Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərinin Heydər Əliyevin adını daşıyan küçəsində ağacəkmə aksiyası keçirilib.
Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diaspor fəallarının və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən aksiyada səfir Eldar Səlimov Ümummilli liderin həyatı və fəaliyyətindən bəhs edib.
Səfir qonaqların diqqətini Ulu öndərin dövlətimizin və xalqımızın istər SSRİ dönəmində, istərsə də müasir tarixindəki roluna yönəldərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan bugünkü Azərbaycanın məhz Ümummilli liderin mirası olduğunu vurğulayıb.
Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit və rayonlar Baş İdarəsinin rəisi Zaid Al Saada və Yeni Bədr rayonunun baş arxitektoru Yahya əl-Hasanat çıxış edərək, iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirib və ağacəkmə aksiyasının keçirilməsini yüksək qiymətləndirib.
Sonra tədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib.
XQ