Tarix öyrədir ki, cəmiyyətin inkişafında şəxsiyyətlərin rolu danılmazdır. Amerikanın tarixini Corc Vaşinqtonsuz, Fransanı Şarl de Qollsuz, Almaniyanı Konrad Adenauersiz, Türkiyəni Mustafa Kamal Atatürksüz dərk etmək real görünmədiyi kimi, Azərbaycan tarixini də Heydər Əliyevsiz təsəvvürə gətirmək mümkün deyil. Həmin şəxsiyyətlər öz ölkələrinin ən kritik dövrlərində bütün ağırlığı çiyinlərinə götürərək vətənlərini xilas etdikləri kimi, Heydər Əliyev də Azərbaycanda həmin missiyanı şərəflə yerinə yetirmişdir. Fərq yalnız ondadır ki, Heydər Əliyev Azərbaycanda iki mərhələdə hakimiyyətdə olaraq əvvəl müstəqillik üçün baza hazırlamış, sonra bu müstəqilliyi qoruyaraq xalqa ərməğan etmişdir.
Hər iki mərhələdə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan beynəlxalq aləmdə daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi tanınmışdır. Heydər Əliyev fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə 1969-cu ildən başlayaraq Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.
Ulu öndərin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açıldı, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılmağa başladı. Qətiyyətlə deyə bilərik ki, ölkənin bugünkü iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin möhkəm təməllər üzərində bərqərar olması və dünya iqtisadiyyatına sürətli inteqrasiyası prosesi 1970–1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Onu da qeyd etmək lazımdır ki, Ümummilli liderin həmin dövr üçün Azərbaycanı gözlənilməyən bir cəsarət və məharətlə idarə etməyə başlaması nəinki Moskvada, hətta Bakının özündə də qısqanclıqla qarşılanırdı. Çünki, yeni dövlət başçısı neçə illərin sükunətini pozdu və onu hərəkətə gətirdi, milləti oyatdı, türk düşüncəsini silkələdi, ictimai əxlaqı tərpətdi… Heydər Əliyev bu vaxta qədər İttifaq miqyasında, demək olar ki, adı çəkilməyən bir ölkəni SSRİ-nin ən qabaqcıl respublikasına çevirdi; on ildən artıq müddətdə Ulu öndərin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi… Halbuki Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdırmaqla kifayətlənmir, mənsub olduğu millət üçün çox böyük işlər görür, strateji planlarını həyata keçirirdi. Həmin planlardan birincisi isə xalqın özünü özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi… Məsələn, onun 1969-cu ilin oktyabr ayında indiki “Xalq qəzeti”nin noyabr ayında isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileylərində Azərbaycan dilində çıxış etməsi, gözlənilmədən müxtəlif müəssisələrə gedib zəhmətkeşlərlə tez-tez görüşməsi, bacarıqlı milli kadrları respublikanın idarə olunmasına cəlb etməsi, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan insanların əməyini vaxtında və layiqincə qiymətləndirməsi və digər yeni yanaşmaları bədxahları qıcıqlandırırdı.
