27 Yanvar Tehran terroru və ədalətə inam

post-img

Abdullahian ümid verir, yoxsa...

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmalarına dair razılıq var. Razılıq İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirilmiş görüşdə əldə olunub. Bu barədə jurnalistlərə məlumatı İslam respublikasının XİN rəhbəri verib. 

H.Abdullahian C.Bayramova görü­şündə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məh­kəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığını vurğulayıb: “Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İran­dakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respubli­kasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlar­da tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

Əvvəla, bildirək ki, 2023-cü il yanvarın 27-də törədilmiş terrorla bağlı Azərbay­canın İrandakı səfirliyi həmin il yanvarın 30-dan fəaliyyətini dayandırıb. Hazırda səfirliyin missiyasını Təbrizdəki baş kon­sulluğumuz icra edir. İranın XİN başçısının açıqlamasına isə iki aspektdən yanaşmaq istərdik. Birincisi, o, “Azərbaycanın İran­dakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxs” ritorikasına üstünlük verir. Əlbəttə, məsələ yalnız səfirliyin bir əməkdaşının – təhlükəsizlik xidmətinin rəisi Orxan Əs­gərovun həyatını itirməsində deyil. Ümumi yanaşma belədir ki, ölkəmizin Tehrandakı ali diplomatik missiyasına hücum olub. Bütün dünya bu hücumu terror adlandı­rıb. BMT-nin Baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni məhz bu şəkildə pis­ləyib. 

Yeri gəlmişkən, Prezident İlham Əli­yev də qanlı olayı sərt şəkildə qınamışdı. Ölkəmizin Xarici işlər nazirinin müavini Xələf Xələfov terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində “lazımi qədər tu­tarlı sübutlar”ın olduğunu qeyd etmişdi. Bir sözlə, ölkəmiz də məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu “terror aktı” kimi qiymətləndirmişdi. 

Əlbəttə, biz indilik “terror” məntiqini qabartmaya da bilərdik. Azərbaycan–İran münasibətlərindəki gərginliyin əbədi qal­masının lüzumsuzluğu barədə düşünmə­yimiz lazımdır. Nəhayət, İran yaxın qon­şumuzdur, hər iki ölkə xalqlarını bir-birinə bağlayan müştərək tarix var. Gərginliklər ən azı həmin tarixə ehtiram nümunəsi ola­raq aradan qaldırılmalıdır. Bütün bunlar öz yerində. Amma İran tərəfinin bir il iki ay əv­vəl yaşanmış qanlı olayın təfərrüatlarına həssas yanaşması da şərtdir. 

Bəli, biz onu da anlayışla qarşılayırıq ki, cənab H.Abdullahian sözügedən ha­disə ilə bağlı İranın adının yüksək tonla çəkilməsini istəmir. Ancaq terror fərqli məsələdir. Terrorçunun nə vətəni, nə də milliyəti olur. Belə bir akt dünyanın hara­sında baş verməsindən asılı olmayaraq, ona həssas yanaşılması, obyektiv hüquqi qiymət verilməsi şərtdir. İnanaq ki, İran XİN başçısının fikrinin məğzində bu həssaslı­ğın nəzərə alınması var. Onu da nəzərə alaq ki, əlində avtomat silah səfirliyimizə daxil olan şəxsin zərərsizləşdirilməyəcəyi təqdirdə daha nələri edəcəyini ağla gətir­mək qorxuncdur. 

İranın XİN rəhbəri H.Abdullahianın açıqlamasındakı ikinci motivə diqqət ye­tirək. O, “Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmaları” fikrini işlədir. Məsələ yalnız qayıtmaqdadırmı? Başlıca məqam Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsidir. Yəni, fikri­mizcə, məsələnin qoyuluşu sırf bu tərzdə olmalıdır. Nəzərə alaq ki, hazırda Tehran­dakı ali diplomatik missiyamız fəaliyyət göstərmir. Diplomatlarımız isə yumşaq ifadə etsək, küsüb getməyiblər. Ortada haqqında söz açdığımız qanlı olay var. Bu olaya vaxtında müvafiq hüquqi qiymət verilsə, yaxud belə bir niyyətin mövcud­luğu nəzərə çarpsaydı idi, səfirliyimizin əməkdaşları İranı tərk etməzdilər, belə bir ehtiyac yaranmazdı. Yəni, cənab H.Abdul­lahian mövcud xüsusda daha korrekt ifadə işlədə bilərdi. 

***

Azərbaycanın İrandakı səfirliyinə hü­cum etmiş şəxsin məhkəməsinə gəlincə, məlumdur ki, ölkəmizin Xarici İşlər Nazir­liyi 27 Yanvar terrorunun bir illiyi ilə bağlı bəyanat yaymışdı. Bəyanatın ən vacib cəhəti onun məlumat yüklü olması idi. Bəyanatda bildirilirdi: “İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsas­da Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə tə­yin etmişdir”.

Ümumən, Azərbaycan XİN-in bəyana­tı göstərmişdi ki, söhbət adi bir olaydan, yaxud insidentdən getmir. Çünki sözü­gedən terror aktının Azərbaycan – İran münasibətlərində müstəqillik dövründən etibarən ən böyük miqyaslı soyuqlaşma üçün, bir növ, katalizator rolunu oynadığı məlumdur. Deməli, ona düzgün hüquqi qiymətin verilməsi Azərbaycan ictimaiyyə­tinin diqqət mərkəzindədir. 

Azərbaycan XİN-in bəyanatında daha bir vacib məqam da var idi. Sənəddə bil­dirilmişdi ki, səfirliyə qarşı törədilmiş ter­ror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək, səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təh­lükəsizliyinin təminatına dair öhdəliyini ye­rinə yetirməmişdir.

Ölkəmizin XİN-in bəyanatında o da vurğulanmışdı ki, ötən müddətdə terror hücumu ilə bağlı Azərbaycanla İran ara­sında yaranmış vəziyyətin aradan qaldı­rılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurum­ları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılmışdır. 

***

Qeyd edək ki, Tehrandakı ali diplo­matik missiyamıza hücum edən şəxs İran vətəndaşı Yasin Hüseynzadədir. O, “Kalaşnikov” markalı avtomat silahla heç bir maneə görmədən mühafizə postunu yararaq səfirliyimizə daxil olmuş və atəş açmışdı. Nəticədə səfirliyimizin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərov həlak olmuşdu. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi xəsarət al­mışdı. Onlardan birinin – terrorçunu zərər­sizləşdirməyə nail olan Vasif Tağıyevin çiyninə və çənəsinə güllə dəymişdi. 

Y.Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istin­taqa cəlb olunmuşdu. Hadisə ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xid­mətində də Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başladılmışdı. 

Azərbaycanın Xarici işlər naziri Cey­hun Bayramovun jurnalistlərə iki ay əvvəlki açıqlamasındakı bir məqamın da üzərində dayanaq. Nazir konkret şəkildə bildirmişdi ki, ölkəmizin İrandakı səfirliyinin fəaliyyəti­nin bərpası üçün iki əsas məqama diqqət yetiriləcək. Birincisi, terror aktı ilə bağlı istintaqın başa çatması və qərarın qəbul edilməsi. İkincisi, səfirliyimizin təhlükəsiz­liyinə tam şəkildə təminat verilməsi: “Sə­firliyimizin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmə­diyi üçün onlar Azərbaycana gətirilmişdi”. 

Sonda qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxs, yəni Y.Hüseynzadə haqqında ölüm hökmü çıxarılıb. Bunu ötən ay Azərbaya­canın baş prokuroru Kamran Əliyev “Real TV”-yə müsahibəsində demişdi. K.Əliyev onu da bildirmişdi ki, təqsirləndirilən Y.Hü­seynzadəyə üç epizod üzrə ittiham irəli sü­rülüb. İran qanunvericiliyinə əsasən, barə­sində hökm çıxarılan şəxs 20 gün ərzində Ali Məhkəməyə şikayət verə bilər. Hökm icra olunmadığına görə, çox güman, Y.Hü­seynzadə yuxarı məhkəmə instansiyasına müraciət hüququndan istifadə edib. İranın Ali Məhkəmənin qərarı nə olacaq, bunu zaman göstərəcək. Həmin qərarın elan edilməsinədək Azərbaycanın İrandakı sə­firliyinin fəaliyyət göstərib-göstərməyəcə­yini də həmçinin.

Ə.RÜSTƏMOV
XQ

Siyasət