“Zəngəzur dəhlizi”, Tehranın hikkəsi, İrəvanın avantürizmi

post-img

Nasser Kənaninin diplomatik menyusuna bir neçə məqamlıq “ərməğan”

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə­si Nasser Kənani deyib ki, İİR üçün region ölkələrinin beynəlxalq sərhədlərinin dəyişməsinə səbəb olacaq hər hansı geosiyasi dəyişikliklər qəbuledilməzdir. Cə­nab Kənani əvvəllər də oxşar bəyanatlar verib. Lakin indi onun söylədikləri Ermənistan siyasi dairələrində daha çox müzakirə olunmaqdadır. Sanki, cənab Kə­nani haylarda arxayınlıq yaradıb. Təxminən belə: nə istəyirik edəcəyik, İran arxamızdadır. Ancaq başqa məqamlar da var. Yazının son bölümündə məsələyə aydınlıq gətirəcəyik.

Qeyd edək ki, Kənani fikirlərini jurnalistlərin “Zəngəzur dəhlizi” ilə bağlı suallarını cavablan­dırarkən dilə gətirib. Nəticədə Ermənistan İra­na arxayın kimi görünür. Nəzərə alaq ki, rəsmi İrəvan “Zəngəzur dəhlizi” məntiqini ölkənin ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirir. Əlbəttə, bu ritorikaya üstünlük verilməsi heç də təsadüf sayılma­malıdır. 

Ermənistan Azərbaycana qarşı çıxır və “Zəngə­zur dəhlizi” kontekstində Bakının bəyanatlarına əhə­miyyətsiz yanaşır. Ölkəmiz isə Ermənistana heç bir ərazi iddiası irəli sürmür. Bakı, sadəcə, Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” kimi fəaliy­yət göstərməsini istəyir. Yəni, həmin yolda sərhəd və gömrük nəzarəti olmasın. Heç şübhəsiz, rəsmi Tehran məsələnin bu qoyuluşundan xəbərdardır. O zaman sual olunur: nəyə görə cənab Kənani “Zəngəzur dəh­lizi” ilə bağlı sualı cavablandırarkən, region ölkələrinin sərhədlərinin dəyişilməzliyi məntiqinə köklənir? 

Əlbəttə, tam mümkündür ki, İran rəsmisi suala “Zən­gəzur dəhlizi” məsələsinin sırf Ermənistan tərəfindən qəbul edilmə tərzinə uyğun reaksiya verir. Buna görə cənab Kənaniyə hansısa irad tutmaq istəyindən uza­ğıq. Bildirdiklərimiz bu baxımdan qiymətləndirilməmə­lidir. Ancaq Ermənistanın “Zəngəzur dəhlizi” məntiqini inkar etməsi səbəbindən, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun İran ərazisindən keçmə­sinə dair müqavimətinə nəzər salmalıyıq. Axı mövcud istiqamətdə Bakı-Tehran anlaşması var. 

***

Bəli, hazırda Ermənistan rəhbərliyi Qərblə daha çox yaxınlaşmaq əzmini tipik erməni avantüriz­mi şəklində ortaya qoyur. Tehranın sərhədlərinin dəyişməsinin yolverilməzliyi ilə bağlı bəyanatını tiraj­layan İrəvan nədənsə İran İslam Respublikası üçün digər prioritet sayılan məqamın üzərindən sükutla ke­çir. Məsələn, İranın rəsmi dairələri bildirirlər ki, region ölkələrinin işlərinə kənar müdaxilə yolverilməzdir. Baş nazir Nikol Paşinyan administrasiyası isə Qərbi Cənu­bi Qafqaza gətirməklə məşğuldur. Hər halda, İrana Av­ropa İttifaqının mülki müşahidə missiyasının onun sər­hədlərində dayanması xoş deyil. Həm də ona görə xoş deyil ki, həmin missiyanın silahlı birliyə çevrilməyəcə­yinə heç bir təminat yoxdur. Bir halda ki, Ermənistan sürətlə silahlandırılır, sözügedən missiyanın üzvləri də əllərinə silah ala bilərlər. Yeri gəlmişkən, onlar əksəriy­yət etibarilə fransız jandarmları və pensiyaya çıxmış alman polisləridir. 

Onu da nəzərə alaq ki, İran İslam Respublika­sı Qərb dünyasının barışmaz düşmənidir. Bu günün İranı Qərbin sanksiya siyasətinə ən çox məruz qalan ölkələrdəndir. Tehranın iqtisadiyyatının həmin sanksi­yalardan necə böyük əziyyət çəkdiyi bəllidir. Üstəlik, Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsinə dair söz-söhbətlər gedir. Təsəvvür edək ki, ani siyasi ka­taklizmlər və Rusiyanın Ermənistana aşkar təzyiqi nə­ticəsində İrəvan tələm-tələsik AB-yə üzv qəbul edildi. O zaman kim təminat verə bilər ki, İranın Ermənistan ərazisindən keçməklə, Qara dənizə çıxış kimi nəzərdə tutduğu “qədim zamanlardan qalan yol”u bağlanma­yacaq. Ermənistanın seçim qarşısında həmin yoldan imtina edəcəyi birmənalıdır. Görəsən, hadisələr bu səmtə doğru getsə, Tehran nə edəcək? 

Əlbəttə, ehtimallara güc vermək məqsədindən uzağıq. Ancaq Ermənistan rəhbərliyinin aşkar Qərbpərəst xətti ortadadır. Hazırda sürətli silah­lanma kursu götürmüş İrəvanın davranışları şübhə do­ğurur. “Zəngəzur dəhlizi” məntiqinə qarşı çıxan kollektiv Qərbin Naxçıvana yolun İran ərazisindən keçməsinə mənfi münasibətindən xəbərdarıq. Mövcud fonda son günlər Ermənistan – Azərbaycan şərti sərhədində birin­cinin törətdiyi təxribatlar göz önündədir. Bu təxribatların məramı aydındır – regional kommunikasiyalar Ermənis­tan ərazisindən keçməklə açılmırsa, yəni Azərbaycan buna qarşı çıxırsa, onu cəzalandırmaq, hətta, imkan daxilində işğal edib onun vəziyyətlə barışmasına nail olmaq. İranın belə niyyətlərdən xəbəri yoxdur?.. Ölkə Azərbaycanın torpaqlarının otuz ilə yaxın sürmüş işğa­lını susqunluqla, yalnız başdansovdu bəyanatlarla qar­şılayıb. Görəsən, ikinci belə cəhd qeydə alınsa, Tehran nə edəcək? Yenə bitərəf qalacaq, yoxsa regionda sər­hədləri dəyişdirmək cəhdinə qarşı cəbhə açacaq?

Ayrıca bunu da vurğulayaq – İran, əslində, cəbhəni indidən açmalıdır. Çün­ki hazırda “Zəngəzur dəhlizi” məntiqinin onun deyil, Ermənistanın ərazisindən keçməsini istəyənlər aktivləşiblər və ən müxtəlif vasitələrlə Azərbaycana təzyiq yolu tuturlar. Bu yerdə Naxçıvana gedən yola “Azərbaycandan Azərbaycana yol” məntiqində yanaşan rəsmi Bakı haqlı tərəfdir. Tehran ölkəmizin haqqını nəinki rəsmi qaydada tanımalı, eyni zamanda, müdafiə etməlidir. 

İrəvan və havadarları Naxçıvana yolun İrandan keçməsinə əngəl törət­məməlidirlər. Amma buna cidd-cəhdlə baş vururlar. Üstəlik, yeni müharibə hə­də-qorxuları gəlirlər. Göstərmək istəyirlər ki, Naxçıvana yol, İrandan keçsə, həmin yolun təhlükəsizliyi olmayacaq. Məgər bu, regionda pozuculuq yaratmaq istəyi deyil? Bəlkə cənab Kənaninin münasibəti mövcud xüsusdadır? Ancaq...

***

Bəs Ermənistanda İrana yanaşma necədir? Artıq qeyd etdik ki, İrəvan Teh­rana öz avantürizmini gerçəkləşdirmək baxımından sipər kimi yanaşır. Bu, öz yerində. Daha bir sual var: Qərbpərəst Ermənistan nə vaxtadək İrana, guya, onunla xoş münasibətlərdə, dostluq və qardaşlıq içərisində olduğunu göstərib imitasiya edəcək? Axı hazırda İrəvan ənənəvi dostlardan uzaqlaşmaq xətti gö­türür. Rusiya kimi tarixi hamidən üz dön­dərmiş Ermənistan İrana bunu etməzmi? Edər, özü də lap yaxşı edər. 

