Ermənistan Qərbdən diqtə edilən təxribatçı addımlara getməməlidir

post-img

Ermənistan parlamentinin Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı məhz indiki məqamda ratifikasiya etməsi ölkəmizə qarşı rəsmi İrəvanın növbəti təxribatçı davranışıdır. Ermənistan ölkədəki missiyanı gücləndirməklə, say tərkibini artırmaqla bölgədəki kövrək sülhü təhlükəyə atdığının fərqində olmalıdır. Avropa İttifaqı-Ermənistan əməkdaşlığı bu çərçivədə destruktiv maraqlara xidmət edir və məxsusi olaraq Azərbaycana qarşı yönəlib.

Bu fikirləri XQ-yə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. 

O qeyd edib ki, Ermənistan Qərbdən edilən cəsarətləndirmələrə, təxribatçı addımlara getməməlidir. İndiki dönəmdə Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalayıb sərhədləri müəyyənləşdirməklə ölkəsinə, xalqına daha çox fayda verə bilər, nəinki Aİ-nin qızışdırıcılığı ilə Azərbaycanı, elə həm də Türkiyəni hədəfə almaqla.

Ermənistan bu cür addımlarla Azərbaycanın səbrini yoxlamağa çalışmasın. Ötən 5-6 aylıq müddət ərzində iki dövlət arasında sabitlik və sakitlik hökm sürür. Bir dəfə ermənilər bunu pozamğa cəhd göstərdilər, postlarını başlarına uçurduq. Hesab edirəm ki, bu, onlara dərs olmalıdır. Azərbaycan ordusunun təmkinli münasibəti onları hansısa yanlış addımlara sövq etməməlidir.

Siyasi şərhçi bildirib ki,  aprelin 5-də Aİ-ABŞ-Ermənistan təhlükəsizlik görüşü keçiriləcək. Bu format Bakıya qarşıdır və Azərbaycanı, eləcə də Cənubi Qafqazdakı kövrək sabitliyi hədəfə alıb. Avropa İttifaqının və ABŞ-nin liderləri bu barədə ciddi düşnməlidirlər. Cənubi Qafqazda Azərbaycanı hədəfə alan, bizimlə razılaşdırılmayan istənilən layihə, fəaliyyət məhvə məhkumdur. Bədbəxt və zəif bir ölkə olan Ermənistanla bu cür layihələri gerçəkləşdirmək uğurlu nəticələr verməyəcək, hətta deyərdim, Ermənistan üçün fəlakətli ola bilər.

Azərbaycanı, onun strateji müttəfiqi Türkiyəni, bölgədə ciddi təsir imkanları olan Rusiyanı görməzdən gəlməklə Aİ və ABŞ Cənubi Qafqazda heç bir uğur qazana bilməz. Uğur qazanmaq durumu gərginləşdirməkdən deyil, qarşılıqlı anlaşmadan, dialoqdan, işbirliyindən keçir. Azərbaycan buna hazırdır. Görünən budur ki, Aİ, ABŞ və Ermənistan buna hazır deyil, hətta başqa yol seçiblər.

M.Göyüşlü hesab edir ki, mövcud durum Cənubi Qafqaza yeni təhlükələr gətirə bilər. Azərbaycan tərəfi bu barədə dəfələrlə xəbərdarlıq edib. Hətta Ermənistan o dərəcədə destruktiv fəaliyyət göstərir ki, cənub qonşusu İran belə ondan narazı qalır və sərt xəbərdarlıqlar edilir ki, bölgəyə kənar qüvvələrin gətirilməsi yolverilməzdir. 

Anar ƏLİ

XQ

Siyasət