Ərdoğan Ermənistana “fürsət pəncərəsi” açıb

post-img

Yaxud Türkiyə lideri İrəvana hansı xəbərdarlığı çatdırdı?

Hər il olduğu kimi, 2024-cü ilin bu günündə də dünya erməniləri qondarma “erməni soyqırımı”nın növbəti ildönümünü qeyd edirlər. Əlbəttə, əvvəlki aktivlikdən əsər-əlamət yoxdur. Hər bir halda, bu ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana ünvanlanmış mesajları maraq doğurmaya bilməz. Cənab Ərdoğan nələrdən söz açıb, məlumat verəcəyik. Hələlik isə bəzi məsələlərin üzərində dayanaq. Əlbəttə ki, söhbət qondarma “soyqırımı” iddiası ilə bağlı diqqətçəkən nüanslardan gedir. 

Məlum olduğu kimi, baş nazir Nikol Paşinyan və onun administrasiyasının təmsilçiləri mövzuya bir qədər fərqli ya­naşırlar. Şübhəsiz, bu yanaşma heç də Ermənistan rəhbərliyində yer alanların ürəklərincə deyil. Tam aydındır ki, on­lar məcburiyyət qarşısında qalıblar. Axı Türkiyə ilə normallaşma xətti İrəvan üçün qaçılmazdır. 

Yeri gəlmişkən, mövcud reallıq özünü 44 günlük müharibədən son­ra göstərməyə başlamışdı. Müharibə başa çatar-çatmaz Azərbaycan məğ­lub Ermənistana sülh üçün əl uzatdığı kimi, Ankara da münasibətlərin normal­laşması məsələsində İrəvana eyni jesti etmişdi. Mövcud istiqamətdə konkret addımlar da atılmış, İstanbul–İrəvan hava reysi işə düşmüşdü. Sonrakı mərhələdə Türkiyə–Ermənistan quru sərhədlərinin üçüncü ölkələrin vətən­daşları və diplomatik pasport daşıyan şəxslər üçün açılması ilə bağlı razılıq da əldə edilmişdi. Ümumən, Ankara–İrəvan münasibətləri baxımdan bir sıra konturlar müəyyənləşmişdi ki, bütün bunlar hadisələrin müsbət məcradakı davamının gələcəyinə dair müsbət qə­naət formalaşdırırdı.

Lakin ötən müddətdə Ermənistan rəhbərliyinin kövrək olan normallaş­ma xəttinə sadiq qalmadığını gör­dük. Rəsmi İrəvan Azərbaycana qarşı avantürizmini davam etdirdi ki, bu amil istər-istəməz Ermənistan–Türkiyə nor­mallaşması baxımından qeydə alınan müsbət dinamikanı sıradan çıxardı. Elə hazırkı durum da perspektivə pozitiv yanaşmaq üçün əsas vermir. Hərçənd, Ermənistan hakimiyyətinin yuxarıda haqqında söz açdığımız məcburiyyət amili aktualdır.

Məsələ burasındadır ki, Qərbə inteq­rasiya yolunu tutmuş Ermənistan üçün Türkiyə böyük plasdarmdır. Yəni, İrə­vanın Avropaya doğru istiqaməti qardaş ölkədən keçir. Üstəlik, Paşinyan yaxşı başa düşür ki, anti-Rusiya xəttinin ger­çəkləşdirildiyi bir zamanda Türkiyə ba­zarı İrəvan üçün ciddi dolanışıq mənbə­yidir. Ancaq Ermənistanda duruma ayıq başla münasibət bildirənlər, demək olar ki, çox azdır və onların səslərinin çıxma­ması şəraitində ənənəvi avantüristlərin qara-qışqırıqları eşidilir. İkincilər qon­darma “erməni soyqırımı”nın ildönümü ilə bağlı da ortalığa düşüblər. 

Bir məqam da var: tam aydındır ki, Ermənistanın hakim komandası “soyqı­rımı” iddiasının ildönümü ərəfəsində mövzunu özü gündəmə gətirməkdə­dir. Bu baxımdan ölkə parlamentinin “Vətəndaş sazişi” partiyasından olan deputatı, komissiya sədri Andranik Ko­çaryanın söylədikləri diqqət çəkir. Ko­çaryan “erməni soyqırımı” nəticəsində həyatını itirənlərin ad və soyadlarının müəyyənləşdirilməsinin vacibliyindən söz açıb. Əlbəttə, 44 günlük müharibə­dəki itki sayını açıqlaya bilməyən bir ölkənin 1915-ci ilin statistikasından söz açması qəribə və gülüncdür. 

Ancaq bu qəribəlikdə diskussi­ya məntiqi var. Erməni iqtidarı çalışır ki, qondarma “soyqırımı”nın ilönümü ənənəvi anti-Türkiyə ovqatına kök­lənməsin. A.Koçaryan bunun ən yaxşı yolunu müəyyənləşdirib. O, daxildəki avantüristlərə və revanşist-şovinistlərə mövzu verir. Mövzu Paşinyanı və ko­mandasını tənqid hədəfinə gətirir. Nə­ticə etibarilə isə Ankaraya qarşı qəzəb motivləri səngiyir. Yəni, hazırda rəsmi İrəvanın normallaşma xətti baxımından edəcəyi yalnız budur. 

Ermənistan hakimiyyəti, ən azı, ha­zırkı mərhələdə Qərbə inteqrasiya yolun­dakı Türkiyə probleminin olmamasını istəyir. Çünki Ankaranın Qərb dünyası üçün əhəmiyyətini anlayır. Ona görə təzyiqləri üzərinə almaqla, öz aləmin­də Türkiyəni neytrallaşdırmağa çalışır. Təxminən belə: biz hər şeyi edirik ki, cəmiyyət “erməni soyqırımı” yaddaşın­dan uzaq dayansın. Hətta özümüzü də xərcləyirik. 

***

Məşhur “Moskva göz yaşlarına inan­mır” deyimini hazırkı vəziyyətə uyğun­laşdırsaq, Ankaranın da İrəvanın göz yaşlarına inanmadığını söyləyə bilərik. Əslində, R.T.Ərdoğanın əvvəldən barə­sində danışdığımız açıqlaması da bunun təsdiqidir. Nəzərə alaq ki, Türkiyə lideri Ermənistanı, hər şeydən əvvəl, səmimiy­yət nümayişinə çağırır. Yəni, o, bildir­mək istəyir ki, erməni iqtidarının daxili auditoriyaya hesablanmış mövsümi ge­dişləri qənaətbəxş deyil, daha prinsipial mövqeyin tutulmasına ehtiyac var. Bu mənada Ərdoğanın söylədikləri həm də çağırışdır. 

Bəli, Türkiyə Prezidenti qondarma “erməni soyqırımı”nın növbəti ildönü­mü ərəfəsində Ermənistan hakimiyyətini ölkəsi ilə münasibətlərin normallaşdırıl­ması üçün yol xəritəsi hazırlamağa və mövcud reallıqlara diqqət yetirməyə ça­ğırıb. O, hazırda regionda yeni nizamın qurulduğuna diqqət çəkərək əlavə edib ki, bu nizam şəraitində əsassız xatirələri kənara atmağın vaxtıdır və eyni zaman­da, reallıqlara əsaslanaraq davranma daha məntiqidir. 

Maraqlıdır ki, Prezident Ərdoğan baş nazir N.Paşinyanın hazırda regionda qərarlaşmış olan reallıqları başa düşdü­yünü vurğulayıb. Deyib ki, yeni yol xə­ritələrini fərqli əsasda yaratmaq lazımdır. Ancaq Türkiyə lideri bəzi reallıqlara da diqqət çəkməyi yaddan çıxarmayıb. O reallıqlara ki, rəsmi İrəvan onun qarşı­sında acizdir. Söhbət xaricdəki erməni lobbi və diaspor təşkilatlarının Ermə­nistan rəhbərliyinə təzyiqlərindən gedir. Belədə cənab Ərdoğana yəqin ancaq ümid etmək qalacaq: “Ümid edirəm ki, Ermənistan diasporun onu sürüklədiyi qaranlıqdan xilas olacaq və parlaq gələ­cək üçün yeni başlanğıclar yolunu seçə­cək”.

Ancaq Türkiyə Prezidenti yalnız ça­ğırışlarını səsləndirmir, eyni zamanda, xəbərdarlığını da edir. Aydın məsələdir ki, Ermənistanın anladığı dil elə budur. Xəbərdarlığın mahiyyətində isə Ərdoğa­nın İrəvan üçün “fürsət pəncərəsi” mən­tiqi dayanır. Yəni, o, Ermənistan üçün sözügedən pəncərənin heç də həmişə açıq qalmayacağını vurğulayır və sonda bir daha Paşinyan administrasiyasını ha­zırkı fürsəti dəyərləndirməyə çağırır. 

***

Əlbəttə, Türkiyə Prezidenti açıqla­masında birbaşa “erməni soyqırımı” ifa­dəsini işlətməyib. Ancaq məlumdur ki, onun “əsassız köhnə xatirələr” deyiminin arxasında məhz həmin ifadə dayanır. Ər­doğanın məsələyə üstüörtülü yanaşması bir məqamı da üzə çıxarır. Nəzərə alaq ki, əvvəllər Türkiyə lideri və rəsmilə­ri “erməni soyqırımı” barədə daha açıq mətnlə fikir bildirirdilər. Bu, o demək idi ki, həmin vaxt qondarma iddia An­kara üçün problematik səciyyə daşıyırdı. Hazırda isə belə bir durum yoxdur. Yəni, Ərdoğanın təbirincə desək, yeni nizam şəraitində “erməni soyqırımı” hansısa ciddi əhəmiyyət daşımır və heç bir halda onun Türkiyəyə qarşı təzyiq potensialı yoxdur. Əksinə, məsələnin qabardılma­sından ən böyük ziyan görəcək tərəf Er­mənistandır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət