Haylar məğlubiyyət burulğanından çıxmaq istəmirlər

post-img

İran – Rusiya – Azərbaycan üçbucağında uzun sürən çaşqınlıq

Sərlövhənin altındakı sualın müəllifi hazırda Ermənistanda sığınacaq tapmış Qarabağ separatçılarının keçmiş liderlərindən biri, general–leytenant, “Artsax qəhrəmanı” Samvel Babayandır. O bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, regionda yeni müharibə qaçılmaz olacaq. Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə açıqlama verən Babayanın sözlərinə görə, yeni müharibədən qaçmağın və regional nəqliyyat qovşağından kənarda qalmamağın iki yolu var: “Ermənistan bundan sonra hansı yolla gedəcəyinə qərar verməli, siyasətini də bunun üzərində qurmalıdır”. 

İndi Paşinyana “ağıllı məsləhətlər” verən Babayan beş ay bundan əvvələ qədər Ermənistan baş nazirinin “dqr”da ən inanılmış kadrı, Xankəndidəki sepa­ratçıların “ideoloji atası” sayılırdı. Bu, həmin Samvel Babayandır ki, Qarabağ ermənilərinin “xalq hərəkatı”nın müt­ləq “qələbə çalacağını” bəyan etmişdi. Bu gün isə Ermənistan və Azərbaycan arasında yeni müharibəni proqnozlaş­dırmaqla məşğuldur. Qarşıdakı fəlakət­dən qurtulmağın iki yolunu göstərən Babayanın fikrincə, birinci yol İrəvanın Azərbaycanı Naxçıvanla birləşdirə­cək magistral yolun Meğri (Zəngəzur – red.) vasitəsilə açılmasını təmin et­məsidir. Amma bu zaman həmin yol üzərində Ermənistanın suverenliyini qoruyub saxlamasının “vacibliyini” önə çəkir: “Amma bu təqdirdə bizim İranla problemlərimiz ola bilər. Tehran hesab edir ki, əgər Naxçıvana yol açılsa, onun Azərbaycana təsir imkanları azalacaq. Digər tərəfdən, bu gün Bakının İran va­sitəsilə Naxçıvana çıxışı var”.

“Azadlıq” radiosuna müsahibəsində Babayan onu da qeyd edib ki, Paşin­yanın “Sülh qovşağı” (“Dünyanın kəsiş­məsi”) layihəsi regionda heç də sülhə deyil, əksinə, müharibəyə aparıb çıxa­racaq.

“Artsax qəhrəmanı”nın erməni cə­miyyətini yeni müharibə ilə qorxut­ması birinci dəfə deyil. O, keçən ilin dekabrında da rəsmi İrəvanın hazırla­dığı sülh müqaviləsini bu cür “yıxıb-sü­rümüşdü”: “20-25 ildən sonra mənim nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, amma, bu, sülh yox, müharibədir. Sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürlər. 100 il əvvəl olmuş hadisələrə görə bu gün Türkiyə ilə münasibət qurmaq istəyən­lər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”. Ba­bayanın belə ikibaşlı açıqlamaları ki­fayət qədərdir. 

* * * 

Yeri gəlmişkən, xatırladaq ki, Pa­şinyanın layihəsinə görə, Ermənistan öz gömrük və sərhəd nəzarətini tətbiq etməklə Naxçıvanla Azərbaycanı bir­ləşdirən nəqliyyat kommunikasiyala­rını açır, eyni zamanda, Azərbaycan ərazisindən İran və Rusiya ilə tranzit əlaqəsini əldə edir. Fəqət Paşinyanın “Dünyanın kəsişməsi” qərbli tərəfdar­ları tərəfindən dəstəklənsə də, regional güclərin diqqətindən kənarda qaldı. 

Paşinyanın “Dünyanın kəsişməsi” layihəsinin niyə sülhə yox, müharibəyə səbəb olacağını açıqlayan S.Baba­yan narahatlığını belə ifadə edib: “Bu il Türkiyə Naxçıvanla sərhədə qədər 220 kilometrlik dəmir yolu və avtomobil yolunun tikintisi üçün tender elan edib. Azərbaycan Rusiya ilə sərhədinədək nəqliyyat rabitəsini bərpa edib, Rusiya isə öz növbəsində Azərbaycana qədər yeni avtomobil yolu çəkib. Eyni zaman­da, Azərbaycanda Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolunun tikin­tisi başa çatdırılır. İrəvan isə Meğridən (Zəngəzurdan – red) keçən yolu aç­maq istəmir. O, Naxçıvanla əlaqə sax­lamaq üçün Kafan, Sisian, Zod və ya Dilicandan keçən Azərbaycan yollarını təklif edir. Azərbaycan bizim mövqeyi­mizə məhəl qoymadan artıq bu yolların tikintisini davam etdirir. Türkiyə hər­bi büdcəsini 17 milyard dollardan 43 milyard dollara, Azərbaycan isə hərbi xərclərini 6 milyard manata çatdırıb”.

“Üfüqdə sülh görünmür və biz mü­haribəyə doğru gedirik", – deyən Ba­bayan onu da xatırladıb ki, Azərbaycan Prezidentinin köməkçisi Naxçıvana ge­diş-gəlişin “Kalininqrad versiyası”nı tək­lif edib. O, bunun ardınca açıqlamasına ironik ton verməyə çalışıb: “Bu, maneə­siz səyahət variantlarından biridir”.

Separatçı generalın fikrincə, Er­mənistan Meğridən keçən yol məsələ­sində Azərbaycana güzəştə getməklə İranın Naxçıvana təsirini azalda bilər. Amma bu zaman Babayan xatırladıb ki, İran Zəngəzur yolunun açılmasını özü­nün qırmızı xətti elan edib və Ermənis­tanın siyasi rəhbərliyinə öz mövqeyini çatdırıb.

“Növbəti addım rəsmi Tehranı incit­məmək və bu yolun açılmasından im­tina etməkdən ibarət deyil. Bütün hal­larda ordunu gücləndirmək, Tehran və Moskva ilə əməkdaşlığı dərinləşdirmək lazımdır. İki yol var: Qərb bunu istəyir. Yəni qonşularımıza qarşı çıxmadan, həm də müttəfiqlərimizin maraqlarına zidd getmədən bu addımı atmağımı­zı tələb edir. Üçüncü variant yoxdur. Üçüncüsü “Dünyanın kəsişməsi”dir ki, bu da yeni hərbi qarşıdurmaya, regional müharibəyə gətirib çıxaracaq. Bu halda İran və Rusiya istəsələr də, istəməsələr də həmin müharibədə iştirak edəcək­lər”, – deyə Babayan bildirib. 

* * * 

Özünün reallıqdan uzaq proqnozları ilə ictimai rəylə manipulyasiya etməyə çalışan “general–leytenant” bununla Ermənistanın üç od arasında qaldığını nümayiş etdirir. İrəvandanmı, Yelisey sarayındanmı aldığı tapşırığa uyğun olaraq, S.Babayanın açıqlamasının al­tından Azərbaycana qarşı qərəz, riya­kar mövqe boylanır. İndiki məqamda “Azadlıq” radiosunun erməni xidmətinin Babayandan müsahibə götürməsi qə­tiyyən təsadüfi sayıla bilməz. 

ABŞ-dan maliyyələşən bu radi­onun sifarişli yazılar yazmaq sahəsi üzrə ixtisaslaşan “Le Fiqaro”, “Le Po­int” kimi ermənipərəst nəşrlərdən fərqi yoxdur. Məhz həmin nəşrlərdə Azər­baycan Fransaya qarşı genişmiqyaslı informasiya hücumu təşkil etməkdə gü­nahlandırılır. “Le Fiqaro” Yelisey sara­yından verildiyi şübhə doğurmayan tap­şırıqlar, tezislər əsasında heç bir fakt və arqumentə söykənməyən, cəfəng iddi­alar ortaya atır. Nəşrin yazdığına görə, Azərbaycan, guya, yeni müharibəyə hazırlaşır. “Erməni hərbçiləri Azərbay­can tərəfdən gözlənilən yeni müharibə təhlükəsi səbəbindən yüksək döyüş ha­zırlığı vəziyyətinə gətirilib” – nəşr iddia edib. Qəzetin bu xəbərdarlığı ermənilə­rin özlərini belə təəccübləndirib. 

İrəvan və Bakı arasında sülh müqa­viləsinin imzalanması istiqamətində ikitərəfli danışıqların canlandığı indiki məqamda bu cür riyakar, ikiüzlü diplo­matiyanın nümayiş etdirilməsini qərə­zin son həddi adlandırmaq olar. 

“Dahi strateq” Babayan Hayasta­nın düşdüyü böhrandan qurtuluş yol­larını arayır. Amma bu zaman reallığı və sadə bir həqiqəti unudur ki, onun ölkəsi üçün ən optimal çıxış yolu Pa­risdə hazırlanan riyakar planların ye­dəyində getməmək, Bakının təklif etdiyi sülh prosesinə qoşulmaqdır. Axı həm daxildə, həm də xaricdə düçar olduğu uğursuzluq zolağından çıxa bilməyən Makron iqtidarı Ermənistana sağlam nə vəd edə bilər? Onun haylara “bəxşiş” edə biləcəkləri yalnız özlərinə sərf edən müharibə, səfalət və gərginlik ola bilər. Əslində, rəsmi İrəvanın özü də bu gün Fransanın içində çapaladığı rəzil duru­mu düzgün qiymətləndirməli, qonşuları ilə buna uyğun şəkildə davranmalıdır. 

Özünü saldığı qondarma müharibə xofu fobiyasından ayıla bilməyən İrə­van Bakı ilə sülhə gəlməkdən savayı yolunun qalmadığını birdəfəlik anlamalı və bu həqiqəti qəbul etməlidir. Onu da başa düşməlidir ki, nə qədər ki, Azər­baycan və Türkiyəyə qarşı ərazi id­dialarının əks olunduğu və daim qan qoxusu gələcək konstitusiyasını dəyiş­məyib, digər normativ-hüquqi sənədlə­rini beynəlxalq hüquqa uyğunlaşdırma­yıb, o vaxtadək müharibə xofu “Damokl qılıncı” kimi Hayastan cəmiyyətinin başı üzərində parıldayacaq. Bunu biz arzulamasaq belə...

İmran BƏDİRXANLI
XQ



Siyasət