Lavrovun Ermənistana 2 mesajının 1 hədəfi

post-img

Rusiyanın Cənubi Qafqazda yeniləşmiş köhnə siyasəti

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumu çərçivəsində keçirdiyi mətbuat konfransının Cənubi Qafqazla bağlı bölümündə iki məqam var idi. Birincisi, Azərbaycan–Ermənistan münasibətləri və regiondakı durum, ikincisi, Rusiya–Ermənistan əlaqələri. 

Birincidən başlayaq. S.Lavrov bildirir ki, Azərbaycan, Er­mənistan və Rusiya liderlərinin imzaladıqları sazişlər Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi üçün möh­kəm əsas olaraq qalır. Görəsən, o, nə demək istəyir?

Rusiya XİN rəhbəri vurğulayır ki, müxtəlif beynəlxalq platformalarda Azər­baycanla Ermənistan arasında hansısa görüşlərin təşkili və nəticələrin əldə olun­masına dair görüntünün formalaşdırılma­sı heç bir əhəmiyyət daşımır. 

İlk baxışdan, Lavrovun dedikləri qısqanclıq kimi qəbul edilə bilər. Amma reallığa diqqət yetirək. Məsələ burasın­dadır ki, indiyədək Azərbaycan və Er­mənistan liderləri arasında bir çox gö­rüşlər təşkil olunub. Mövcud xüsusda biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə aparılmış və Brüssel formatı kimi tarixə düşmüş danışıqları vurğulaya bilərik. Heç də demək istəmirik ki, bu format uğursuz oldu. Ən azı tərəf­lər bir-biri ilə müzakirə platforması əldə etdilər. 

Digər tərəfdən, yaxın tarixi – Rusi­yanın Qarabağ münaqişəsinin həllinin başqa vaxta saxlanılmasına dair bə­yanatlarını unutmayaq. Bəli, Moskva­nın Azərbaycan torpaqlarında de-fakto separatizm mahiyyəti daşıyan erməni varlığının saxlanılmasında maraqlı oldu­ğu xatirimizdən çıxmayıb. Kreml bunu Ermənistanı öz əlində saxlamaq planı­nın mühüm tərkib hissəsi kimi görürdü. Bakı–İrəvan nizamlamasının Qərb xətti, elə Brüssel formatının özü mövcud ten­densiyaya kökündən zərbə vurdu. Əlbət­tə, İrəvanın tam şəkildə Qərbə yuvarlan­ması da. 

Bəs, nəyə görə S.Lavrovun indi söy­lədiklərinə həssas yanaşılması vacibdir? Axı reallığa baxsaq, hazırda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəf­li sazişləri məntiqindən əsər-əlamət yox­dur. Hər halda, rəsmi İrəvan bu qənaət­dədir və fəaliyyətini tamam fərqli siyasi motivlər üzərində qurur. 

Böyük ölçüdə indiyədək də üçtərəfli Bəyanatın yalnız 44 günlük müharibəyə, yəni qan tölükməsinə son qoymasından başqa faydası yoxdur. Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan ge­dir. Digər tarixlərdəki iki bəyanat üzrə isə ümumən heç bir konkret irəliləyiş nəzərə çarpmayıb. Əslində, məsələyə fayda baxımından yanaşsaq, heç Brüssel for­matı da bir o qədər uğurlu sayıla bilməz. Nə olsun ki, Ermənistan baş naziri Qara­bağ da daxil olmaqla, Azərbaycanın əra­zi bütövlüyünü tanıdığını bəyan etmişdi? Fakt bu idi ki, 2023-cü ilin sentyabrına –Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinədək Qarabağda separatçı re­jim saxlanılır, bölgədə Ermənistan ordu­suna məxsus hərbi birləşmələr qalırdı. 

Azərbaycan sərfəli nəticələrin ha­mısını öz gücü hesabına qazanıb. Yeri gəlmişkən, Qarabağdakı Rusiya sülhmə­ramlılarının artıq canını tapşırmış qon­darma rejimin başbilənləri ilə qol-boyun səhnələrini, bölgəyə silah-sursat daşın­ması üçün, bir növ, patronajlıq etdiklərini az görməmişik. Habelə, Qarabağ ermə­niləri üçün gündəlik tələbat mallarının daşınması, onların gözündə yaxşı gö­rünmək mənzərələri qeydə alınıb. Elə isə yenə əvvəldə verdiyimiz suala qayıdaq. Daha doğrusu, sualın cavabına.

Bəli, S.Lavrovun söylədikləri ona görə vacibdir ki, hazırda Ermənistanın yerinə yetirməli olduğu öhdəlik həm də Rusiyanın Cənubi Qafqaz maraqları baxımından vacibdir. Deməli, üçtərəf­li Bəyanat məntiqində kulminasiya anı məhz budur. Söhbət Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldan gedir. O yoldan ki, ölkəmiz orada gömrük və sərhəd nəzarətinin olmamasını tələb edir və bu zaman Ermənistanın 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın doqquzuncu bəndini yerinə yetirməsini vacib sayır. Həmin bənddə göstərilir ki, İrəvan sözügedən yol üçün təminat ver­məli, orada təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidməti yaratmalıdır. Er­mənistan isə bunu özünün ərazi bütövlü­yünə və suverenliyinə zidd təmayül sayır, 1991-ci ilin Alma-Ata Bəyannaməsi mən­tiqini irəli sürür. 

Tam ayndındır ki, İrəvanın hazırkı yanaşması Qərbin diktəsidir. Ərazi bü­tövlüyü və suverenlik kimi dəyərlərlə ma­nipulyasiya yolu tutan Qərb çalışır ki, Ru­siya qlobal nəqliyyat tranzitindən kənar tutulsun. Təsadüfi deyil ki, Ermənistan siyasiləri, belə demək mümkünsə, Naxçı­vana yolun sərbəstliyini vurğulayan Azər­baycanı Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırırlar. Bu baxımdan, hətta, o da bildirilir ki, guya, Bakı Ukrayna ilə müharibədə tükənmiş Moskva üçün yeni gəlir mənbələri əldə etməyə çalışır, nəticədə İrəvanla yola getmir. 

Əlbəttə, bu iddiaların hamısı cəfəng­dir. Çünki ölkəmiz birmənalı qaydada öz maraqlarını düşünür. Bu maraqlar həm də ona hesablanıb ki, illərlə Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənis­tan avantürizm üçün yeni imkanlar əldə etməsin, onun qlobal nəqliyyat habında təmsilçiliyi, bilavasitə, Bakının diktə etdiyi şərtlər altında reallaşsın. Əks təqdirdə...

Əgər Ermənistan Naxçıvana yolun üçtərəfli Bəyanat məntiqi üzrə açılmasını istəmirsə, o zaman yol İran əraizisindən keçəcək. Ölkəmiz bu formulu önə çəkir. Belə yanaşma çox istəyən Ermənistanı azdan da edir. İrəvan beynəlxalq tranzit­dən kənarda qalır, təcrid duruma düşür. Daha doğrusu, təcriddə qalır.

Hadisələr vurğuladığımız yöndə da­vam edəcəyi təqdirdə, Qərb dünyası Ermənistanı bəsləmək məcburiyyətində qalacaq ki, buna isə razı deyil. Ona görə Bakı–İrəvan sülhü müstəvisinə region­da nəqliyyat-kommunikasiya əlaqələri­nin bərpası məntiqi də gətirilir. Halbuki, məsələ, kifayət qədər, konkretdir: ya Er­mənistan Azərbaycanın Naxçıvana yol hüququnu tanımalı, ya da sülh müqavilə­si imzalanmalı, Naxçıvana yol açılmalı­dır. Azərbaycan yolun İran ərazisindən keçməsini məqbul sayırsa, bunun İrəva­na dəxli olmamalıdır. 

Üstəlik, sərhədlərin dəqiqləşməsinə gəlincə, mövcud istiqamətdə də hər şey aydındır. Azərbaycan Ermənista­nın 1970-ci ildən sonrakı keçmiş SSRİ xəritələrini əsas tutması və bu xüsusda Alma-Ata Bəyannaməsini ehkamlaşdır­ması ilə razı deyil. Çünki belə yanaşma ədalət anlayışından uzaqdır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, hər iki ölkənin sərhəd komissiyaları tərkibində ekspert qrupları yaradılmalı və onlar əra­zini qarış-qarış gəzərək iş görməlidirlər. Yəni, bir halda ki, Ermənistan öz öhdə­liklərini yerinə yetirmək istəmir, üstəlik, Azərbaycana məxsus kəndləri hələ də işğalda saxlamaqda israr edir, ölkənin addımlayacağı heç bir yol rəvan olmama­lıdır. İrəvan Bakı ilə sülh müqaviləsi kimi üstünlüyə də yiyələnməməlidir. 

S.Lavrov bütün bunların üçtərəf­li Bəyanat məntiqindən izahatını verə, Rusiyanın Cənubi Qafqaz maraqların­dan çıxış edə bilər. Həm də ona görə ki, hazırda regionda Avropa İttifaqının mülki müşahidə missiyası var. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xü­susi nümayəndəsi Tovio Klaarın Antalya Diplomatik Forumunda bildirdiyi kimi, sözügedən missiya Azərbaycanla Ermə­nistan arasında təminatlı sülh müqaviləsi imzalanmayanadək orada qalacaq. 

Qeyd edək ki, missiya məntiqinin arxasında Qərbin sülh diktəsi dayanır. Diktə budur ki, sülh nəqliyyat-kommu­nikasiyaları üçün Ermənistan habı for­muluna əsaslansın. Yəni, Azərbaycanın Naxçıvana yol xüsusunda irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” mən­tiqi kənara qoyulsun. 

Ancaq Qərbin bildirdiyi yalnız bu de­yil. Ortada həm də şantaj ritorikası var. Bir halda ki, onun istədiyi olmur, o za­man Ermənistan təhdid alətinə çevrilə­cək. Ölkənin silahlandırılması da bundan qaynaqlanır. Silahlandırma fonunda şərti sərhəddə gərginlik səhnələri yaşanır, qanlı insidentlər qeydə alınır. Yəni, Qər­bin bəzi dairələri göstərmək istəyirlər ki, Naxçıvana Ermənistan ərazisi kimi qəbul etdikləri yoldan fərqli yolun seçilməsi ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsizliyinə təminat olmayacaq. İrə­van təxribatlar törədəcək, Azərbaycan əks addım atacağı təqdirdə işğalçı dam­ğası ilə üzləşəcək. Mövcud trayektoriya­da İrəvanın sipəri və sığortası isə Aİ-nin müşahidə missiyası olacaq. 

Həm də bunlara görədir ki, Azərbay­can–Ermənistan münasibətlərinin nizam­lanması baxımından üçtərəfli Bəyanatın alternativsiz olduğunu deyən S.Lavrov diqqəti Bakı ilə İrəvan arasında “müxtəlif Qərb xadimlərinin himayəsi altında” təş­kil edilmiş təmaslara yönəldib. “Məncə, irəliləyiş (red. – nizamlanma prosesində) üçtərəfli razılaşmaların nə dərəcədə vic­danla yerinə yetirilməsindən asılı olacaq”, – deyən Lavrov habelə bildirib ki, Moskva həm regionda bütün kommunikasiya ka­nallarının blokdan çıxarılmasını, həm də sərhədin demarkasiyasına və müvafiq olaraq sülh müqaviləsinin hazırlanmasına bundan sonra da dəstək verməyə hazırdır. Lavrov onu da xatırladıb ki, Rusiya Bakı–İrəvan tənzimləməsinə kömək məqsədi ilə xüsusi təyinatlı səfir təyin edib. Həmin səfir artıq Bakıda olub, İrəvana səfər plan­laşdırır. Lakin: “İrəvandakı həmkarlarımız onun səfərini təsdiqləməyib”.

Rusiyanın XİN rəhbəri, eyni zaman­da, deyib ki, ölkəsi Ermənistan rəh­bərliyinin bəyanatlarını izləyir və əməli addımlarını bunları nəzərə alaraq plan­laşdıracaq. Bu yerdə Lavrovun mətbuat konfransında bildirdiklərinin ikinci hissə­sinə keçid almağı zəruri sayırıq. O vurğu­layır ki, Rusiya öhdəliklərin yerinə yetiril­məsi və birgə inteqrasiya strukturlarında iştirakı ilə bağlı Ermənistandan cavab alacağına ümid bəsləyir. Bu nə demək­dir? Yəni, XİN rəhbəri indiyədək İrəvanın nazı ilə çox oynanıldığının mesajını verir. 

Məlum olduğu kimi, Ermənistan rəh­bərliyi yalnız Kremlin Bakı – İrəvan tən­zimləməsindəki rolunu heçə endirmir, eyni zamanda, Azərbaycanla münasibət­lər xüsusunda özünün də tərkibində yer aldığı və Rusiyanın hakim rol oynadığı təşkilatların nüfuzunu heçə endirir. Bu mənada İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot etməsi üzə­rində dayanmağa ehtiyac var. Yeri gəl­mişkən, deyək ki, Ermənistanın baş naziri bir müddət əvvəl Parisdə işgüzar səfər­də olarkən, “France 24” telekanalının efirində daha “irəli gedərək” demişdi ki, ölkəsi KTMT-dəki fəaliyyətini dondurub. Görünür, bu bəyanat Rusiyanı hərəkətə gətirib. Ona görə Lavrov indiyədək müra­ciət edilməyən ritorikaya üz tutur. O deyir: “Biz həqiqətən istəyirik ki, erməni tərəf­daşlarımız qarşılıqlılıq prinsipinə əsasla­nan müxtəlif inteqrasiya strukturlarında, o cümlədən, KTMT-də bizi bağlayan razı­laşmaları necə həyata keçirmək istədiklə­rini özləri başa düşsünlər”.

Məlum olduğu kimi, indiyədək Ermə­nistan rəhbərliyi KTMT-ni, guya, üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırır. Rəsmi İrəvan bildirir ki, qurum 2022-ci ilin sentyabrında Azər­baycan – Ermənistan şərti sərhədində yaşanmış insidentə səssiz qalıb. Daha dəqiq desək, guya, Ermənistan torpaqla­rının işğalına göz yumub, məsələyə siya­si qiymət verməyib. 

Yada salaq ki, KTMT sözügedən sərhəd insidenti ilə bağlı müzakirəni 2022-ci ilin noyabrında qurumun İrə­vanda keçirilmiş sammitində aparmışdı. Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı toplantıda belə qərara alınmış­dı ki, Azərbaycan–Ermənistan sərhədləri dəqiqləşmədiyindən, KTMT-nin təsir da­irəsini müəyyənləşdirmək mümkünsüz­dür. Lakin Paşinyan və onun komandası məsələnin bu cür qoyuluşunu qəbul et­məmiş və durumu özünə qarşı haqsızlıq kimi dəyərləndirmişdi. Ötən iki il ərzində rəsmi İrəvan bu ritorikanı daha da geniş­ləndirmiş, KTMT-nin tədbirlərini boykot yolu tutmuş və nəhayət, baş nazir N.Pa­şinyan “France 24”ün efirindən haqqında söz açdığımız “dondurmaq” məsələsin­dən danışmışdı. 

Hazırda S.Lavrovun bildirdikləri isə o anlamı verir ki, daha Ermənistanın nazı ilə oynamaq fikrində olmayan Rusiya qarşı tərəfdən KTMT ilə əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etməyə başlayacaq. Əlbəttə, bu deyimin rəsmi İrəvanı qorxuya salacağını göz­ləmək doğru olmaz. Əksinə, azğınlaş­dıracaq. Nə də demək düzgün deyil ki, Moskva ipə-sapa yatmayan İrəvanı sərt şəkildə cəzalandırmaq üçün hansısa mü­hafizəkar addımlara əl atacaq. 

Ancaq Lavrovun bildirdikləri, ümumən, yuxarıda diqqətə çatdırdığımız hər iki xüsus baxımından siqnal sayıla bilər. Nəzərə alaq ki, Ermənistanın öh­dəliklərini yerinə yetirmək istəməməsi ilə bağlı duruma kompleks yanaşılması şərtdir. Yəni, həm üçtərəfli bəyanat, həm də ölkənin üzv olduğu KTMT müstəvisi aktualdır. 

Aktuallıq və Lavrovun dilə gətirdik­ləri fonunda bir sıra məqamların vur­ğulanması həm də o deməkdir ki, Ru­siya Ermənistanın, belə demək demək mümkünsə, məhvərindən getdikcə daha çox çıxdığının fərqindədir. Deməli, buna qarşı hələlik sərt tədbirlərin gerçəkləş­dirilmə ehtimalı o qədər yüksək olmasa da, Kreml əvvəldə üz tutmadığı hansısa əks-fəaliyyət müstəvisinə start verəcək. Məsələn, iqtisadi müstəviyə. Məlum ol­duğu kimi, hazırda Ermənistanın iqtisa­di yüksəlişində başlıca amil Rusiyadır. Görünür, bunu Ermənistan rəhbərliyinin yadına əməli iş müstəvisində salmağın vaxtı çatıb. Sonra nəyin vaxtı çatıb, bunu zaman göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət