Rusiyanın mesajlarına Ermənistandan cavab

post-img

Yaxud qorxudan yaranan qaraqışqırıq

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda Ermənistanla bağlı dilə gətirdiyi fikirlər İrəvan siyasi dairələrində əməlli-başlı təlaş doğurub. Əlbəttə, bu təlaş hələ heç də o demək deyil ki, rəsmi İrəvanın təmsilçiləri qorxudan tez-tələsik Kremlin orbitinə qayıtmaq barədə qərar verəcəklər. Əksinə, Rusiya XİN başçısının bildirdiklərinə münasibətdə müqavimət görürük. Müqavimət necədir və mövcud xüsusda hansı məqamlar qabardılır? Söhbətimiz, əsasən, bu barədədir. Ancaq əvvəlcə Lavrovun nə dediklərinə diqqət yetirək. 

Beləliklə, Rusiyanın XİN başçısı bildirib ki, ölkə­si Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və əməli addımlarını həmin bəyanatları nəzərə ala­raq planlaşdıracaq. İlk mesaj budur. Ancaq başqa mətləblər də var. Məsələn, Lavrov deyib ki, Rusiya öhdəliklərin yerinə yetirilməsi və birgə inteqrasiya strukturlarında iştirakı ilə bağlı Ermənistandan ca­vab alacağına ümid bəsləyir.

Yəni, bu vaxtadək İrəvana heç nə demirdik, artıq deməyə başlayaca­ğıq. Gəldiyimiz qənaət XİN rəhbərinin növbəti fikirləri fonunda daha qabarıq nəzərə çarpır: “Biz həqiqətən istəyirik ki, erməni tərəfdaşlarımız qarşılıqlılıq prinsipinə əsaslanan müxtəlif inteq­rasiya strukturlarında, o cümlədən, KTMT-də bizi bağlayan razılaşmaları necə həyata keçirmək istədiklərini öz­ləri başa düşsünlər”.

Deməli, özləri başa düşsünlər, biz başa salmayaq. Əslində, bir qayda olaraq, Rusiya heç bir müttəfiqindən maksimalist tonda nə isə tələb etmir. Adətən, Kremlin hansısa dövlətlərlə bu baxımdan imzaladığı müqavilə yaxşı halda neytrallığı əsas götürür. Tutaq ki, Rusiya hazırda Ukrayna ilə müharibə aparır. Özü də Ukrayna müharibəsi, bütövlükdə, dünyaya qarşı açılmış sa­vaş məntiqinə köklənib. Amma Moskva müttəfiq münasibətlərində olduğu heç bir ölkədən öz ordusu ilə ona kömək göstərməsini istəmir. Məsələ yalnız onda deyil ki, Rusiyanın hərbi qüvvələ­ri kifayət qədər güclüdür və kənardan yardıma ehtiyac duymur... 

Moskva müttəfiqlik anlamından daha çox tərəfdaşlarını müəyyənləş­dirmək siyasi konseptinə köklənir. Er­mənistan isə Rusiyanın birbaşa strateji müttəfiqidir. Söhbət konkret müqaviləli şəkildə müəyyənləşmiş müttəfiqlikdən gedir. Mənəvi anlamda da ikincinin bi­rincidən nəyisə tələb etmək üçün daha böyük haqqı var. Ən azından, Rusiya­nın otuz ilə yaxın müddətdə Ermənis­tanı bəslədiyini vurğulaya bilərik. Mos­kva, hətta, Birinci Qarabağ müharibəsi zamanı İrəvanın işğalçılıq niyyətlərinin gerçəkləşməsində də ciddi və həlledici rol oynayıb...

Bütün bunlara baxmayaraq, Lavro­vun nəzərdə tutduğu qarşılıqlılıq prinsi­pində elə böyük mətləblər yoxdur. An­caq, əlbəttə, böyük mətləblərin nəzərə alınmaması kimi durum da ola bilməz. Bir halda ki, Ermənistan baş naziri Nikol Paşinyan Parisə işgüzar səfəri zamanı “France 24” telekanalının efi­rindən ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu deyir, deməli, Lavrov və ya qeyrisi buna aydınlıq gətirilməsini istəməlidir. Dondurmaq nə deməkdir? İrəvan bu qədər özbaşınadır ki, Ru­siyanın hakim rol oynadığı qurumla məzələnir? 