Özünə möhkəm yer eləmiş, gedəni söyüb, gələni öyməklə neytrallaşdıran, həm bizdən, həm də digər millətlərdən ibarət məmurlar birləşərək, müxtəlif yollara əl atdılar, gah yaltaqlandılar, təriflədilər, gah böhtana əl atdılar, şantaj etməyə cəhd göstərdilər, Moskvaya şikayət etdilər, alınmadı, gördülər ki, bu rəhbər o birindən deyil… Ədalətli Türk hökmdarlarının şanlı ənənələrini davam etdirən Azərbaycan rəhbəri qətiyyətlə öz böyük amallarını həyata keçirirdi. Ulu öndərin rəhbərlik etdiyi respublika və onun paytaxtı Bakıda böyük dəyişikliklər baş verdi, qısa bir müddət ərzində Azərbaycan öz simasını tamamilə dəyişdi. Yeni-yeni zavod və fabriklər açıldı, mikrorayonlar, yaşayış massivləri salındı. Elmə, təhsilə, incəsənətə, ədəbiyyata, mədəniyyətə göstərilən qayğı və diqqət milli intibaha meydan açdı. Çox keçmədi ki, Heydər Əliyevin Azərbaycanda gördüyü bu işlərin sorağı respublikanın sərhədlərini aşıb keçdi, bütün Sovet İttifaqına yayıldı. İctimai-siyasi həyatın və iqtisadiyyatın bütün sahələrində qazanılan yüksək nailiyyətlərə görə ölkəmiz dalbadal keçici bayraqlara layiq görüldü. Azərbaycan Respublikası aqrar məmləkətdən yüksək inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Təbii ki, belə nəhəng işlərin görülməsi asan məsələ deyildi. Bu böyük və mühüm işləri görmək üçün ittifaqda böyük nüfuz sahibi olmaq, Azərbaycanın müstəsna rolunu önə çəkmək lazım idi və bunu da yalnız Heydər Əliyev kimi bir şəxsiyyət edə bilərdi. Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaldıldı. Nəriman Nərimanova, İmadəddin Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Molla Pənah Vaqifə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya və digərlərinə qoyulmuş möhtəşəm heykəl və abidələr ulu öndərin tarixi yadigarlarıdır.
Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982–1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, mövcud təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində keçmiş SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda Sovet İttifaqını idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdi. Belə bir ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi.
Ancaq xalqımıza qarşı məkrli planlar həyata keçirməyə çalışan, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq istəyən qara qüvvələr qarşısında qüdrətli maneə, keçilməz sədd olan böyük azərbaycanlını qəbul edə bilməyən erməni millətçiləri hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan Qorbaçovun əli ilə öz fitnəkar niyyətlərinə nail ola bildilər: xalqımızın dahi oğlu SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Bu, əslində, bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbələrdən biri idi.
Təsadüfi deyil ki, bundan dərhal sonra Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum olaraq böyük itkilərə məruz qaldı, Şuşa, Laçın, Kəlbəcər, Xocalı kimi əzəli torpaqlarımız işğal edildi. Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu nümayəndəsinə kimi deportasiya edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün yaratdığı problemlər, siyasi hərc-mərclik, vətəndaş müharibəsi və etnik toqquşmalar ölkəni sürətlə uçuruma sürükləyirdi. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın, başsız qalan xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi.
Müdrik xalqımız, o zaman yeganə düzgün qərar qəbul etdi – bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi tarixdən silmək planları puça çıxdı.
Azərbaycanın müasir intibahının memarı olan Heydər Əliyev bugünkü ictimai düşüncənin birmənalı qəbul etdiyi aydın həqiqətdir. Ona görə ki, Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir.
Taleyim elə gətirmişdir ki, dünyanın bir çox tanınmış insanları ilə görüşmüşəm. Bunların arasında böyük siyasətçilər, görkəmli dövlət xadimləri, elm və mədəniyyət korifeyləri də olmuşdur. Ancaq səmimiyyətlə demək istəyirəm ki, onlardan heç biri Heydər Əliyev qədər əzəmətli və möhtəşəm, zəhmli və mehriban, sirayətedici və müdrik, analitik təfəkkürlü və fenomenal yaddaşlı, vətənpərvər və qətiyyətli, iradəli və cəsarətli olmamışdır. Çox xoşbəxt insanam ki, bu tarixi şəxsiyyətlə eyni dövrdə yaşamaq, onun rəhbərliyi altında işləmək, onunla dəfələrlə ünsiyyətdə olmaq mənə nəsib olmuşdur. Görüşlərimin sayı qədər xatirəm vardır, bu xatirələri ümumiləşdirən bir cəhəti xüsusi vurğulamaq istəyirəm ki, onunla hər görüşdə mütləq yeni nə isə öyrənirdim, sanki hər dəfə ustad dərsi alırdım. Maraqlı və unudulmaz xatirələrim çox olsa da, burada yalnız biri haqda danışacağam.
Mənim üçün 1998-ci ilin 1 sentyabrı çox gərgin başlamışdı. Səhər tezdən bir neçə məktəbdə ilk zəng mərasimində iştirak və çıxış etmişdim. Avqustun 31-də 70-ci illərdə SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilən gənclərlə Heydər Əliyevin möhtəşəm bir görüşü keçirilmişdi. Tədris ilinin başlanması ilə əlaqədar məktəblərdə müxtəlif problemlər yaranmışdı, bunlar müzakirə edilməli, həll yolları tapılmalıydı. Rayonlara getməyim, bəzi yeni məktəblərin açılış mərasimində iştirak etməyim də qalırdı. Bütün bunlar Ulu öndərin tövsiyəsi ilə sentyabrın 25-nə planlaşdırdığımız müstəqil Azərbaycanın müəllimlərinin I qurultayının “vahiməsini” heç də azaltmırdı. Cəmi 25 günlük fasilə ilə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayında) ikinci belə tədbiri təşkil etməli idim. Müəllimlərin qurultayı öz həcminə və miqyasına görə görə daha böyük məsuliyyət tələb edirdi, yalnız Azərbaycan məktəblərindən 2036 nəfər nümayəndə gözlənilirdi.
Doğrusu, əsas məsələlərdən biri məruzəmlə bağlı idi, axırıncı dəfə müəllimlərin qurultayı 1987-ci ildə keçirilmişdi, ondan sonra çox böyük hadisələr baş vermiş, ölkəmiz müstəqillik əldə etmiş, Təhsil Nazirliyinin adı və naziri bir neçə dəfə dəyişmişdi. Mən yeni nazir kimi 2500-ə yaxın insanın qarşısında hesabat verəcəkdim. Üstəlik, bu tədbirdə ölkə başçısının da iştirakı gözlənilirdi. Heydər Əliyevin sınayıcı baxışları, hər incə detalı müşahidə edən həssas diqqəti, dinlədiklərini az qala əzbər yadda saxlamağa qadir fenomenal yaddaşı məni həyəcanlandırırdı. Məruzəyə çox ciddi hazırlaşmalıydım. Ancaq vaxt az idi. Hər gün onlarca tədbir, iclas, açılış, daha nələr acgözlüklə mənim vaxtımı “xərcləyirdi”. Üstəlik, qurultaya hazırlıqla əlaqədar qarşıya çıxan irili-xırdalı problemlər, artıq qeyd etdiyim proseslər bütün günümü əlimdən alırdı.
Qurultayın keçirilməsini nazirliyin genişləndilmiş kollegiya iclasında müzakirə edərkən mənin təklifimlə bura respublikanın ən tanınmış müəllimləri, ağsaqqal və ağbirçək pedaqoqları da dəvət edilmişdi. Məqsədim həyatını gənc nəslin yetişməsinə həsr etmiş bu fədakar insanlara qurultay ərəfəsində görülən işlərlə bağlı hesabat vermək, həm də onların təklif və arzularını dinləmək idi. Bizi ruhlandıran, necə deyərlər, yorğunluğumuzu çıxaran xoş sözlər çox deyildi. Ancaq birdən ağsaqqallardan biri mənə sual verdi ki, “Ay Misir müəllim, necə olur ki, Xalq şairi fəxri adı var, Xalq rəssamı var, hətta Xalq artisti də var, ancaq Xalq müəllimi adı yoxdur? Siz bir nazir kimi bu məsələni elə bu qurultayda qaldırmalısınız!” Bir başqa hörmətli ağsaqqal əlini qaldırıb söz istədi və təklifi ilə məsələni bir qədər də qəlizləşdirdi: ”Misir müəllim, mən təklif edirəm ki, bu qurultayda təsis etdiyimiz Xalq müəllimi Fəxri adının ilk diplomunu möhtərəm Prezidentimiz cənab Heydər Əliyevə təqdim edək!” Vəziyyət dəyişdi, hamı əl qaldırıb söz istədi və onlar da bir ağızdan, bir qədər də “bəzək-düzəkli” şəkildə eyni təklifi dəstəklədiklərini dedilər. Hətta bəziləri təklif etdi ki, bu, kənd məktəblərində işləyən müəllimlərin də arzusudur, biz deyək, onlar da qurultaya bu barədə müraciət göndərsinlər.
