Sülh qarşılıqlı etimada söykənmirsə...

post-img

İrəvan Bakının təklifinə praqmatik yanaşmasa vəziyyət dəyişməyəcək

Azərbaycan–Ermənistan arasında sülh danışıqlarının müsbət sonluğa çatacağı məsələsinin qarşılıqlı etimadın möhkəmlənməsindən birbaşa asılı olduğu şü­bhəsizdir. Bu zaman sülh prosesini əngəlləyən maneələri aradan qaldırmağın mümkün yollarını aramaq zərurəti ortaya çıxır. Bakı ilə ortaq məxrəcə gəlmək­dən ötrü siyasi iradədən başqa İrəvandan daha nələr tələb olunur? Tanınmış siyasi analitik Orxan Amaşovla söhbətimiz bu və digər mövzular ətrafında oldu. 

– Orxan bəy, Azərbaycan–Ermə­nistan danışıqlarında qarşılıqlı etimadın yaranmasına əngəl olan əsas səbəb nədir? Bunun üçün daha hansı addımlar atıl­malıdır? 

– Bakı ilə İrəvan arasındakı ikitərəfli münasibətlərdə məhz bu elementin ça­tışmazlığı əvvəlki danışıqlarda kənar ak­torların üstün roluna səbəb olurdu. Misal üçün, artıq mövcud olmayan, nüfuzdan düşmüş, fiaskoya uğramış ATƏT-in Minsk qrupunun fəaliyyəti kimi. 2020-ci ilin no­yabrından sonra həmsədrlər keçmişdə qaldı. Geriyə baxdıqda tamamilə aydın görünür ki, Aİ Şurasının sədri Şarl Mişelin şəxsi təşəbbüsü kimi bir neçə hal istis­na olmaqla, hazırda ölüm ayağında olan “Brüssel prosesi” heç də həll yolu deyil, problemin bir hissəsi idi.

Fevralın 22-də Ankarada idim. Bura­da ABŞ-da yaşayan erməni əsilli tarixçi və diplomat Jirayr Liparityan ilə bir yerdə Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) və Konrad Adenauer adına Fondun təşkil etdiyi “Mərkəzi Asiya və Cənubi Qafqaz­da Avropa İttifaqı –Türkiyə əməkdaşlığı” konfransında iştirak edirdik. Mən qarşılıqlı əlaqə siyasəti haqqında məruzə ilə çıxış etdim. Çıxışımın əsas mövzusu “regional məsuliyyətin” vacibliyi, Fransa kimi xarici oyunçuların sülh prosesində kəskin şəkil­də zərərli rolu və Azərbaycan–Ermənis­tan münasibətlərinin normallaşmasının ikitərəfli xarakter daşımasının önəmi idi. 

Məsələ ondadır ki, hazırda Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın təd­ricən formalaşmasına nə mane olur və onun yaradılması və möhkəmləndirilməsi üçün hansı addımlar atıla bilər? Son gün­lər bununla bağlı qarışıq siqnallar eşidirik. Azərbaycan və Ermənistan xarici işlər na­zirləri Ceyhun Bayramov və Ararat Mirzo­yanın fevralın 28–29-da Berlində keçirilən ikigünlük görüşü mühüm hadisəyə çev­rildi. Hərçənd həmin görüşdə nəyin əldə olunduğu barədə məlumatımız azdır, hər iki tərəfin yaydığı press-relizlər isə onların “sonradan razılaşacaqları” barədə razılı­ğa gəldikləri təəssüratını yaradır. Hər hal­da, nazırlərin ikigünlük görüşünün fayda­sız olmadığını güman edirik. 

– Həmin günlərdə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Ed­mon Marukyanın istefa verməsi­ni təsadüf saymaq olarmı?

– Əvvəlcə bir faktı qeyd edim ki, gö­rüş xətrinə görüşmək effektli üsul deyil. Amma bu da bir həqiqətdir ki, uzun müd­dətdir xarici işlər nazirləri arasında tək­bətək görüşlərin olmaması heç də yaxşı əlamət deyildi. Bundan əlavə, Berlin danı­şıqları zamanı Tbilisidə çalışan britaniyalı jurnalist Onik Ceyms Krikoryanın “spoiler” adlandırdığı Ermənistanın xüsusi tapşı­rıqlar üzrə səfiri Edmon Marukyan istefa verdi. Bu istefanın Berlində aparılan da­nışıqlarla əlaqəsinin olub-olmadığını an­caq təxmin edə bilərik. Əgər nəticə əldə olunmasaydı, erməni tərəfi bunu rəsmən təsdiq etməzdi. Bu da kifayət qədər ağla­batandır. Fəqət Edmon Marukyanın mə­suliyyətsiz bəyanatlarının, Azərbaycanın ərazi bütövlüyünə kölgə salan şərhləri­nin, eləcə də son vaxtlar Xocalı soyqırımı ilə bağlı separatçı paylaşımının dialoqa mənfi təsir göstərdiyi danılmazdır. İndi Er­mənistan Xarici İşlər Nazirliyinin təmizlən­məyə ehtiyacı var. Yalnız ümid etmək olar ki, tezliklə yeni istefalar və ya Marukyan kimi personajların siyasi səhnədən uzaq­laşdırılması ilə bağlı xəbərlər olacaq. 

– Bu günlərdə Antalyada Dip­lomatik Forumunun panel mü­zakirələrində Azərbaycan və Ermənistan təmsilçilərinin qar­şılıqlı kəskin çıxışları oldu... 

– Antalya Diplomatik Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hik­mət Hacıyevin, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın iştirak etdiyi panel müzakirəsi yaddaqa­lan idi. Türkiyənin Ermənistanla müna­sibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın çıxışlarında isə bölgədə qarşılıqlı etima­dı əngəlləyən, bütövlükdə, sülh prosesini sarsıdan bir sıra maneələr ətrafında ciddi fikir mübadiləsi aparıldı. Bu kontekstdə əsas məsələ Ermənistanın konstitusiya­sında və bir sıra qanunvericilik aktlarında Türkiyəyə və Azərbaycana qarşı ərazi id­dialarını ehtiva edən müddəaların olması­dır. Hikmət Hacıyev bu məsələni qaldırdı və dedi ki, İrəvan 2020–2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyünü pozaraq Qarabağda boz zonanın tikintisini davam etdirib. Ermənistanın Beynəlxalq Məh­kəmədəki bu fəaliyyəti ilə bağlı təqdim etdiyi bəzi arqumentlərdən belə anlaşılır ki, İrəvan Bakının Qarabağ üzərində su­verenliyinə məhəl qoymamaqda davam edir. Ruben Rubinyanın Hikmət Hacıye­vin ilkin tezisinə cavabı belə oldu ki, sülh müqaviləsinin layihəsinin mətnində artıq razılaşdırılmış bənd olduğundan “heç bir tərəf müqavilədən irəli gələn öhdəliklə­ri ləğv etmək üçün daxili qanunvericiliyə istinad etməməlidir”. Guya, belə bir addı­mın atılmasına ehtiyac yoxdur və Ermə­nistanın konstitusiya çərçivəsi bu dövlətin daxili məsələsidir.

– Yəni, erməni tərəfi sülhdən ya­yınmaq üçün növbəti bəhanəsi­ni gündəliyə salmağa çalışır və bunu beynəlxalq forumda söy­ləməkdən belə çəkinmir. 

– Elədir. Birincisi, Hikmət Hacıyevin qeyd etdiyi kimi, bir dövlətin konstitusi­yasında digər dövlətin ərazi bütövlüyünə qəsd edən müddəalar olarsa, bu məsələ artıq ikinci dövləti də narahat edir. “Mi­atsum” haqqında müddəanın qanunve­ricilikdə olmasını nəzərə alanda Ermə­nistanın Qarabağın özünə birləşdirilməsi kimi utopik ideya sülh üçün ciddi maneə deməkdir. Əslində, bu, Ermənistanın daxili işlərinə qarışmaq məsələsi deyil. 

İkincisi, tərəflər qarşılıqlı etimadı güc­ləndirməlidir. Konstitusiyaya dəyişiklik prosesi kifayət qədər uzun olsa da, İrə­van ən azı bəzi qanunvericilik aktlarını, məsələn, 1992-ci ildə parlamentin Bəyan­naməsindəki irticaçı müddəaları ləğv edə bilər. Yoxsa belə çıxır ki, Ermənistan Qa­rabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan beynəlxalq və ya daxili aktlarla heç vaxt razılaşmayacaq. Sülh prosesi ilə bağlı niyyətlərinin səmimiliyini nümayiş etdirməkdən ötrü rəsmi İrəvan bəzi təd­birləri görməli idi, amma görmədi. Əksinə, bu yaxınlarda pis hava şəraiti səbəbindən təsadüfən sərhədi keçən Azərbaycan əsgərinin Ermənistan tərəfindən saxla­nılması, onun həbsi, cəfəng maddələrlə ittiham olunması, bir növ, lakmus testi sayılmalıdır. Çünki tərəflər arasında mü­vafiq şəraitdə yolu azmış əsgəri heç bir şərt olmadan azad etməyi nəzərdə tutan razılaşma var. Düzdür, bu məsələ Bakının israrlı tələbi ilə öz həllini tapdı. 

– Tərəflər arasında qarşılıqlı eti­madın yaranması məsələsinə qayıdaq. Avropa İttifaqının Er­mənistandakı mülki missiyası­nın bu istiqamətdə fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini necə qiymətləndirərdiniz? 

– Avropa İttifaqının Ermənistanda yerləşən missiyasının bu yaxınlarda Er­mənistan–Azərbaycan şərti sərhədindəki Arazdəyən kəndindəki metallurgiya zavo­duna səfəri Bakıda mənfi reaksiya doğu­rub. Rəsmi Bakı həmin zavodun sərhəd­də inşa edilməsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının şərt­lərini pozduğunu və bunun Azərbaycanın və bütün regionun ekologiyasını təhlükə altına alacağını nəzərə çatdıraraq, zavod­la bağlı narahatlığını bildirib. Yadınızda­dırsa, İrəvan əvvəlcə bu zavodun başqa yerə köçürüləcəyi barədə açıqlama ver­mişdi. Amma buna baxmayaraq, Aİ bu yaxınlarda əraziyə gəlib və zavodun üzə­rində özünün bayrağını qaldırıb. Burada ortaya maraqlı sual çıxır: Brüssel Bakı ilə İrəvan arasında yaranan qarşılıqlı etima­dı təhlükəyə atmamaq üçün kifayət qədər ehtiyatlı davranırmı? Başqa bir məsələ odur ki, biz tez-tez Qərb siyasətçilərinin, ekspertlərin və diplomatların dilindən eşi­dirik ki, indiki mərhələdə Azərbaycan hələ də Ermənistanın baş naziri Nikol Paşin­yanın fəaliyyətini asanlaşdırmaq ideyası­nı qəbul etmir. Başqa sözlə, guya, Bakı daim tələb edir və İrəvanı çətin vəziyyətə salır. Birincisi, Bakı ilə İrəvan arasında aparılan danışıqlarda bu günə qədər əldə olunan nəticə ondan ibarətdir ki, proses sırf ikitərəfli dialoq xarakteri alıb. Yəni, Qarabağ adlı keçmiş “problem” artıq sül­hə maneə sayıla bilməz. Bu reallıq Bakı­nın İrəvana qanuni və konstruktiv təzyiqi kimi izah edilir. İddia olunur ki, Prezident İlham Əliyev bu təzyiq üsuluna əl atma­dan baş nazir Paşinyanın işini asanlaş­dırsaydı, biz indiki vəziyyətlə düşməzdik. İkincisi, Bakının gələcək Zəngəzur dəh­lizinin Rusiyanın nəzarətində olmasında israr etməsi və Azərbaycanın müharibə­nin fəsadlarının aradan qaldırılmasında Ermənistana kömək etməməsi ilə bağlı maraqlı suallar eşidirik.

– Başqa sözlə, qarşı tərəfin iddi­aları bəzən sağlam məntiqlə bir araya sığmır...

– Əvvəla, bu, Ermənistanın özünün razılaşdığı məsələdir və ortalıqda də­yişməz öhdəlik var. İkincisi, Prezident İlham Əliyevin 2023-cü ilin fevralında Laçında və cənub sərhədində ikitərəfli keçid məntəqələrinin yaradılması təklifini İrəvana xatırlatmalıyıq. Həmin təklifdə Ermənistanın Zəngəzur dəhlizinin hər iki girişində özünün sərhəd nəzarət postunu qurması nəzərdə tutulurdu. Bunun ardın­ca İrəvan Bakının sülh masasına əyləş­mək təklifindən imtina etdi və Azərbay­can birtərəfli qaydada öz sərhədini tam nəzarətə götürdü. Əlbəttə, bu, sadəcə ehtimaldır: əgər İrəvan o zaman Azərbay­canla əməkdaşlığa razı olsaydı, Ermə­nistanın cənubundan keçəcək nəqliyyat dəhlizi bir qədər fərqli olardı. 

Şübhəsiz ki, bu müzakirə, Azərbay­can–Ermənistan danışıqlarının əsasını təşkil edir, həm də zamanın sınağından keçmiş nümunəyə çevrilir. Aydın məsələ­dir ki, Bakı yeni təklif verəndə, İrəvan isə ona gözlənilən müsbət tərəfdən baxmaq­dan imtina etdikdə, Azərbaycanın növbəti təklifi daha az səxavətli və daha tələbkar olur. Və bu situasiyanın tezliklə dəyişməsi mümkün deyil.

Söhbəti qələmə aldı:
İ.HƏSƏNQALA
XQ



Müsahibə