fərqlidirlər. Onlarla ümumi dil tapmaq asan deyildir. Onlar üçün vergi ödəmək yüksək dəyərdir. Məsələnin mənəvi və siyasi tərəfi elə də maraqlı deyildir.
Millenial bu günlə yaşayır. Uzunmüddətli plan qurmur. Skeptikdir, praqmatikdir, fərdiyyətçidir. Qeyri-sabit özünüqiymətləndirməsi vardır. Özündənrazılıq sindromu vardır. Yalnız yaxın dairələrlə ünsiyyət qurmağa çalışır. Başqaları ilə məsafə saxlayır. Bu da onların sosiallaşmasını öncəki nəsillərdən fərqləndirir ki, siyasi və mədəni proseslərə fərqli baxır. Buna görə də cəmiyyət səviyyəsində baş verənləri adekvat qiymətləndirməyə və onlara ümumtoplum mövqeyindən baxmağa çətinlik çəkir. Buna baxmayaraq, hamıdan üstün olmağa can atır. Onlar üçün şəxsi karyera və maddi təminat yüksək dəyərlərdir. Ailə həyatını da karyera və reklam kontekstində qururlar. Karyera və şəxsi sağlamlıq (“indi dəb olan “özünə yaxşı bax” deyimini xatırlayın) ön plandadır. Əksini düşünmürlər belə.
Heç kəsə inanmazlar. Çağırışlara şübhə ilə baxarlar (xüsusilə, dövlət və cəmiyyət həyatı ilə bağlı çağırışlara). Daha çox səthi təəssürat aludəçiləridir – daimi dəyərləri sevməzlər. Gözəl zahiri həyatı qəbul edirlər. Buna görə də daim seçim etməkdə çətinlik çəkərlər – hər şey onlar üçün dəyişkən olduğundan nəyi seçməyin daha yaxşı olduğunu müəyyən edə bilmirlər. Həmin səbəbdən də böyük siyasətdən qorxarlar. Toplumun ümumi problemlərindən kənarda qalmağa çalışarlar. Onlar selfini sevərlər, həm də məşhurlara oxşamağa da üstünlük verərlər. Avtoritetləri inkar edərlər.
Millenialların sosial, psixoloji və siyasi xarakteristikalarının siyahısını uzatmaq da olardı. Lakin vurğulananlar da bizi maraqlandıran problem baxımından ümumi mənzərəni yaradır. Məsələ ondan ibarətdir ki, bu tip insanlar həm gənc, həm də sosial sferada, informasiya bölüşümündə çox fəaldırlar. Bu üsulla ümumi ictimai rəyə təsir edə bilirlər. Onları obrazlı şəkildə həm də “rəqəmsal səyyahlar” adlandırmaq olar.
“Rəqəmsal səyyahlar”
Rəqəmsal texnologiyalar şəraitində bu növ insanlar daimiliyi sevmədiklərindən ideoloji, siyasi, vətən, dövlət və cəmiyyət aspektlərində də dayanıqlı və davamlı mövqeni qəbul etmirlər. Onlar üçün Qərbdə yaranmış “posthəqiqət” daha önəmlidir. Yəni toplum və dövlətin baxışları prizmasında həqiqi sayılan faktlar deyil, şəxsi maraqlara xidmət edən və dəyişkən məzmunlu informasiyalar–feyklər maraqlıdır. Bu adamlar kompüterdə dünyanı görürlər və onlara elə gəlir ki, əsl gerçəklik elə kompüterin ekranındadır. ABŞ-dakı son seçkilərdə feyklərin milyonlarla olması səbəbi bu kimi özəlliklərlə bağlıdır. Seçici kompüterdə “rəqəmsal səyahətə” çıxır və informasiyalara həqiqət pəncərəsindən deyil, “rəngli reallıq” kimi yanaşır. Bu səbəbdən istənilən siyasi namizəd onun üçün oyundur, onun haqqında kompüterdə şok yaradan informasiya quraşdırar, lakin bu əməlin ictimai fəsadı vecinə olmaz. Onun üçün yaşadığı cəmiyyətin və vətəndaşı olduğu dövlətin taleyi deyil, “rəqəmsal səyahət”in verdiyi psixoloji təminat mirajı önəmlidir.
Sosial məsuliyyət və siyasi gerçəklik
Onu ifadə edir ki, hələ keçən əsrin 80-90-cı illərindən müdrik elm adamları və siyasi zəkası yüksək olan liderlər cəmiyyətdə baş verən keyfiyyət dəyişikliyini aydın görür və onu proqnozlaşdırırdılar. Onlar hiss etmişdilər ki, yeni nəsil insanlar başqa siyasi texnologiyaları qəbul edəcəklər. Onlar üçün klassik anlamda vətən, dövlət, milli maraqlar və s. kimi anlayışlar ön sırada olmayacaq. “Rəngli seçici-millenial” cəmiyyətə “rəngli eynəkdən” baxacaq. Milli dövləti saxlamaq üçün çıxış yolu nədən ibarət ola bilərdi?
Burada hər bir cəmiyyət üçün (yuxarıdakı nümunə də göstərir ki, bu qayda ən yüksək inkişaf etmiş dövlətlərə də aiddir) özünü qorumağa və inkişaf etdirməyə şərait yaradan mənəvi, psixoloji, sosial, iqtisadi və siyasi mühit formalaşdırmaq zəruridir. Bu vəzifə sovetlərdən təzəcə xilas olmuş və müstəqilliyini əldə etmiş cəmiyyətlər üçün daha çox aktuallıq kəsb edir. Çünki köhnə aradan çıxmamışdır və yeni formalaşmamışdır. Məhz həmin məqamda əksər postsovet ölkəsi yanlış yolu seçdilər. Onlar yeni liberalizm adı altında faktiki olaraq “rəngli seçici-millenial” yetişdirən siyasi-ideoloji kurs götürdülər. Kənardan olan təsirlər nəticəsində cəmiyyətlər öz daxillərində özlərinə laqeyd, separatçı, fərdiyyətçi, şəxsi istəklərini və marginal davranışlarını əsas tutan nəsil yetişdirdilər. Həmin kəsim psixoloji olaraq demokrat olduqlarını hesab edirdilər, gerçəklikdə isə cəmiyyətə antidemokratik, səbirsiz, ikili standartlarla və “məhəlli psixologiyası” ilə baxan kəsim idi. Bu insanlar seçkidə düzgün və toplumun xeyrinə seçim edə bilməzdilər, çünki zahirən gözəl həyat, karyera, fərdi fərqlilik və s. kimi illüziyaların içində özlərinə xoşbəxt gələcək axtarışında idilər. İndi postsovet məkanı ölkələrinin bir çoxunda bu sindromdan cəmiyyət əziyyət çəkir, xarici dairələr isə məharətlə istifadə edirlər. Bununla sosial məsuliyyətlə siyasi gerçəklik arasında uçurum getdikcə dərinləşir. Azərbaycan istisna oldu. Hansı səbəblərdən?
Heydər Əliyev seçimi: minilliyin uğuru
Bu seçimlə təkcə qürur duymaq kifayət etmir. Onun strateji mənasını və əhəmiyyətini anlamaq çox vacibdir. Çünki söhbət əsrin astanasında Azərbaycan Respublikasının seçdiyi dəyərlər sistemindən, dövlət quruculuğu kursunun mahiyyətindən gedir. Ulu öndər Heydər Əliyev postsovet məkanında yeganə dövlət başçısı və lider oldu ki, həmin ziddiyyətli, şirnikləndirici və bu mənada aldadıcı proseslərin “iç üzünü” gördü və ən düzgün seçimi etdi.
İndi aydın olur ki, Ümummilli lider “rəngli seçici-milleniallar”ın formalaşması ehtimalını istisna etməmişdir. Əksinə, bu məqamı məharətlə nəzərə alaraq ön plana gənclərin milli, mənəvi, əxlaqi və siyasi-ideoloji tərbiyəsi məsələsini çıxarmışdır. Heydər Əliyev Azərbaycan cəmiyyətinin demoqrafik passionarlığını diqqətdə saxlayaraq gənclərin toplumda aparıcı rol oynayacağını dəqiq proqnozlaşdırmışdı – “gənclər bizim gələcəyimizdir!”
Deməli, kim azərbaycanlı gənclərin beyninə və qəlbinə hakim olacaqdısa, Azərbaycan da onun olacaqdır! Heydər Əliyev Azərbaycan Respublikasının Azərbaycan xalqının olması üçün xüsusi dövlət quruculuğu konsepsiyasını müəyyən etdi. Burada gənclərin təhsili və siyasi savadı ön planda idi.
Təcrübə göstərir ki, Ulu öndər dahiyanə düzgün yol seçmişdir. Keçən müddətdə Azərbaycan cəmiyyəti “rəngli inqilablara” uymayan və “rəngli seçici-milleniumlara” meydan verməyən gənclər yetişdirə bilmişdir. Onların böyük əksəriyyəti indi YAP-ın əsas aparıcı hissəsini təşkil edir. Məhz bu cür gənclərin dəstəyi ilə Prezident dövləti və cəmiyyəti yeni-yeni uğurlara aparmaqdadır. Kənardan olan heç bir “rəngli təsir” Azərbaycanda ayaq tutub kök sala bilmədi. Bu prosesdə yuxarıda vurğuladığımız siyasi anemiya, siyasi abseintizm və ideoloji qeyri-müəyyənlik meydana gəlmədi. Bu səbəbdən, Azərbaycan Avrasiyada milli ideyanı tam reallaşdıran ölkə oldu! Bu tezis yuxarıda vurğuladığımız siyasi savadlılığın üç prinsipi fonunda olduqca maraqlı görünür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru