Müsəlmanların səlahiyyətlənməsi və güclənməsi çox vacib amildir. Xüsusi qeyd etmək istəyirəm ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda söyləyib.
Onun sözlərinə görə, müsəlmanlar İslam diskursunu yeniləməli, alternativ təkliflər verməlidirlər. “Biz müsəlman və qeyri-müsəlman arasında fərq qoymuruq. Biz Avropanın bir hissəsiyik. Belçikada İslam din kimi 1974-cü ildən dövlət səviyyəsində təsdiqlənib. Bu ölkənin təhsil müəssisələrində 3 mindən çox müəllim din dərsi keçir”, - deyə Brahim Laytouss əlavə edib.
Avropa Parlamentinə keçirilən seçkilərdən söz açan baş direktor müsəlmanların bu prosesdə daha fəal iştirakının təmin edilməli olduğunu vurğulayıb. O qeyd edib ki, Avropa Parlamentində müsəlmanlar, sadəcə, 11 faiz təşkil edir.