Hansı “qara daşı” qaldırsan, oradan Fransanın barmağı görünür

post-img

“Qara qitə”də, Asiyada, Qafqazda üzünə qapılar bağlanan Makronun terrora əl atması təəccüblü sayılmamalıdır 

Moskva vialyətinin Krasnoqorsk şəhərində yaşanan dəhşət media dünyasının gündəmindən hələ də düşməyib. 144 ölü, 511 yaralı. Bu, Rusiya İstintaq İdarəsinin “Crocus City Hall”da törədilən terrorun qurbanları ilə bağlı yaydığı son statistikadır. Martın 22-də əlisilahlı dörd nəfər konsert salonundakı tamaşaçılara atəş açıb, amfitatrda yanğın törədiblər. 

Bu terror aktını sifariş verənlərin kimliyi, onların əsl məqsədlərinin nədən ibarət olması ətrafında diskussiya davam edir, ən müxtəlif versiyalar irəli sürülür. Aydın məsələdir ki, beynəlxalq rezonans doğuran belə genişmiqyaslı terror aktını yalnız hansısa radikal qrupun “özfəaliyyəti” kimi dəyərləndirmək sadəlövhlük olardı. 

* * * 

“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir. Fransa prezidenti Emmanuel Makron və Qərbin bir sıra liderləri bu dəhşətli terror aktının sponsorlarıdır”. Bunu Kremlə bağlı sıradan bir siyasətçi deyil, Rusiyanın həm baş naziri, həm də prezidenti olmuş, hazırda Təhlükəsizlik Şurasının rəhbərinin müavini kimi yüksək və strateji vəzifəni icra edən Dmitri Medvedev bəyan edib. Onun Krasnoqorsk terrorunun arxasında rəsmi Parisin, şəxsən dövlət başçısı Emmanuel Makronun və digərlərinin durduğunu açıqlaması qətiyyən təsadüfi sayıla bilməz. Çox güman ki, Medvedev bu barədə vəzifə səlahiyyətlləri çərçivəsində ölkənin müvafiq strukturlarından, İstintaq Komitəsindən və kəşfiyyatdan səhih məlumatlar əldə edib. Əslində yuxarıdakı versiyanın ipucunu elə Fransa xüsusi xidmət orqanları özü vermişdi. Yelisey sarayının iddiasına görə, “terrorun Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında törədilməsi təsadüfi deyil”miş. Altməqsəd dərhal üzə çıxır. Paris bu psevdoversiyanı ortaya atmaqla Azərbaycan və Rusiya arasındakı münasibətlərə zərbə vurmağa, digər tərəfdən isə Rusiya daxilində dini-etnik zəmində qarşıdurma yaratmağa çalışıb. Amma Makron qurduğu tələyə özü düşdü. Rusiya hakimiyyəti Medvedevin dili ilə insanlığa qarşı törədilmiş terrorun arxasında Fransanın dayandığını, bu qanlı cinayətin sponsorunun Emmanuel Makron olduğunu açıqlamaqla, həm də təşkilatçının kimliyini bütün dünyaya bəyan etmiş oldu. 

Yelisey sarayının müvəqqəti kirayəşininin Azərbaycana qarşı məkrli və qərəzli münasibəti heç kimə sirr deyil. Ələlxüsus da son üç il beş ayda geosiyasi reallıq və qüvvələr nisbəti kökündən dəyişmiş Cənubi Qafqaza bayrağını sancmağı xəyal edən Fransa Ermənistanı əlində maşaya çevirərək bölgədə məhz mövcud balansı öz xeyrinə dəyişməyə cəhdlər edir. Parisin bu məqsədə çatmağın “ən asan yolu” kimi Azərbaycan və Rusiya arasında hər hansı gərginliyi yaratmaqda gördüyü məlumdur. Əslində, “Crocus” olayının baş vermə səbəblərini özünəməxsus şəkildə motivləndirməklə, hədəfin məhz Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalının seçilməsini elan etməklə, o, iki qonşu ölkə, strateji tərəfdaşlar arasında münasibətlərə kölgə salmağı hədəfləyib. Yuxarıda qeyd etdiyimiz kimi, çoxkonfessiyalı Rusiyada dini və etnik zəmində çaxnaşma yaratmağa təşəbbüs göstərmək, din amilini önə çıxarmaq kimi məkrli planları işə salmaq Fransanın regionda maraqlarını təmin etməyin üsuludur. Amma, bu, reallaşması heç vaxt mümkün olmayan bir üsuldur. 

* * * 

Ümumiyyətlə, Fransanın “terrorçu dosyesi” olduqca zəngindir. Bu ölkənin ən azı yaxın yüz ildəki tarixində bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu “qara səhifələr” var. Fransa hərbi legionunun keçən yüzillik ərzində “qara qitə”dəki müstəmləkələrində insanlığa qarşı törətdiyi vəhşiliklərin, soyqırımı və qətllərin sayı-hasabı yoxdur. Bu ölkə Afrikada fransız istibdadına, müstəmləkəsinə etiraz edən yerli əhaliyə divan tutmasını, onlara qarşı törətdiyi qırğınları “terrorizmlə mübarizə” kimi qələmə verirdi. Dünyada ən genişmiqyaslı etnik təmizləməni həyata keçirən Fransa utanıb-çəkinmədən Azərbaycanı Qarabağda ermənilərə qarşı etmədiyi əməldə suçlamağa girişib. Fransızların özlərinin Yelisey sarayının ən uğursuz başbiləni saydıqları Emmanuel Makronun bu siyasi avantürasına, sadəcə, sarkazmla cavab vermək lazımdır. Fransanın dünyanın dörd tərəfinə uzanan terror qollarının izləri Suriyadakı “Lafarge” şirkətində, onun maliyyələşdirdiyi İŞİD terror qruplaşmasında, eləcə də YPG/PKK ilə əlaqələrində üzə çıxır.

Fransanın “terror dosyesi” bununla tamamlanmır. Onun qucaq açıb himayə etdiyi, dünyanın ən qansız terror təşkilatı kimi ad çıxarmış ASALA-nın əsas dayaq nöqtələrindən biri Marseldə yerləşir. Avropanın bu “ən kübar” ölkəsinin beynəlxalq terrorizmlə sıx əlaqələri bugünün məsələsi deyil. Suriyadakı bəd əməllərindən söz açdıq. Bu yaxınlarda Türkiyənin TRTWorld telekanalından nümayiş etdirilən sənədli filmdə İstiqbarat tərəfindən Suriyada terrorçulara xidmət göstərən sement zavodunun aşkarlanması və həmin ilan yuvasının darmadağın edilməsi ilə bağlı kadrlar göstərildi. Yəni, planetin qaynar nöqtələrində, münaqişə zonalarında barıt qoxusu gələn hansı qara daş qaldırılsa, oradan Fransa boylanır.   

* * * 

Emmanuel Makronun Ukraynadakı hərbi qarşıdurmada öz xeyrini güddüyü də təzə xəbər deyil. Erməniləri bəd əməllərində alət kimi istifadəyə adətkarda olmuş rəsmi Paris bu müstəvidə də onların “xidmətindən” yararlanmağa qərar verib. Qərb mediası Fransanın Qarabağdan könüllü köçmüş ermənilərindən ibarət legion yaratması və onları ruslara qarşı döyüşmək üçün Ukraynaya göndərməyə hazırlaşdığına dair də maraqlı xəbərlər tirajlanmaqdadır. 

Hər şeydən göründüyü kimi, Paris terror təşkilatları ilə əlaqələrini gizlətmək barədə belə düşünmür. “Qoca qitə”nin evolyusiyaya deyil, geriyə saymağa başlayan bu dövləti özünün korporativ maraqları naminə hər növ cinayəti qəbul etməkdən, hətta terroru təşviqdən belə çəkinmir. Və bütün bunların fonunda dünyaya “demokratiyadan” moizələr oxumağı da “unutmur”.                       

Toxunmağı zəruri saydığımız məqamlardan biri də Parisin Azərbaycanla Ermənistan arasındakı ikitərəfli sülh prosesinin onun maraqları ilə üst-üstə düşməməsindən keçirdiyi narahatçılıqdır. Fransanın məhz bu səbəbdən Ermənistanı sürətlə silahlandırması, separatçıları, daşnak-revanşist qüvvələri bölgədə yeni gərbi qarşıdurmaya qızışdırması da Makron planına daxildir. Deyəsən, onun regiondakı destruktiv niyyətini, sülhə ziyanvericilik missiyasını İrəvan da anlamağa başlayıb. Bu gün şərti sərhəddə baş vermiş olaya Ermənistan hakimiyyətinin reaksiyası bu yöndə müəyyən qənaətə gəlməyə əsaslar verir. Deməli, Ermənistan tərəfi Azərbaycan sərhədçilərinə atəş açmış hərbçilərə qarşı cinayət işi qaldırdı. Yəni, bu, həm də onu göstərir ki, Fransanın iki qonşu ölkə arasında sülh prosesinə müdaxiləsi, fitnə-fəsadı olmadıqda, İrəvan beynəlxalq hüquqa uyğun davranmağı bacarır. Bu, həm də Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi növbəti qələbəsi sayılmalıdır.                                           

Əlbəttə ki, Azərbaycan bu xarakterli hərbi təxribatlara adekvat cavab hüququnu özündə saxlayır. Amma bu dəfə rəsmi Bakı təmkinli davrandı, insidentin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün İrəvana fürsət verdi. Paşinyan iqtidarı səhvini rəsmən etiraf etdi və təxribatçıları cəzalandırdı. Bəli, “Qafqaz evi”nin sakinləri olan ölkələri tet–a–tet qoyduqda, onlar dialoq yolu ilə öz aralarındakı problemləri həll etməyə qadirdilər. Fransa kimi kənar aktorların müdaxiləsi isə bu prosesə yalnız və yalnız ziyan vurur.                                 

Paris bunu artıq birmənalı olaraq qəbul etməlidir: onun Cənubi Qafqaza ayaq açmaq üçün göstərdiyi və bundan sonra göstərəcəyi bütün cəhdləri iflasa uğrayacaq. Elə şərti sərhəddə baş verən insident və onun çözüm yolu bunu əyani şəkildə sübuta yetirdi. 

P.S. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dörd ay bundan əvvəl Karib böhranından sonra Rusiya ilə NATO arasında Üçüncü dünya müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsinin heç vaxt bu qədər  real olmadığını bəyan etmişdi. Arzulamırıq, amma əgər belə bir fəlakət baş verərsə, bunun günahkarının Emmanuel Makron Fransası olacağı şübhəsizdir...

İmran Bədirxanlı

XQ



Siyasət