Martın 13-də Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Hər iki ölkənin energetika, nəqliyyat sahələrində strateji layihələr üzərində çalışdığını qeyd edən F.Şəfiyev deyib: “İkitərəfli ticarət dövriyyəsinin, eləcə də Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi artır. Son iki il ərzində Orta Dəhlizlə bağlı gömrük sahəsində, eləcə də bürokratik sahədə mövcud maneələrin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin şahidi oluruq”.
Türk Dövlətləri Təşkilatının qlobal çəkisinin artdığını deyən Fərid Şəfiyev Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. İntellektual çevrələr arasında ortaq fəaliyyətlərin zəruriliyini önə çəkən Fərid Şəfiyev BMTM-in bu istiqamətdə təşəbbüslərə açıq olduğunu deyib.
Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov Ekspert Şurasının iclaslarını iki ölkənin liderləri tərəfindən başladılan prosesin məntiqi davamı kimi səciyyələndirib. Onun sözlərinə görə, yeni regional və subregional reallıqların yaratdığı çağırışlara uyğun olaraq, beyin mərkəzləri hazırlıqlı olmalıdır.
Sonra Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qazaxıstan Parlamentinin deputatı Aydos Sarım, Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev və başqalarının çıxışları dinlənilib.