Uels Universitetinin elmi işçisi: Avropada müsəlmanlara qarşı nifrətə və ayrı-seçkiliyə yer olmamalıdır

post-img

Biz islamofobiya ilə bağlı konkret olaraq nələrin baş verdiyinin fərqindəyik. Bunun həlli üçün məsələnin kökünü bilməliyik. Biz təxminən 20 il ərzində müxtəlif dinlərin vəhdətini görürük. Müsəlmanlara qarşı nifrət hissinin və ayrı-seçkiliyin necə vüsət aldığının şahidi oluruq. Avropada buna yer olmamalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Uelsin “Trinity St David” Universitetinin elmi işçisi Mohammed Sadek Hamid Bakıda keçirilən islamofobiya ilə mübarizəyə dair konfrans çərçivəsində təşkil olunan “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları” mövzusunda plenar iclasda deyib.

İslamofobiya probleminin nəticə etibarilə sistemli olaraq ayrı-seçkiliyə gətirib çıxardığını vurğulayan Mohammed Sadek Hamid bildirib ki, bu, insanların yaşayışına da böyük təsir göstərir. Bunun nəticəsi olaraq müsəlmanlara qarşı müxtəlif zorakılıq və nifrət halları baş verir. Hətta müsəlmanlara oxşamaq belə ağır nəticələrə gətirib çıxarır, nifrət zəminində cinayətlərin törədilməsinə səbəb olur. “Qeyd etməliyəm ki, belə halların məscidlərə qarşı da baş verdiyini bilirik. Müsəlmanlara fiziki hücumların, xüsusilə də qadınlara qarşı zorakılığın şahidi oluruq. Hətta müsəlmanların məzarlarında cəsədlərə qarşı törədilən əməllər çox xoşagəlməzdir. İslamofobiya hamı üçün problemdir”, - deyə o əlavə edib.

Elmi işçi diqqətə çatdırıb ki, Böyük Britaniyada da müsəlmanlara qarşı münasibət dəyişməlidir. Bəzi siyasi qərarlarda mühüm dəyişikliklər edilməlidir. Eyni zamanda, mediadaki fikirlər müsbət istiqamətdə dəyişə bilər. Bu problemə qarşı birlikdə uğurlu mübarizə aparıla bilər.

Siyasət