Əlbəttə, Ermənistan KTMT-də qal­maq istəmirsə, bəyanat verib oradan çıxa bilər və məsələ tamamilə bağlanar. Yox, əgər bunu edə bilmirsə, sərsəm ritorikadan uzaq durmalıdır. Nəhayət, hər şeydə bir əndazə olmalıdır. İrəvan üçün isə əndazə anlayışı yoxdur. Çün­ki dövlətin başında siyasi etikadan tam uzaq birisi – Nikol Paşinyan dayanır. 

Məlum olduğu kimi, indiyədək Er­mənistan rəhbərliyi KTMT-ni, guya, üzərinə düşən öhdəlikləri yerinə yetir­məməkdə günahlandırır. Rəsmi İrəvan bildirir ki, qurum 2022-ci ilin sentyab­rında Azərbaycan–Ermənistan şərti sərhədində yaşanmış insidentə səssiz qalıb. Daha dəqiq desək, guya, Ermə­nistanın torpaqlarının işğalına göz yu­mub, məsələyə siyasi qiymət verməyib.

KTMT-nin Azərbaycan–Ermənis­tan münasibətləri, o xüsusən də ikin­cinin birincini işğalçı adlandırması ilə bağlı müştərək qərarı budur: Azər­baycanla Ermənistan arasında sər­hədlər dəqiqləşmədiyindən, qurumun səlahiyyət dairəsini, daha doörusu, ikincinin ərazisinə təcavüzün gerçək­ləşib-gerçəkləşmədiyini müəyyənləş­dirmək mümkünsüzdür. Belə yanaşma həm də İrəvanın, ilk növbədə, Bakı ilə gərginliyi aradan qaldırmalı olduğunun mesajıdır. Nəzərə alaq ki, KTMT üzvlə­rinin hər birinin Azərbaycanla çox ciddi ikitərəfli münasibətləri var. Ancaq indi­nin özündə də İrəvan Bakı ilə əlaqələri qaydaya salmaqda maraqlı görünmür. Deməli, həm də KTMT üzvlərinin iradə­sinə qarşı çıxır. 

Əlbəttə, Ermənistanın istər KTMT müstəvisində, istərsə də digər istiqamət­lərdəki anti-Rusiya davranışı Qərbin sifarişidir. Kreml neçə müəddətdir buna dözür və ümid bəsləyir ki, İrəvan öz məh­vərinə qayıdacaq, Moskva ilə normal münasibətlər saxlayacaq. Ən azı, Qər­bin anti-Rusiya cəbhəsində iştirakdan, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq oyunlarından geri duracaq. Belə bir hal isə müşahidə edilmir, üstəlik, Ermənistan hər ötən gün Rusiyaya qarşı yeni həya­sızlıq motivləri uydurur. Mövcud durum­da Lavrov dilə gəlməyib, İrəvana nələri isə xatırlatmayıb nə etməlidir? 

***

Bəli, əvvəldə də vurğuladığımız kimi, S.Lavrovun haqqında söz açdı­ğımız fikirləri Ermənistanın siyasi da­irələrində təlaş yaradıb. Ancaq demək olmaz ki, bu hiss durumu düzgün səmtə doğru yönləndirmək, rasional davranma baxımından yetərlidir. Ha­zırda İrəvan, obrazlı desək, daha çox qorxusundan quyruğunu bulayan, an­caq hürməyi də yaddan çıxarmayan itin günündədir. 

Məsələn, politoloq Armen Pet­rosyan deyib ki, Ermənistan–Rusiya münasibətlərində dərin böhran hökm sürür, bunu siyasi və sözlü atışmalar sübuta yetirir. O, böhranın dərinləşdi­rilməsi təşəbbüsünün kimdən gəldiyini söyləməyin çətinliyini vurğulasa da, Ermənistanın təşəbbüskar qismində çıxış etməsinin fakt kimi qələmə veril­məməsinin tərəfdarıdır. Bu, o deməkdir ki, İrəvan münasibətlərin gərginləşmə­sində təşəbbüskardır, amma bunu heç də boş yerə etmir. Çünki Rusiyanın Er­mənistandan gözləntiləri var. Gözlənti nədir? Azərbaycanla danışıqlar platfor­masında Rusiyanı seçmək. Görəsən, Rusiya bunu istəməməlidir? İstəməlidir, çünki 44 günlük müharibəyə son qoya­raq, Ermənistanı Azərbaycanın əlindən alan, ölkəni tam iflasdan qurtaran Mos­kvadır, nə Avropadır, nə də ABŞ. 

Politoloq A.Petrosyan Antalya Dip­lomatik Forumu çərçivəsində Ermənis­tan və Rusiya nümayəndə heyətlərinin görüşünün reallaşmamasına da diqqət çəkib. Onun fikrincə, 2024-cü il qlobal dəyişikliklər baxımından həlledici ola­caq və bu kontekstdə Rusiyanın ay­dın mövqeyi nəzərə çarpır. Petrosyan hesab edir ki, əgər əvvəllər Moskva Ukrayna probleminə görə İrəvandan gələn bəyanatlara və hərəkətlərə pas­siv reaksiyalar göstərir və özünə qarşı ikinci cəbhənin açılmasından yayın­mağa çalışırdısa, indi qəti addımlara hazırdır. Rusiya deyir: “Ya bütün is­tiqamətlərdə bizimləsən, ya da heç bi­zimlə deyilsən!”. 

Erməni politoloq onu da bildirib ki, 2024-cü ilin aprel ayında Rusiyada ke­çiriləcək prezident seçkilərindən sonra Moskvanın Ermənistana qarşı daha aydın addımlar atacağı gözləniləndir. “Məsələn, Rusiya Ermənistanda qazın qiymətini artırarsa, bu, ciddi iqtisadi problemlər yaradacaq. Amma çətin ki, Ermənistana qaz nəqli dayandırılsın. Çünki bu, Ermənistan hakimiyyətinə deyil, Rusiyada bütün səviyyələrdə dost elan edilmiş erməni xalqına qarşı qeyri-dost addım kimi qəbul olunacaq”, – deyən Petrosyanın erməni həyasızlı­ğına kökləndiyi tam aşkardır. 

Bəli, erməni ictimai rəyini təmsil edən şəxslər Moskvanın qəti addımla­rına qarşı mənəvi amillərdən yararlan­mağa çalışacaqlar. Bu, hiss olunmaq­dadır. Əlbəttə, onlar başqa məqamları da gündəmə gətirirlər. Məsələn, Pet­rosyan deyir ki, Rusiyanın iqtisadi sıxmaları nəticəsində Ermənistan ha­kimiyyətinə qarşı əhali arasında daha kəskin narazılıq formalaşacaq. Bu isə qonşu ölkələrin – Azərbaycanın, Tür­kiyənin və İranın öz enerji resurslarını İrəvana satmasına şərait yaradacaq. 

Heç şübhəsiz, belə bir ritorikanın yada salınması Moskvanı şantaj cəh­didir. Nəzərə alaq ki, Petrosyan tək deyil. Lavrovun açıqlamasından sonra haqqında söz açdığımız məsələni gün­dəmə gətirənlər siyasi meydanda, necə deyərlər, at oynatmağa başlayıblar. 

A.Petrosyan açıqlamasında başqa mesajları da çatdırır. Deyir ki, Ermənis­tan rəhbərliyinin Avropa Birliyinə üzv­lüyə namizəd statusu üçün ərizə ver­məyə hazır olması ilə bağlı bəyanatları Moskvanın kəskin addımları qarşılığın­da İrəvanın nə edə biləcəyinə dair Ru­siyaya açıq siqnalın ünvanlanmasıdır. Onun sözlərinə görə, Aİ bu halda çox cəld reaksiya verəcək. Çünki qurum Ermənistanı Rusiyadan tam qoparmaq üçün fürsət gözləyir.

***

Sonda bildirək ki, politoloq A.Pet­rosyan hazırda Ermənistanın hakim siyasi komandasına yaxın çevrələrin təmsilçisi statusundadır. Yəni, bu şəxs Moskvanın İrəvana qarşı tutarlı ad­dımlarına qarşı cavab məntiqi üzrə, bir növ, ümumiləşdirilmiş obrazdır. Əlbət­tə, qarşıdakı müddətdə belə obrazla­rın sayının artacağını gözləmək müm­kündür. Onlar özlərinin bəyanatları ilə Rusiyanı daha da qıcıqlandırmaq yolu tutacaqlar. 

Əlbəttə, S.Lavrovun Antalyada səs­ləndirdiyi fikir fonunda Kremlin Ermə­nistana qarşı birmənalı sərt ritorikaya əl atacağını söyləmək tələsik olardı. Amma, hər halda, mesaj var idi. Hazır­da İrəvandakı reaksiyalar bu mesajın, belə demək mümkünsə, süngü ilə qar­şılandığının təsdiqidir. Deməli, Ermə­nistan hakimiyyəti anti-Rusiya fəaliyyə­tini aktiv saxlayacaq. 

Ə.CAHANGİROĞLU
XQ

 



Siyasət