Çanaq gec-tez Ermənistan baş nazirinin başında çatlayacaq
Böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsinin daha amansız xarakter aldığı göz qabağındadır. İstər Qərb, istərsə də ABŞ bu regionda cərəyan edən geosiyasi proseslərə tam açıq müstəvidə müdaxiləyə, tərəflərdən birinə öz şərtlərini diktə etməyə başlayıblar. Bəli, kollektiv Qərbin Cənubi Qafqazı Rusiya ilə növbəti qarşıdurma platsdarmına çevirmək məqsədini güddüyü artıq heç kəsdə şübhə doğurmur. Məhz bu səbəbdən bölgədə əsas proseslər Qərbin vassallığını qəbul etmiş Ermənistan ətrafında cərəyan edir.
Cənubi Qafqaz coğrafiyasında vahid platformadan çıxış edən ABŞ–Qərb tandeminin Ermənistanı Moskvanın patronajlıq etdiyi bütün hərbi-siyasi qurumlardan uzaqlaşdırmağa çalışdığı gözlə görünən qədər aşkardır. Tandemin tələblərinin sırasına Rusiya ilə strateji müttəfiqlik müqaviləsinin pozulması, eləcə də onun hərbi bazasının Ermənistan ərazisindən çıxarılması daxildir. Amma bu planı reallaşdırmaq o qədər də asan deyil. Rusiya Qərbə üz tutacağı təqdirdə rəsmi İrəvanı “Ukrayna ssenarisi” ilə hədələyir. Bu isə o deməkdir ki, Kreml Paşinyanın anti-Rusiya siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır.
* * *
Ermənistan baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında kifayət qədər maraqlı açıqlamalar verdi. Onlardan biri onu hakimiyyətdən devirməyə dəfələrlə cəhd etmiş xarici qüvvələr barədə idi.
“Stepanakertdə (Xankəndidə – red.) yanacaq anbarının partlaması insanların “Dağlıq Qarabağı” tez bir zamanda tərk etməsi məntiqi ilə bağlı idi”. Paşinyan bu sözlərinin ardınca həmin hadisənin kimlər tərəfindən və nə məqsədlə törədildiyini açıqlayıb: “İnsanlar vəziyyətə nəzarəti itirmişdilər. Onlara deyiblər ki, gedin anqarlardan benzin alın. Amma sonra gördüm ki, bu hadisədə başqa məsələlərlə yanaşı, xarici qüvvələrin əli var. Bölgədə etnik təmizləməni (?) təşkil edən qüvvəni sıxışdıran, onlara dəstək verən xarici qüvvələr işləyib. Məqsədləri Dağlıq Qarabağ (?) ermənilərinin bölgəni tez bir zamanda tərk etmələrinə nail olmaq idi. Sonra o qüvvələr Ermənistanda hakimiyyət dəyişikliyinin başlandığını elan etdilər. Amma gördülər ki, Ermənistan daxilində resursları inqilabı həyata keçirmək üçün yetərli deyil. Onlara, ən azı, Qarabağdan əlavə qüvvə gətirmək lazım idi ki, hakimiyyət dəyişikliyi mümkün olsun”.
Bu açıqlaması ilə Paşinyan həm Qarabağda ermənilərin heç bir “etnik təmizləmə”yə məruz qalmadığını, həm də onlardan hakimiyyəti devirməkdə siyasi alət kimi istifadə olunduğunu etiraf etmiş oldu. Bu məqamda zəruri xatırlatmaya ehtiyac duyulur. Hayların özlərinin etiraf etdikləri kimi, Ermənistan bir dövlət kimi çat verir, ölkə sonu görünməyən daxili qarşıdurmadan əziyyət çəkir. Fəqət, bugünədək nə daşnak–revanşistlərin, nə də 20 il hakimiyyətdə olmuş Qarabağ klanının Paşinyanın istefasına nail olmağa real şansı var. Yəqin bu faktı oxucularımız da xatırlayır: keçən il sentyabrın 25-də daxildəki müxalif qüvvələr, İrəvana qaçmış Qarabağ erməniləri, guya, 100–150 minlik etiraz mitinqinə hazırlaşırdı. Fəqət həmin gün Teatr meydanına maksimum 5-6 min adam çıxdı. O da yadımızdadır ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın gəlini müğənni Siruşonun isterik çağırışları, oliqarx Ruben Vardanyanın irəvanlıları şirnikləndirmə cəhdləri, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanın hazırladığı “revanş planı” heç bir nəticə vermədi. “Birləşmiş müxalifət”in dəbdən düşmüş və dağılmış “miatsum” mifi üzərində “hakimiyyəti devirmək” cəhdləri tam fiaskoya uğradı. Paşinyan “Qarabağdan əlavə qüvvə” deyəndə məhz ona qarşı istifadə ediləcək erməniləri nəzərdə tuturdu.
* * *
Fakt ondan ibarətdir ki, Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etirazlar Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirindən sonra kütləvi hal aldı. Doğrudur, ona qədər də mövcud iqtidara qarşı olan müxtəlif siyasi qüvvələr piketlər, nümayişlər keçirir, istefa tələbləri səslənirdi. Etirazçılara qarşı polisin qəddar davranışı da unudulmayıb. Hətta, nümayişləri dağıtmaq üçün odlu silahdan istifadə olunsa belə, qərbli “demokratlar” səslərini çıxarmadılar. Özlərini insan haqlarının müdafiəçiləri sayan beynəlxalq institutlar da, nədənsə, susdular. Bu da təsadüfi deyildi. Qərbin fəaliyyətsizliyi, susqunluğu baş nazir Paşinyanın hakimiyyətini qorumağa xidmət edirdi. Yəni, ermənipərəst Qərb bu gün də əlində olan bütün imkan və vasitələri dövriyyəyə buraxmaqla Paşinyan hakimiyyətini himayə edir. Çünki onlar yaxşı başa düşürlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi onlar üçün hər şeyin itirilməsi demək ola bilər. Hakimiyyətə gətiriləcək yeni qüvvənin Qərbi təmsil etməyəcəyi, Rusiyaya meyilli olacağı isə birmənalıdır. Qayıdaq Paşinyanın iki gün əvvəl mətbuat konfransında verdiyi “maraqlı” açıqlamalarına. Onun belə açıqlamalarından biri 1996-cı ildən Qarabağ məsələsinin artıq mövcud olmadığı və 2021-ci il parlament seçkilərinə mane olmağa çalışan kənar qüvvə barədə idi. “Bəli, 1996-cı ildən Qarabağ məsələsi mövcud deyil. 2023-cü ilin sentyabrında eyni qüvvələr Ermənistan məsələsini də həll etmək, hər şeyi bağlamaq istəyirdilər. Bəs, necə oldu ki, Azərbaycan qoşunları 2021-ci ilin mayında Ermənistanın suveren ərazisini işğal etdi?. Axı, parlament buraxılmışdı və baş nazir yeni seçkilər öncəsi istefa vermişdi. Niyə həmin hadisələr 2021-ci il mayın 12-də, dediyim qərarlar qüvvəyə minəndə baş verdi? Niyə mayın 5-də, yaxud aprelin 25-də olmadı?”.
Paşinyan üç il əvvəlki seçkilər məsələsinə toxunmaqla onu devirməyə çalışan kənar gücün ünvanını da nişan vermiş oldu. Həmin anda onun şəhadət barmağını şimala tuşlamasına ehtiyac qalmadı.
* * *
“Onlar bizdən niyə hərbi əməliyyatlara başlamadığımızı soruşdular. Düzünü desəm, nə cavab verəcəyimi bilmirdim. Amma indi deyə bilərəm ki, bütün hesablamalar ondan ibarət idi ki, əgər müharibə başlasaydı, Ermənistan seçki keçirə bilməyəcəkdi. Yəni, 2021-ci ilin yayında “de-yure” və “de-fakto” Ermənistan Respublikasının ləğvi baş verəcəkdi”. Bir qədər pessimist səslənsə də, Ermənistan baş naziri ilk dəfə idi ki, reallığı olduğu kimi dilə gətirirdi. Deyəsən, daha devrilməkdən qorxmur. Çünki, ABŞ və Qərbin onu Rusiya əleyhinə demarşlara cəsarətləndirmək istiqamətində müəyyən manevrlər etdiyini görür. Bu günlərdə Böyük Britaniya da Rusiya ilə mümkün qarşıdurmada İrəvana hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Bütün bunlar isə Qərbin Ermənistanla bağlı indiki siyasətinin birmənalı şəkildə Rusiyanı hədəfə aldığının göstəricisidir. Paşinyan isə bu yeni taktikalı köhnə oyunda yenə Qərbin maşası olmağa məhkumdur.
Məsələ həm də ondadır ki, ABŞ və Qərbin Ermənistana dəstəyinin arxasında rəsmi İrəvana verilmiş təlimatların icrasına nail olmanın mövcudluğu artıq açıq mətnlə etiraf edilir. Kənardan belə görünür ki, Nikol Paşinyan Rusiyaya qarşı kəskin siyasi ritorikalı avantürist və riyakar siyasət aparır. Amma o, Qərbin israrlı tələblərinə baxmayaraq, Ermənistanın, KTMT də daxil olmaqla, Moskvanın patronajlığı altında olan qurumları tərk etməsinə yönəlik hüquqi addımları mümkün qədər təxirə salmağa çalışır. Yəqin bununla Kremlin sərt reaksiyası ilə vaxtından əvvəl üzləşmək təhlükəsindən yayına biləcəyinə ümid bəsləyir.
Ermənistanda hələ də Paşinyanla yoluna davam etmək istəyən qüvvələr var. Həmin qüvvələr əksəriyyət təşkil edir. Nikol onlara və seçicilərinə bol vədlər verib, indi də onları yetinə yetirməkdən ötrü yollar və imkanlar arayır. Xarici ekspertlərin bəziləri bu qənaəti bölüşür ki, hazırda Hayastanda Paşinyanı əvəz edəcək lider yoxdur və Ermənistanın daxili siyasi palitrasında iqtidara diş göstərə biləcək güclü müxalif qrup da gözə dəymir.
* * *
Hər şeydən göründüyü kimi, bugünədək daxildən və xaricdən ən müxtəlif siyasi qüvvələr Paşinyanı devirməyə, ən azı, onun ictimai nüfuzunu zəiflətməyə nə qədər cəhd etsələr də, ciddi uğura nail olmağı bacarmayıblar. Bunun səbəblərindən biri də qonşuları ilə təcriddən bezmiş erməni xalqının daha daşnakların, separatçı–revanşist kəsimin çağırışlarına hay verməməsidir.
Bəli, Paşinyanın vəziyyəti heç də qibtəolunası deyil. İndi onun durumunu mütləq çatlayacaq çanağın altında zorən oturdulmuş, son aqibətini gözləməyə məhkum edilmiş adamın düşdüyü tələyə bənzətmək olar. Gözlənilən partlayışdan sonra ətrafa yayılacaq qəlpələrdən yayınmaq isə elə də asan olmur...
P.S. Dünən erməni mediası maraqlı bir məlumat yaydı. Qarabağdakı keçmiş separatçıların qondarma “parlamenti”nin sabiq üzvlərinə Ermənistanı tərk etmək qadağan olunub. Qarabağ separatçılarının “ombudsmanı” olmuş Geqam Stepanyan da “Zvartnots” hava limanında oxşar vəziyyətlə üzləşib. Səbəb, guya, konkret cinayət işi ilə bağlıdır. İstintaq Komitəsi “Artsax”da baş verən son hadisələrlə, xüsusən də Araik Arutyunyanı “prezident” postundan istefa verməyə vadar edən səbəblərlə maraqlanırmış...
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Ermənistan baş naziri Nikol Paşinyan özünə qarşı qiyam və çevriliş təhlükəsindən çox qorxur. O, hesab edir ki, bu işdə xarici xüsusi xidmət orqanlarının, əsasən də Rusiya hərbi agentutasının əli ola bilər. Düşünür ki, onlar yerli daşnak-radikalların, Qarabağ separatçılarının vasitəsilə onu devirə bilərlər. Məhz bu qorxunun səbəbindən Paşinyan Qarabağı tərk edən ermənilərin İrəvanda deyil, ətraf qəsəbələrdə yerləşdirilməsi barədə qərar verdi. Eyni zamanda, daxili radikalları da nəzarət altında saxlamağa çalışır ki, bu kəsim qiyam və ya çevrilişə cəhd edə bilməsin. Amma baş nazir üçün ən böyük təhlükə ordunun içindən ola bilər. Məhz bu ehtimalı nəzərə alaraq, o, bir müddət öncə baş qərargah rəisini dəyişdi.
İntəhası, Ermənistan ordusunun içində müxtəlif ölkələrin hərbi agenturaları ilə bağlılığı olan yüksək çinli hərbçilər var. Yəni, hərbi çevrilişə cəhd variantında həmin adamlardan Paşinyana qarşı istifadə edilə bilər. Böyük ehtimalla bu məsələlərdə baş nazir Fransa və ABŞ-nin məxfi qurumları ilə əməkdaşlıq edir. Mərkəzi Kəşfiyyat İdarəsi gözlənilən müəyyən təhlükələr barədə onu məlumatlandırır. Bəlkə elə buna görə açıqlamalarının birində Paşinyan açıq şəkildə bildirmişdi ki, Rusiya onu devirməyə çalışır. Yəqin bunu deyərkən əlində hansısa kəşfiyyat məlumatı olub. Belə bir təhlükəni hiss etdiyindən cangüdənlərinin sayını da artırıb.
Digər tərəfdən, əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarsa, Rusiyada müəyyən dairələr Paşinyanın əleyhinə “X” planının düyməsini basa bilərlər. Bu zaman, hətta, Gümrüdəki hərbi bazadan yararlanmaq ehtimalı da var. Görünən odur ki, Ermənistandakı hadisələr çox təhlükəli istiqamət alıb. Əslində, Paşinyan düşdüyü vəziyyətdən çıxış yolları axtarırsa, Azərbaycan və Türkiyə ilə müəyyən məsələləri həll etməklə özünü və ölkəsini təhlükədən sığortalaya bilər. Amma bunun üçün ilk növbədə anklav kəndlər və Zəngəzur dəhlizi məsələsində Azərbaycanla razılığa gəlməli və çərçivə sazişini imzalamalıdır. Ondan sonra Türkiyə də Ermənistanla əlaqələri bərpa edəcək. Məhz “Qafqaz evi” layihəsində əməkdaşlıq İrəvana təhlükəsizlik təminatını verəcək.
İmran BƏDİRXANLI
XQ