Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev ilə görüşüb.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Həmçinin bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyətdən, Azərbaycanın regionda sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.
Bu istiqamətdə aprelin 5-də keçiriləcək Aİ–Ermənistan–ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhvali-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.
XQ