“Zvartnots” – davakar erməni avantürizminin növbəti ünvanı

post-img

İrəvanın anti-Azərbaycan ritorikası və Qərbin Cənubi Qafqaza havadan soxulmaq cəhdindəki spesifik məqamlar

Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistanın ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yolun “Azərbaycandan –Azərbaycana yol” məntiqi ilə razılaşmamasına, habelə həmin yolda təhlükəsizliyin təminatı ilə bağlı işlərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsinə etiraz etməsinə və bu iki məqamı ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirməsinə münasibət bildirmiş və demişdi: “10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər?”

Məlum olduğu olduğu kimi, Gürcüstan istisna olmaqla, digər sərhədlərində Rusi­ya hərbçilərinin keşik çəkdikləri Ermənis­tanın iqtidarı hava sərhədinə özü nəzarət etmək barədə qərar verib. Söhbət Rusiya sərhədçilərinin “Zvartnots” hava lima­nından çıxarılmasından gedir. O da mə­lumdur ki, məsələni ilk gündəmə gətirən ölkənin təhlükəsizlik şurasının katibi Ar­men Qriqoryan olmuşdu. O, martın 6-da jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ermənistan tərəfi “Zvartnots” hava lima­nından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvan­layıb. Qriqoryanın sözlərinə görə, hava limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəzlənməsi üçün bütün im­kanlar var və hakimiyyətin mövqeyi on­dan ibarətdir ki, orada Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərsin. Həmin vaxt Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın qərarının Kremlə rəsmi şəkildə çatdırılmadığını açıqlamışdı.

***

Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın martın 12-də keçirdiyi mət­buat konfransında söylədiklərindən sonra D.Peskov Rusiyanın sözügedən qərarla əlaqədar təfərrüatlardan xəbərdar oldu­ğunu vurğuladı. Kremlin sözçüsü başqa nələrdən söz açdı, diqqətə çatdıracağıq. Əvvəlcə vurğulayaq ki, erməni baş nazir A.Qriqoryanın fikirlərinə münasibət xüsu­sunda Moskvaya ölkəsinin sərhədçilərinin avqustun 1-dən etibarən "Zvartnots"da müstəqil xidmətə başlayacaqlarının bil­dirildiyini açıqladı. O dedi ki, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxtın hava limanına sərbəst nə­zarəti gerçəkləşdirmək potensialındadır: “Ermənistan Təhlükəsizlik Şurasının ka­tibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm. Lakin müvafiq qu­rumlarımız Rusiyaya rəsmi məktub gön­dərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”, - deyən Pa­şinyanın, öz aləmində, diplomatik davran­dığı, guya, Moskvaya nəzakət göstərdiyi diqqətdən yayınmır. Peskova gəldikdə isə Rusiya Prezidentinin mətbuat katibi məsələ ilə bağlı bunları deyib: “Həqiqətən də bununla bağlı qurumun (Ermənistanın Sərhəd Xidmətinin – red.) məktubu daxil olub və hazırda (hər iki ölkənin – red.) qu­rumların xətti ilə təmaslar həyata keçirilir. İndi bundan əlavə bir şey deyə bilmərəm. Təbii ki, bütün mümkün səviyyələrdə tə­maslar davam edəcək”.

Hiss olunur ki, Kreml Ermənistanın qərarından məmnun deyil. Peskov konk­ret söz demir. Axı məsələ adi sayıla bil­məz. Çünki söhbət Rusiyanın Ermənis­tandakı vacib postunu itirməsindən gedir. Elə isə Moskva tərəfindən hansı addım­lar atıla bilər? Nəzərə alaq ki, "Zvart-nots"da rus sərhədçilərinin mövcudluğu ümumən Ermənistandakı Rusiya hər­bi varlığının ayrılmaz tərkib hissəsidir. Moskva və İrəvan arasındakı 1993-cü il razılaşmasına əsasən, Rusiya Ermənis­tanın quru və hava sərhədlərinə nəzarəti həyata keçirir. Yəni, Ermənistanın Tür­kiyə və İranla sərhədlərinin qorunması Rusiya üçün həm də strateji əhəmiyyət daşıyan məsələdir. Yeri gəlmişkən, bil­dirək ki, Kreml vaxtilə Azərbaycanın da İranla sərhədini qorumaq üçün canfə­şanlıq göstərmiş, lakin istəyinə çatmağı bacarmamışdı... 

Bəli, tam qətiyyətlə demək olar ki, Rusiya üçün "Zvartnots"u itirmək Er­mənistandakı hərbi mövcudluğu əldən verməyin ilk siqnalıdır. Belə olan hal­da, onun necə davranacağı maraqlıdır. Daha doğrusu, Rusiyanın "Zvartnots"­dan çıxmamaq üçün hansı arqumentə söykənəcəyi suallar doğurur. Ümumən, ölkə nəyisə əsas gətirib Ermənistan ha­kimiyyətinin qərarından yan keçə bilər­mi? Əslində, suallar "Zvartnots" məsələ­si”nin tamam fərqli məqamlarını da üzə çıxarır. Bu barədə söz açacağıq. Ancaq hələlik...

1993-cü ildəki Rusiya-Ermənistan sərhəd təhlükəsizliyinin qorunmasına dair müqaviləni xatırlayarkən, əslində, Kremlin bir arqumentini vurğulamış ol­duq. Yəni, Moskvanın konkret sazişə görə, "Zvartnots"dan çıxmağın yolve­rilməzliyini hüquqi cəhətdən əsaslan­dırması mümkündür. Ancaq o zaman hadisələrin axarına hazır olmalıdır. Çün­ki Ermənistanın çox rahatlıqla rus qo­şunlarının ölkənin bütün hüdudlarından çəkilməsini istəməsi mümkündür. Buna qarşılıq Kremlin edəcəyi heç nə yoxdur. Bəs, Rusiya "Zvartnots"dan çıxıb Güm­rüdəki və İranla sərhəddəki hərbi möv­cudluqla kifayətlənə bilərmi? Çox güman ki, ölkənin seçəcəyi yol elə budur. Kreml ziddiyyətləri dərinləşdirmək istəməz. 

Əlbəttə, "Zvartnots" presedent ola bilər. Yəni, N.Paşinyan eyni qaydada deyə bilər ki, erməni hərbçiləri təcrübə toplayıblar, Türkiyə və İranla sərhədləri də özləri qoruya bilərlər. Prosesin buna doğru getdiyi gün kimi aydındır. 

***

İndi isə gələk "Zvartnots" məsələsi”­nin haqqında söz açacağımızı bildirdi­yimiz tam fərqli məqamlarına. Əvvəldə Azərbaycan Prezidentinin fikirlərini tə­sadüfən diqqətə çatdırmadıq. Dövləti­mizin başçısı son dərəcə haqlı məqama toxunmuşdu. Prezident İlham Əliyev yanvarın 10-dakı müsahibəsində 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Naxçıvana yol məsələsindəki 9-cu bən­dinə əməl etməyə çağırış səsləndirmiş, Ermənistana manipulyasiyalarla məşğul olmamağı məsləhət görmüşdü: “Onların Azərbaycanın əsas hissəsindən Naxçı­vana gedən təklif etdiyi marşrut tama­milə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azər­baycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks– təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sər­hədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Bəli, üçtərəfli bəyanatın 9-cu bəndinə məhəl qoymayan rəsmi İrəvan məhz Meğri yolunda Rusiya sərhədçilərinin təhlükəsizlik təminatına qarşı çıxır və durumu özünün ərazi bütövlüyü və təh­lükəsizliyi baxımından yolverilməz sayır. Məhz buna görə dövlətimizin başçısı əv­vəldə diqqətə çatdırdığımız fikirləri səs­ləndirmiş və faktiki olaraq sual vermişdi ki, Ermənistanın, demək olar, bütün sər­hədlərində, o cümlədən, hava limanında rus hərbçiləri keşik çəkirlərsə, nəyə görə eyni məntiq Meğri yoluna tətbiq edil­məməlidir? 

Əlbəttə, sual ritorikdir. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı çıxmaq yolu tutur. O da məlumdur ki, hazırda İrəvanın anti-Azərbaycan köklənişi an­ti-Rusiya ritorikası ilə çulğalaşıb. Elə "Zvartnots" məsələsində də təkcə Mosk­vaya deyil, həm də Bakıya qarşı çıxmaq motivi var. Burada başlıca məqsəd Ru­siyanın Cənubi Qafqazdakı mövcudiyyət çəmbərini daraltmaqdır. Paralel olaraq Qərbi bölgəyə tam şəkildə gətirmək. Yəni, Paşinyan administrasiyası çalışır ki, qlobal miqyasdakı anti-Rusiya oyun­larında yer alaraq, erməni avantürizmini yaşatsın. 

Qeyd edək ki, erməni avantürizmini vaxtilə Rusiya körükləyirdisə, indi eyni missiyanı Qərb reallaşdırmaqdadır. Daha doğrusu, Qərb Rusiyaya qarşı mü­barizədə “erməni kartı”ndan bəhrələn­məyə çalışır. Anti-Rusiya ritorikası ona görə anti-Azərbaycan baxışı ilə birləşib ki, Paşinyan iqtidarı hazırkı Qərbə xid­mət aktivliyini 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri za­manı itirdiyi mövqelərini qaytarmaq, re­vanşizm üçün vasitə kimi görür. İrəvan­da belə düşünürlər ki, əgər Ermənistan Cənubi Qafqazdakı rus varlığını aradan qaldırmağa kömək göstərsə, mükafat qismində Azərbaycandan ərazi qopara biləcək. Əslində, Qərbin bəzi dairələri də belə bir “planın” gerçəkləşməsini istəyir­lər. Ancaq Rusiyanı regiondan çıxartmaq asan məsələ deyil. Elə Azərbaycana qarşı çıxmaq da. Ona görə Ermənistan silahlandırılır. "Zvartnots" məsələsin­də üzərində dayanacağımız sonuncu məqam da elə budur. 

***

Maraqlıdır ki, "Zvartnots" məsələsi­nin gündəmə gəlməsi Hindistan–Ermə­nistan hava məkanının açılmasına dair xəbərlərlə eyni vaxta təsadüf edir. Ermə­nistana silah daşınmasının yeganə yolu məhz budur. Aydındır ki, Türkiyə sərhədi bu məqsəd naminə əsla istifadə edilə bil­məz. Gürcüstan da öz ərazilərindən ge­nişmiqyaslı silah-sursat daşımaları üçün istifadəyə imkan verməyəcək. 44 günlük müharibə dövründə rəsmi Tbilisi özünün hava məkanını da bağlamışdı. İrana gəl­dikdə isə doğrudur, rəsmi Tehranın ölkə­nin hava məkanını sözügedən Hindis­tan–Ermənistan marşrutu üçün açdığına dair fikirlər dolaşmaqdadır. Ancaq İslam respublikasının quru yolla bunu etməsi mümkünsüz görünür. 

Deməli, İrəvanın qarşısında daya­nan başlıca vəzifə hava sərhədinə tam nəzarəti gerçəkləşdirməkdir. Axı fran­sız istehsalı olan Hindistan silahlarının Qərb avantürizminə dəstək məqsədilə İrəvana gətirildiyi bəllidir. Əlbəttə, əv­vəllər də "Zvartnots" vasitəsilə silah da­şımaları həyata keçirilib və proses rus sərhədçilərinin gözləri qarşısında baş verib. Görünür, rəsmi İrəvan xaricdəki havadarlarından bunun yolverilməzliyi ilə bağlı direktiv alıb. Həm də o görünür ki, hazırda söhbət daha böyük miqyaslı silah daşımalarından getdiyindən, Ru­siyanı kənarda qoymaq istəyi yaranıb. Ermənistan hakimiyyəti elə bu səbəbdən hava limanına özü nəzarət etmək barə­də qərar çıxarıb. 

***

Sonda onu da deyək ki, Paşinyan iqtidarının "Zvartnots" məsələsi”ndə uy­durduğu Rusiyaya təşəkkür arqumenti tam absurddur. Necə ola bilər ki, bir sər­həd xidməti normal fəaliyyət göstərməyi öyrənmək üçün otuz ildən artıq vaxt sərf etsin? Digər tərəfdən, vaxtilə Rusiya sər­hədçiləri Ermənistanın sərhədlərini ona görə qorumağa başlamamışdılar ki, er­mənilər özləri bunu bacarmırlar. Ortada da paradoks. “Tarixi erməni torpağı” kimi qələmə verilən Qarabağı və ətrafdakı rayonları “azad edən” (işğal edən - red.) erməni hərbçiləri öz sərhədlərini qoruya bilmirdilər? 

Belə nəticəyə gəlirik ki, erməni sər­hədçilərin püxtələşməsi məntiqi cəfən­giyyatdır. Bir daha vurğulayaq ki, ortada anti-Rusiya və anti-Azərbaycan motiv­ləri var. Və deməli, "Zvartnots" məsələ­si növbəti avantüradan və bunun üçün platforma qazanmaq məqsədinin real­laşdırılmasından başqa bir şey deyil.

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət