Yaxud fransız parlamentarinin “ermənipərəst missionerliyindəki” köhnə bayatılar
Məlum olduğu kimi, qatı ermənipərəst mövqeyi ilə seçilən Ann-Lorens Petel İrəvanda idi. Əslində, fransız xanım oranı su yoluna döndərib. Deputatın budəfəki səfərini fərqləndirən cəhət isə Ermənistana yeni vəzifəsində ilk gəlişidir. Sən demə, o, ölkəyə Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri qismində səfər edibmiş. Görünür, Petelin “Armenpress”ə müsahibəsində ermənipərəstliyin rəngini daha da tündləşdirməsi bununla bağlıdır. Hər halda, yeni vəzifəsinin “haqqını verməlidir”. Beləliklə, Petel müsahibəsində deyib ki, Fransa Ermənistanın müdafiə qabiliyyətini və suverenliyini gücləndirməlidir. Guya, Parisin mövqeyi İrəvanın “təcavüzkar Azərbaycanla” münasibətlərini balanslaşdırmağa hesablanıb.
Göründüyü kimi, fransız parlamentari ilk cümləsindəcə “qan-qan” deyir. O, sülhdən danışmır, savaş “zəngulələri” vurur. Əslində, bu şəxs rəsmi Parisin qızışdırıcı xəttinə sadiqliyini ortaya qoyur. Petel artıq mövcud olmayan Qarabağ münaqişəsinin həllindən, ölkəsinin mövcud istiqamətdəki fəaliyyətindən və digər məsələlərdən söz açaraq bildirir ki, “Fransa Azərbaycanın Ermənistana qarşı təcavüzünü dayandırmağa, Bakını Qarabağ ermənilərinin geri qayıtmaları, onların təhlükəsizliklərinin və rifah hallarının təminatı üçün müvafiq şərait yaratmağa çağırır”.
Bəli, köhnə havalarda olan xanım Petel Fransa Senatının Azərbaycanla bağlı qətnaməsindən söz açır. Bildirib ki, Qarabağ ermənilərinin geri qayıtma hüququnun təminatı, onların təhlükəsizliyi və rifahı naminə çağırış ruhuna malik sənəd Azərbaycanı öz silahlı qüvvələrini Ermənistan ərazisindən çıxarmağı da tələb edir. Ən əsası isə qətnamədə Bakıya sanksiyaların tətbiqi çağırışı yer alır.
Əlbəttə, sözügedən qətnamənin lakmus kağızından başqa bir şey olmadığı hər kəsə yaxşı məlumdur. Başlıca məqam isə ondadır ki, Patel və onun kimi ermənipərəstlər həmin lakmus kağızlarını ciddi gündəm mövzusu kimi sırıyırlar. Nəticədə rəsmi İrəvan, ümumən xəstə erməni cəmiyyəti illüziya bataqlığındakı yerini bir qədər də möhkəmləndirir. Əlbəttə, buna möhkəmləndirmək demək mümkündürsə.
Fransa-Ermənistan dostluq qrupunun sədrinin ölkəsinin artıq mövcud olmayan, tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin nizamlanmasında rol oynaya biləcəyinə dair fikirləri cəfəng mahiyyət daşıyır. Çünki Qarabağ münaqişəsinin sülhə əsaslanmış həllinin olmadığını gördük. Görəsən, xanım Petel hansı diplomatik yollardan danışır? O deyir ki, Parisin bu istiqamətdəki işləri göz qabağındadır. Mənasız kağız parçalarını qəbul etmək, birtərəfli mövqe tutmaq nə zamandan diplomatik məharət sayılıb? Söhbət Fransanın səylərinin göz qabağında olduğundan gedirsə, mövcud xüsusda ortada yalnız bir reallıq var – Paris İrəvanı silahlandırır və onu Bakı ilə yeni hərbi münaqişəyə təhrik edir.
Görünür, fransız deputat Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə sövq etməyi diplomatik yol adlandırır. Xəstə toplumu uçurumun kənarına gətirib onun özünü həmin uçurumdan aşağı atmasına tamaşa etmək məharət yox, qatı mazoxizmdir. Petel İrəvana məhz bu mazoxizmi yaymağa, yaxud onun təsir gücünü artırmağa gəlib. Yəni, normal məqsədi qətiyyən yoxdur. Hələ xanım parlamentari bir qədər də “irəli gedərək” deyir ki, Fransanın istəyi, ilk növbədə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək göstərməkdir və mövcud istiqamətdə üzərinə düşəni gerçəkləşdirir. Deyəsən, o, heç cür yuxudan ayıla bilmir...
Xanım parlamentari müsahibəsində onu da bildirib ki, son aylar, xüsusilə 2023-cü ilin sentyabrından, 2021 və 2022-ci illərdə Ermənistan ərazisində (?) baş vermiş insidentlərdən sonra İrəvanın müdafiə qabiliyyətinin və suverenliyinin gücləndirilməsi baxımından Fransanın görəcəyi işlər getdikcə daha aydın görünür. Bu yerdə Petel mövzunu Rusiyanın üzərinə gətirir. Çünki Bakı – İrəvan münasibətləri kontekstində anti-Rusiya ritorikası kollektiv Qərbin, sanki, qızıl qaydasına çevrilib.
Petel deyir ki, Rusiyanın Ermənistan üçün etibarlı müttəfiq olmadığı artıq hər kəsə məlumdur. Buna görə Fransa Ermənistanın əsas müdafiə tərəfdaşına çevrilib və bu, “təcavüzkar qonşusu” Azərbaycanla daha balanslı münasibət qurmağa imkan verir. Belə çıxır ki, Fransa olmasaydı, indi Azərbaycan Ermənistanı işğal etmişdi. Hər halda Peteldən başqa çox az ermənipərəst belə sərsəm düşüncəyə gələ bilər.
Baş nazir Nikol Paşinyan və komandası mürəkkəb cümlələrlə niyyətlərini ört-basdır etməyə cəhd göstərir. Maraqlıdır ki, xaricdəki ermənipərəstlər belə söz oyununa diqqət yetirmir, həqiqətləri çılpaqlığı ilə ortaya qoyurlar. Fərqinə varmırlar ki, söylədikləri Ermənistan hakimiyyətini, faktiki olaraq, məsuliyyətsiz tərəf kimi göstərir. Məsələn, Petel deyir ki, hazırda çox incə diplomatik oyun gedir. İrəvan Avropaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaq istəyini mütləq nümayiş etdirir. Görəsən, erməni iqtidarında təmsil olunan kimsə belə fikir işlədirmi və ya işlədibmi? Əlbəttə ki, yox! Göründüyü kimi, Petel Paşinyanı və komandasını, bir növ, peşka yerinə qoyur. Deməli, ikincilərin siyasi gediş anlamında nəyi dillərinə gətirmələrinin heç bir önəmi yoxdur. Bu da Fransanın Ermənistan hakimiyyətinə verdiyi fayda…
Faydadan söz düşmüşkən, “Armenpress”in müxbiri xanım Petelə deyir ki, Fransanın Ermənistana istənilən dəstək bəyanatı gərgin vəziyyət yaradır. O, belə bir durumda Parisin hansı önləyici addımlarının olduğunu soruşur. Sual yerindədir. Fransanın Rusiya ilə Ermənistan arasındakı hazırkı xoşagəlməz vəziyyətdə necə mövqe tutmalı olduğuna dair sual da həmçinin. Petel isə cavabında nağıl danışır. Deyir ki, ölkəsi Ermənistanı öz institutlarını gücləndirməkdə, demokratiya yolu ilə irəliləmək istəyini reallaşdırmaqda dəstəkləyir. Ona görə də birinci ikincinin tərəfdaşıdır. Sən demə, İrəvan daha böyük müstəqillik yolunu seçibmiş. Deyəsən, xanım Petel inqilabi romantizmə güc verir. Aydındır ki, belə yanaşma sərt reallıqlar qarşısında tam keçərsizdir. Yəni, Parisin İrəvana sınıq-salxaq döyüş maşınlarından başqa düz-əməlli dəstəyi yoxdur.
Digər tərəfdən, Petelin sualdan yayındığı da aşkardır. Məsələ burasındadır ki, o, Fransanın görəcəyi işləri bir kənara qoyub Rusiya üzərinə köklənməklə məşğuldur. Daha dəqiq desək, Rusiyanı Ermənistanın gözündən salmaqla. Məsələn, Petel Moskvanın Qarabağ məsələsində İrəvanı dəstəkləmədiyinə dair artıq çürüməkdə olan tezisi yenidən gündəmə gətirir. Bəs sonra? Sonra heç nə.
Əslində, Petelin, eləcə də digər ermənipərəstlərin yanaşma tərzləri, arqumentləri Ermənistanın gələcəkdə üzləşəcəyi problemlərə görə məsuliyyəti boyunlarından atmaqdan başqa bir şey deyil. Bir sözlə, Petel saxta romantizmə köklənərək, Paşinyan administrasiyasının, guya hansısa uzaqgörən hədəflərinin olduğu ab-havasını formalaşdırır. Digər yandan isə mənasız fikirləri ilə göstərir ki, ölkəsinin rəsmi İrəvanın siyasi inqilab-çılığa hesablanmış romantizmini qorumaq üçün heç bir gerçək resursu yoxdur. Deməli, günün birində, obrazlı desək, erməni inqilabçısı küçədə aclıqdan ölsə, Fransa yalnız göz yaşları axıtmaqla kifayətlənəcək. Budurmu dəstək?
Digər bir yandan isə belə təəssürat yaranır ki, Petel, əslində, həm də nə dediyinin yaxşı fərqindədir. Baxın, bu xanım parlamentari bildirir ki, Fransa avropalı tərəfdaşlarının diqqətini Ermənistanla bağlı məsələlərə, ölkəyə yardım göstərməyə cəlb etmək istəyir. Deməli, neçə vaxtdır əlləşirlər, ortada real nəticə yoxdur. Fransız parlamentarinin sözlərinə görə, Avropa ölkələri təcavüzkarla mübarizədə Ermənistana kömək göstərməyə borcludurlar. Sual olunur: nə üçün? Avropaya əl boyda Ermənistan lazımdır, yoxsa qışda soyuqdan donmamaq? “Köhnə qitə” hansı səbəbdən erməni avantürizminin yaşadılması naminə qol çırmalamalıdır? Əlbəttə, sual ritorikdir. Çünki heç bir səbəb yoxdur. Bu durumda Fransanın və Qərbin dramatik təqdim edə biləcəyi yalnız bir motiv var ki, o da Rusiyadır. O zaman sual yaranır: kollektiv Qərb Rusiya ilə mübarizənin Ukrayna cəbhəsində hansı uğura nail ola bildi ki, Avropa ictimai rəyi Petel kimi ermənipərəstlərin İrəvanda anti-Rusiya qalası düzəltmək naminə çağırışlarına səs versin?
Əlbəttə, Fransanın istədiyi mümkünsüzdür. Çünki “köhnə qitə” anti-Rusiya təşəbbüsünü anti-Azərbaycan motivləri ilə çulğalaşdırmayacaq. Birincisi, Azərbaycan özü müstəqil xarici siyasət yürüdür, beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edir, ikincisi, ölkəmizin götürdüyü kurs balanslaşdırılmış xarakter daşıyır, bütün dünya yaxşı anlayır ki, rəsmi Bakı yalnız öz maraq və mənafelərini qoruyur, qlobal siyasi oyunlarda alətə çevrilmir. Üçüncüsü, az-çox Fransanı da tanıyanlar var, Ermənistanı da. Bu ikiliyin sırf avantürizmə kökləndiyinin fərqində olanların sayı yetərincədir. Deməli, Petel və onun düşüncəsini bölüşənlərin danışdıqları yalnız cəfəngiyyat olaraq qalacaq. Xanım parlamentari cəfəngiyyatı bəzəməklə erməni təəssübkeşliyini davam etdirmək niyyətindədirsə, buyursun. Necə deyərlər: can onların, cəhənnəm Tanrının!
Ə.RÜSTƏMOV
XQ