Nə isə, vəziyyət xeyli ciddiləşdi. Mən belə bir siyasi təklifə etiraz edə bilməzdim, digər tərəfdən özüm də deyilən fikirlərlə razı idim ki, Heydər Əliyevin təhsillə bağlı, müəllimlərə münasibətlə əlaqədar çox nəhəng və əvəzsiz xidmətləri vardır. Çıxış edən müəllimlərdən birinin dediyi kimi, əgər biz 50 nəfər, 100 nəfərə nə isə öyrədiriksə, bu insan milyonlarla həmvətənimizin, böyük bir xalqın müəllimidir, ona belə ad halaldır. Bunlar hamısı çox gözəl fikirlər idi, ancaq müəllimlər danışarkən mən başqa bir məsələ haqqında düşünürdüm. Bir az əvvəl Azərbaycan Elmlər Akademiyasında elmin inkişafındakı xidmətlərinə görə Heydər Əliyevə “Fəxri akademik” adını vermək istəmişdilər, o isə qətiyyətlə imtina etmişdi. O illər bir qədər qarışıq dövr idi. Bilmək olmurdu ki, kim səmimiyyətlə nəzakət göstərir, kim yaltaqlıqla məşğul olur, kim dövlətçiliyə sədaqətlə xidmət edir, kim gözə kül üfürür.
Özünü müxtəlif təsirlərdən qoruyan Ulu öndər də belə təltifləri biryolluq qəbul etmirdi. Eşitmişdim ki, Memarlar İttifaqında da şəhərin arxitetkturasının dəyişməsindəki roluna görə ona “Xalq memarı” adını vermək istəmişdilər, o isə etiraz etmişdi. İndi müəllimlərin bu odlu-alovlu çıxışları mənim vəziyyətimi anbaan çətinləşdirirdi. Mən etiraz ediləcəyini bilə-bilə bunu ona necə deyəcəkdim? Deməzdi ki, sən görmədin mən akademiyaya, o biri təşkilatlara etiraz elədim, gəlmisən ki, “Xalq müəllimi” veririk? Ona nə deyəcəkdim? Bəs müəllimlərə nə deyim? Onlara deyə bilmərəm ki, siz düz danışmırsınız, yaxud mən bunu Prezidentə deyə bilmərəm. Deməzdilərmi ki, bu da bizim nazirimiz, bircə xahişimizi çatdıra bilmir? Onlar nə bilsinlər ki, vəziyyət necədir...
Ürəyimdə qərara aldım ki, Prezident Aparatında (indiki Prezident Administrasiyası) müvafiq şəxslərdən xahiş edərəm, onlar deyər. Ancaq onlara bu xəbəri deyəndə reaksiyalarından hiss etdim ki, məsələ mənim düşündüyümdən də qəlizdir. Heydər Əliyev təltif, təbrik, fəxri ad-filan heç birinin haqqında bir kəlmə söz də eşitmək istəmir. Bəs mən nə edəcəyəm? Bir yandan da bu xəbəri eşidən müəllimlər üst-üstdən nazirliyə, mənim adıma, qurultayıln ünvanına məktublar, teleqramlar göndərirlər ki, bəs Heydər Əliyevə “Xalq müəllimi” Fəxri adı verilsin. Məktəb direktorları iclas keçirib iclasların qərarı kimi, ayrı-ayrı tanınmış müəllimlər şəxsi xahişi kimi, müxtəlif kəndlərdən, rayonlardan dəstə-dəstə məktublar göndərirlər. Onlara göstəriş də verə bilmirik ki, saxlayın bu məktubları. O saat deyəcəklər ki, siyasi səhv edirsən. İndi qurultaya hazırlıq qalıb bir tərəfə, qonaqların siyahısı, mənim məruzəm, sarayda təhsil sərgisinin təşkili qalıb kölgədə, bu məsələ olub ən aktual problem. Ərkim çatan adamlardan kimə deyirəmsə də, heç kəs boynuna götürmürdü.
Ancaq istəsək də, istəməsək də 1998-ci ilin 25 sentyabr gəlib çatdı, həmin gecəni yatmayıb səhərə qədər düşündüyüm bircə məsələ var idi – bu nə çıxışım idi, nə sərgi, nə də başqa bir şey. Səhərə qədər götür-qoy etdim ki, “Xalq müəllimi” diplomu da hazırdır, camaat hamılıqla köklənib ki, bu mükafatı təqdim etsin, bəs necə olacaq, indiyədək bu barədə cənab Prezidentə bir kəlmə söz deyən də olmayıb. Birdən biz təqdim etmək istədik, o da camaatın içində qayıtdı ki, cənab nazir, belə işiniz var idisə, mənə əvvəldən niyə deməmisiniz? Və yaxud da adı almaqdan imtina elədi? Bütün müəllimlər səbirsizliklə bu anı gözləyir, qurultayda iştirak edənlər də, etməyənlər də, belə olsa necə olacaq görəsən?
Onsuz da yata bilmirdim, səhər hava açılar-açılmaz yatağımdan qalxıb Respublika Sarayına yollandım. Deyəsən, xadimələrdən də qabaq gəlib çatmışdım, mühafizəçilərdən xahiş etdim, qapını açdılar, girib zala göz gəzdirdim, sonra vestibüldəki sərgiyə baxdım. Dünən də baxmışdım, elə bir problem olmadığını bilirdim. Ancaq “Xalq müəllimi” dərdi mənimlə idi, birtəhər başımı qatıb vaxtın keçməsini gözləməliydim. Vaxt isə getmirdi. Sərgidə bir şəklin xronoloji ardıcıllığı pozduğunu gördüm, onun yerini dəyişdim, sonra bəzi eksponatları bir qədər arxaya sürüşdürdüm (qurultaydan sonra eksponatların ölçüsünə baxanda onları yerindən tərpətməyimə inanmadım, ancaq həmin anda bütün varlığımla “Xalq müəllimi” məsələsini düşündüyümə görə bu ağırlığı hiss etməmişdim). Saata baxdım, hələ yeddiyə qalırdı. Sarayın pəncərələrindən bayırda var-gəl edən bəzi qurultay nümayəndələrini gördüm. Görünür, gecə qatarla gəlib tezdən Bakıya çatanlar idi, vağzaldan birbaşa saraya gəlmişdilər. Onları içəri buraxmırdılar, giriş ancaq 9-dan sonra şəxsiyyət vəsiqəsi və dəvətnamə ilə olacaqdı. Ürəyimdən keçdi ki, kaş mən də sadə bir qurultay nümayəndəsi olaydım, içəri buraxmayaydılar, bayırda qalaydım, ancaq bu “Xalq müəllimi” məsələsini həll etmək məcburiyyətində olmayaydım.
Saat 9-a yaxın ağlıma bir ideya gəldi, fikirləşdim ki, Heydər Əliyev müəllimlərə, xüsusən də yaşlı, təcrübəli, tanınmış müəllimlərə böyük hörmət göstərir, xüsusi rəğbətlə yanaşır və onların çoxunu şəxsən tanıyır. Qərara aldım ki, 190 nömrəli məktəbin direktoru Sona xanım Tağıyevaya ağbirçək təhsil işçisi kimi söz verək, qurultayın bu qərarı barədə tribunadan çıxış etsin. Cənab Prezident lap əsəbiləşsə də, Sona xanıma heç nə deməyəcək, təltifi qəbul edəcək. Ondan sonra nə olursa-olsun! Lap məni tənbeh eləsin, işdən çıxarsın, eybi yox, biləcəyəm ki, müəllimlərin arzusunu yerinə yetirib gedirəm. Vəssalam!
Sona xanıma fikrimi deyəndə müəllimə bir az duruxdu: “Ay Misir müəllim, nazir dura-dura bir məktəb direktoru bunu desə necə olar?”, – dedi. Xeyli söhbətdən sonra razılaşdı, nigaran qaldığım bircə Ulu öndərin reaksiyası idi. Görəsən necə olacaqdı?
Nəhayət, alqış sədaları altında zala daxil olduq, Heydər Əliyev lojada oturmaq istəmədi, keçib müəllimlərin arasında əyləşdi. Qurultayın təntənəli açılışı elan edildi, müəllimlər qurultayları tarixində ilk dəfə Azərbaycan müəllimlərinin himni səsləndirildi, xarici ölkələrdən, müxtəlif təşkilatlardan təbriklər oxundu, hesabat məruzəsi üçün söz mənə verildi. Hətta Heydər Əliyevin də bəyəndiyi və bunu fasilə zamanı xüsusi vurğuladığı məruzəmin haradan gəlib hara getdiyini, necə danışdığımı hiss etmədim. Fasilədə bir aya yaxın hazırladığımız sərgiyə baxış da, orada Heydər Əliyevin müəllimləri yaxına buraxmadığına görə mühafizə xidməti rəisini danlamağı da, müəllimlərin onunla şəkil çəkdirməsi və söhbət etməsi də, Ulu öndərin mənə oradaca verdiyi tapşırıqlar da Sona xanımın çıxışını həsrətlə gözləməyimin həyəcanını azalda bilmədi. Axır ki, fasilə bitdi və Sona xanım tribunaya yaxınlaşdı. Sona xanım danışdıqca hamı ona, mən isə oturduğum səhnədən Heydər Əliyevə diqqətlə baxırdım.
Sona Tağıyeva çoxsaylı xahişləri və müəllim peşəsinə xüsusi münasibətini nəzərə alaraq Ulu öndərin “Azərbaycanın Xalq müəllimi” fəxri adı və diplomu ilə təltif edilməsi barədə qurultayın qərarını səsləndirdi. Qərar oxunduqca onun mimikası, üzündəki müsbət reaksiya məni ürəkləndirdi və qərar oxunub bitən kimi yerimdən qalxıb gurultulu alqışlar altında səhnəyə dəvət olunan Heydər Əliyevə həmin diplomu və böyük bir gül dəstəsini təqdim etdim. Elə bil, çiyinlərimdən ağır bir yük götürüldü. Demə, üzbəüzdən Ulu öndər də məni müşahidə edirmiş və bərk həyəcanlandığımı hiss edib. Qurultaydan sonra narahatlığımın bu təltiflə bağlı olduğunu hiss etdiyini dedi və əlavə etdi ki, “Misir müəllim, mənim yaxama Brejnev də, Andropov da orden taxıb, çox mükafatlar almışam, bu ad mənim indiyədək aldığım bütün mükafatlardan yüksəkdir. Müəllim adı mənimçün çox müqəddəsdir, başqa ad deyil ki, imtina edim!”
Bəzən məndən soruşurlar ki, Heydər Əliyevlə işləmək çətin idimi? Bəli, Ulu öndər çox tələbkar idi, bu baxımdan onu qane etmək çətin idi, o, hər işin ən yaxşısını, ən keyfiyyətlisini tələb edirdi, gərək işə onun özü kimi bütün varlığını qoyaydın, başdansovdu, yarımçıq, gözə kül üfürmək üçün görülən işləri o dəqiqə hiss edirdi. Eyni zamanda, ədalətli, müdrik bir rəhbər idi. Doğrudur, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edirdi, xatirindən heç nə çıxmaz, ən xırda detal belə nəzərindən yayınmazdı. Bununla belə, heç kəsin haqqında kiminsə sözü ilə qərar qəbul etməzdi, heç vaxt şəxsi münasibətini milli maraqlardan yüksək tutmazdı, kiminsə şəxsi keyfiyyətləri xoşuna gəlməyə bilərdi, ancaq əgər həmin insan xalq üçün, ölkə üçün fədakarlıq edirdisə, işinə can yandırırdısa, Heydər Əliyev onun bütün günahlarını bağışlayardı. Əlbəttə, onun etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm də böyük şərəf və məsuliyyət idi.
Mən belə hesab edirəm ki, Ulu öndər Heydər Əliyevin Vətən, xalq qarşısında çoxsaylı xidmətlərinin ən böyüyü özündən sonra qurub yaratdıqlarını qoruyan, inkişaf etdirən, açdığı cığırları geniş yollara çevirən, başladığı layihələri uğurla başa çatdıran, ən başlıcası isə ata vəsiyyətini həyata keçirən İlham Əliyev kimi bir lideri yetişdirməsidir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli lider xalqa müraciətində böyük uzaqgörənliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyevin təməlini qoyduğu, strateji kursunu hazırladığı bu çətin, lakin şərəfli yolda böyük uğurlara imza atmışıq. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdən, habelə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməyimizdən Birinci Avropa oyunlarının, “Avrovizion” mahnı müsabiqəsinə yüksəlməyimizə kimi çox nailiyyətlər görmüşük. Bu uğurların zirvə nöqtəsi isə heç şübhəsiz, Vətən müharibəsindəki parlaq Qələbəmizdir. Bu qələbəni əsgər və zabitlərimiz döyüş meydanında, İlham Əliyev həm Ali Baş Komandan kimi, həm Azərbaycan Respublikasının Prezidenti, siyasi lider kimi, həm də ata nəsihətini, vəsiyyətini yerinə yetirən layiqli bir övlad kimi qazanmışdır.
Keçən il sentyabr ayının 19-da başladılan, cəmi 23 saat 41 dəqiqə davam edən lokal antiterror tədbirləri Vətən müharibəsinin uğuruna uğur qatdı, Ağdərə, Xocalı, Xankəndidə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Bütün bunlar Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsidir.
Bu gün Azərbaycanın iqtisadi və hərbi gücü bölgədəki siyasi vəziyyəti, baxışları kökündən dəyişib. Ölkəmizə qarşı daim ikili mövqedə dayanan bir sıra dövlətlər belə artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmaqdan başqa yollarının qalmadığını anlayırlar. Heç şübhəsiz ki, regionumuzdakı yeni siyasi konfiqurasiyanı bütün bölgə dövlətlərinin qəbul etməsindən sonra Fransa kimi uzaqdan hay-küy salanların da sakitləşməkdən başqa çarəsi qalmır. Bütün bunlar müdrik siyasətçi, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Cənubi Qafqazın taleyini dəyişən, onun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsinin əsasını qoyan, gələcək parlaq tarixinin ilk səhifələrini yazan siyasətinin nəticəsidir.
1990-cı illərin əvvəllərində ağır xəbərlərə öyrəşən xalqımız son dövrlərdə bir-birinin ardınca sevindirici xəbərlər almağa vərdiş etmişdir. Belə ki, bir müddət əvvəl Rusiya sülhməramlılarının ərazilərimizdən çıxmasına sevinən xalqımız, bir neçə gün sonra Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması xəbərini də böyük sevinclə qarşıladı. 44 günlük Vətən müharibəsindən sonra yaratdığımız yeni reallıq işğal altında qalmış ərazilərimizi güllə atılmadan, silah işləmədən azad olunmasına yol açdı. Bu proses Laçın, Kəlbəcər və Ağdam rayonlarının azad olunması ilə başlandı və bu gün də Qazaxın 4 kəndinin azad olunması ilə davam edir. Bu, həm də Azərbaycan – Ermənistan dövlət sərhədinin delimitasiya prosesinin başlanması mərhələsidir. Bundan sonra digər sərhəd ərazilərinin mərhələli şəkildə delimitasiyası aparılacaq və Ermənistan tərəfində qalmış digər kəndlərin azad olunması məsələsi də müzakirə ediləcək. Biz delimitasiya prosesinə Azərbaycanın təkzibedilməz şərtləri və tələbi ilə davam edərək, sülhə daha da yaxınlaşırıq.
Biz inanırıq ki, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana quru yolla gedəcəyimiz, Qərbi Azərbaycanda narahat uyuyan babalarımızın məzarlarını ziyarət edəcəyimiz günləri də görəcəyik. Heydər Əliyev ideyaları və onun yolunu uğurla davam etdirən dövlət başçımızın siyasi kursu Azərbaycana ancaq qələbələr, inkişaf və sülh gətirir.
Misir MƏRDANOV,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor