Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir. Düşünürəm ki, Avropa ölkələri bu siyasəti mənimsəməli və tətbiq etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanda Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.
İslamofobiyanın Avropada siyasi silaha çevrildiyinə diqqət çəkən Əhsən Həmid vurğulayıb ki, Qərb ölkələrində müsəlmanları təhdid kimi qələmə verirlər. “Müsəlman ölkələrindən Avropaya səyahət edənlərə viza verilməsi gecikdirilir, bəzən isə ümumiyyətlə verilmir. İslamofobiya partiyaların siyasətinə çevrilib. Qərb mediası isə ictimaiyyətdə qərəzli fikirlərin formalaşmasında çox böyük rol oynayır. Məscidlər bağlanır, müsəlmanlar üçün yeni ibadət yerlərinin açılması qadağan olunur. Ukraynalı qaçqınlarla Əfqanıstandan gələn köçkünlərə qarşı reaksiyalar eyni deyil. Fransada hicablı qadınlar iş yerlərindən qovulur, təhsildən uzaqlaşdırılır”, - deyə icraçı direktor bildirib.
Ə.Həmid qeyd edib ki, müsəlmanlar məruz qaldıqları ayrı-seçkilik halları ilə bağlı təcrübələrini bölüşməlidirlər. Ancaq maariflənmək yolu ilə islamofobiya hallarının qarşısını almaq mümkündür.