Nəzərə alaq ki, İran Qərb üçün şiə fundamentalizminin mənbəyidir, ölkəyə terrorçu dövlət münasibəti göstərilir. İrə­vanın mövcud baxışı dəyişdirmək üçün potensialı və niyyəti əsla yoxdur. Amma Qərbin anti-İran cəbhəsində aktiv təm­silçiyə çevrilmək ona dividend gətirər. Avantürist Ermənistan hakimiyyətinin bu dividenddən faydalanmaq arzusu şübhə­sizdir. Görünür, elə buna görə də hazır­da Ermənistanda İran əleyhinə təbliğata başlanılıb. Yəni, İran XİN-in sözçüsü N.Kənaninin açıqlaması məhz belə bir dövrə təsadüf edir. 

***

Əvvəldə yazının son bölümün­də aydınlıq gətirəcəyimizi bildirdiyimiz məsələyə gələk və deyək ki, Ermənis­tanda anti-İran təbliğatının nüvəsində iqtidaryönümlü informasiya resursları və ictimai xadimlər, Paşinyan hakimiyyətinə qarşı açıq şəkildə çıxmayan və onunla fəal əməkdaşlıq edənlər dayanırlar. Bəzi erməni politoloqların rəyləri onu deməyə əsas verir ki, hazırda mövcud təbliğatın bir neçə forması var. İlk forma budur: İran Azərbaycanın dostudur, ona görə Ermə­nistana kömək etmək fikrində deyil. İkin­cisi, İran Ermənistanın cənub rayonlarını ələ keçirmək istəyir, mövcud istiqamətdə Bakı və Ankara ilə sövdələşməyə hazır­dır. Üçüncü məqam – İran Ermənistan­dan öz ərazisində hərbi baza yaratmağı tələb edir, Ermənistan bunun üçün özünü müdafiə edə bilməyən duruma düşməli­dir. Aydındır ki, adi halda Qərbprəst Pa­şinyanın Tehranın hərbi baza yaratması­na şans tanıması mümkünsüzdür. 

Ermənistanda Tehranla bağlı an­ti-təbliğatın motivindəki növbəti məsələ budur ki, guya, İran heç nəyə qadir deyil, ona görə onunla əməkdaşlığı dərinləşdir­məyin mənası yoxdur. Erməni siyasilər Tehranın regionda kommunikasiyaların açılmasında maraqlı olmadığına dair fikri də tirajlayırlar. Onlar deyirlər ki, nəqliyyat kommunikasiyaları blokdan çıxarılmasa, Ermənistan təcriddə qalacaq. Hətta, belə bir tezis də aktualdır: İran bilərəkdən Er­mənistana silah verilməsinin qarşısını alır ki, ikinci zəif olub, asılı vəziyyətə düşsün.

Maraqlı məqam isə ondadır ki, sada­ladığımız tezislər ənənəvi olaraq Rusiya əleyhinə təbliğat aparan erməni saytları və ayrı-ayrı şəxslər tərəfindən də gün­dəmə gətirilib. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Paşinyan administrasiya­sı belə yanaşmaları dövriyyəyə burax­maqla ölkədə anti-İran əhval-ruhiyyəsi yaratmaq fikrindədir. Nikol və tərəfdar­ları hesab edirlər ki, belə bir ab-hava Tehrandan uzaqlaşmaq qərarına haqq qazandırmağa və gələcəkdə ona qar­şı çıxmağa əsas yaradacaq. Əlbəttə, təbliğatda erməni iqtidarının İranla hər­bi-texniki əməkdaşlıqdan imtinaya haqq qazandırmaq məqsədi də var. Bütün bunlardan sonra İran XİN-in rəsmi nü­mayəndəsi cənab N.Kənaninin kefi çə­kirsə, yenə sərhədlərin dəyişməsinin yol­verilməzliyindən söz açsın. Amma yaxşı olar ki, fikrini bir cümlə ilə yox, əhatəli təqdim etsin. Sevə-sevə diqqət yetirərik. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət