Suveren dövlətin hüquqi toxunulmazlığı

post-img

 (Azərbaycan nümunəsində)

II MƏQALƏ

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanıl­ması, daimi, əbədi olması bundan da çətindir.

Heydər ƏLİYEV,

Ümummilli lider

Cənubi Qafqaz – geosiyasi savaş meydanı

I məqalədə müstəqil dövlətin hüquqi toxunulmazlığının yalnız güclü dövlət qurmaqla təmin olunduğu barədə tezi­simizi regional geosiyasətin özəllikləri fonunda bir qədər geniş izah etməyə çalışaq. Məsələ ondadır ki, XXI əs­rin ilk onilliklərində belə bu problemin politoloji-nəzəri təhlili başa çatmamış­dır. Əlbəttə, hər kəs anlayır ki, dövlət müstəqildirsə, ona toxunmamaq haqqın­da beynəlxalq hüquqda kifayət qədər ay­dın maddələr mövcuddur. O da sirr deyil ki, beynəlxalq təşkilatlar hər bir suveren dövlətin toxunulmaz olması üçün məsu­liyyət daşıyırlar. Lakin məsələ reallığa gələndə nonsens xarakterli elə məsələlər meydana çıxır ki, hətta nəzəri olaraq həqiqət, obyektivlik və ədalətin harada olduğunu müəyyən etmək çətinləşir. Cə­nubi Qafqazla bağlı bir neçə nümunədə vurğulanan sonuncu fikri aydınlaşdıraq.

Məsələ ondan ibarətdir ki, praktik geosiyasətdə və siyasətdə böyük döv­lətlərin nüfuz savaşı daim olmuşdur və olmaqdadır. Cənubi Qafqazla bağlı rəqa­bət daha kəskin və amansız olmuşdur. Qərb, Rusiya, İran və Türkiyə arasında bu məkanda üstünlük uğrunda mübarizə tarixin bütün dönəmlərində xüsusi məz­mun almışdır. XX əsrin sonu–XXI əsrin əvvəllərində isə bu məsələ xeyli kəskin, riskli, qeyri-müəyyən və hərbi toqqquş­malar ehtimalının artması fonunda daha qorxulu məzmun almışdır. Fəlsəfi, siya­si-nəzəri və hüquqi araşdırmaların ana­lizi göstərir ki, hələlik vurğulanan böyük güclər arasında mübarizədə yeni çağı­rışların ruhuna uyğun situasiya formalaş­mamışdır – hər bir güc mütləq üstünlük almağa can atmaqdadır. Bu məqamı da iki istiqamətdə özünü göstərən geosiyasi mübarizənin fonunda görmək olar.

Regionda “geosiyasi zəlzələ xətti”

Birinci istiqaməti Qərb–Rusiya qar­şıdurması təşkil edir. İki tərəfdən hər biri digərinin dominantlığını heç bir halda qəbul etməyəcək kimi görünür. Bu cür birtərəfli və geosiyasi qarşıdurmanı də­rinləşdirmək mahiyyətli mübarizədə zərər görən kimlər olacaq? İlk növbədə, əlbət­tə, Cənubi Qafqaz dövlətlərinin hüquqi toxunulmazlığı ziyan görəcək. Çünki bö­yük güclər onlardan istifadə edərək öz siyasətlərinin “obyektivliyini”, “regional maraqlara cavab verdiyini” və hətta “böl­gəyə inkişaf, demokratiya, sülh gətirdiyi­ni” əsaslandırmağa calışırlar. 

Hazırda bu oyun ABŞ–Rusiya və Fransa–Rusiya istiqamətlərində daha da kəskinləşmişdir. Bu iki xəttin kəsişməsin­də əsas olaraq Ermənistan hüquqi toxu­nulmazlığını itirməkdədir. Səbəbi də on­dan ibarətdir ki, Ermənistan artıq 30 ildən çoxdur ki, müstəqil güclü dövlət qurmaq kursunu dövrün tələblərinə uyğun müəy­yən edə bilməmişdir və o, faktiki olaraq postsovet məkanının ən zəif dövlətidir. Burada nə iqtisadiyyat, nə demokratiya, nə də regional konstruktiv siyasət möv­cuddur. Bu cür zəif dövlətçilik Ermənis­tanla yanaşı, regiondakı digər dövlətləri də qeyri-müəyyyənliyə və risklərə sürük­ləyir. Ermənistan indi faktiki olaraq regi­onal parçalanmanın “geosiyasi zəlzələ xətti”nin üstündədir. 

İkinci istiqaməti İranın yarı üstüörtü­lü, yarı açıq surətdə Cənubi Qafqazda Türkiyə–Azərbaycan geosiyasi gücünə qarşı mübarizədən əl çəkməməsi təşkil edir. Bunu həm təhlükəsizlik, beynəlxalq layihələrdə iştirak, nəqliyyat-loqistika xid­məti, həm də qarşılıqlı faydalı regional əməkdaşlıq platformalarında Tehranın mövqeyi təsdiq edir. 

İranda Azərbaycan səfirliyinə qarşı terror edildi. O ölkədə yaşayan azərbay­canlıların hüquqları pozulmaqda davam edir. Türkiyənin qaz habı olması layihəsi konkret reallaşma mərhələsinə çatanda İran Prezidenti Rəisi bəyan etdi ki, İran dünyada təhlükəsiz ən böyük qaz habı yarada bilər. Bunlardan başqa, İranın rəsmi şəxsləri və siyasiləri zaman-zaman Azərbaycan haqqında qərəzli fikirlər irəli sürür, eyni zamanda, Cənubi Azərbay­canda yaşayan milyonlarla Azərbaycan türkünün haqlarından söz açılmasını qısqanclıqla qarşılayırlar. 

Təbii ki, Cənubi Qafqazda üç müsəl­man dövlətinin bu cür münasibətdə olma­sı onların heç birinə fayda vermir. Lakin məsələnin ən pis tərəfi ondan ibarətdir ki, bu cür vəziyyətin nə üçün dövlətin hüquqi toxunulmazlığına və suverenliyinin tam təmin edilməsinə risklər yaratdığını rəsmi Tehran qəbul etmk istəmir. Hələ israrla “mən deyən olmalıdır!” məntiqi ilə zərər verir, özünün təhlükəsziliyi baxımından isə yerində sayır.

Burada geosiyasi baxımdan təzadlı və düşündürücü bir situasiya ilə qarşı­laşırıq. Və sanki F.Fukuyamanın “güc­lü dövlət” anlamı ilə bir ziddiyyət özünü göstərir. Eyni zamanda, məsələ yalnız F.Fukuyamanın “güclü dövlət” anlayışı­nın geosiyasi və siyasi-nəzəri anlamı­nın praktiki funksional müstəvidə özünü göstərən ziddiyyətlərlə məhdudlaşmır. ABŞ, Avropa dövlətləri, Rusiya və İranın Cənubi Qafqazdakı fəaliyyətləri göstərir ki, beynəlxalq miqyasda qeyri-müəyyən­liyi, qanunsuzluğu yalnız dövlətlərin zəif olması yaratmır. Həm də daha çox ola­raq güclü dövlətlərin davranışları yaradır. Çünki onlar öz güclərinə arxalanaraq, müstəqil dövlətin hüquqlarını pozur, on­ların daxili işlərinə qarışırlar. 

Belə çıxır ki, hansısa bir geosiyasi məqamda güclü və zəif dövlətlərin geo­siyasi kontekstdə oxşar identikliyi vardır. Bu identiklik, təəssüf ki, müsbət alnamda deyildir – hər ikisi regional hüquqsuzlu­ğa, müstəqilliyə, suverenliyə və toxu­nulmazlığa qarşı çalışa bilirlər. O halda F.Fukuyama və başqa filosof, sosioloq və politoloqların (məsələn, Çester Kroker) “zəif” dövlətlər və ya “yalançı” dövlətlər beynəlxalq nizamın vacib probleminə çevrilmişdir” kimi fikirləri real vəziyyəti yarımçıq ifadə etmiş kimi görünür. Xü­susilə, Cənubi Qafqazda bu problem müstəqil dövlətçilik, suverenlik və hüquqi toxunulmazlıq kontekstlərində çox ciddi əngəllərə yol açmaqdadır. Fikrimizi fakt­larla izah edək.

“İnforser”: geosiyasi “qoçu”?

“İnforser” müxtəlif mənalar daşıyan termindir. Geosiyasi nəzəriyyələrdə bu anlayış dünya miqyasında nizam yara­dan, faktiki olaraq qlobal miqyasda döv­lətlərarası münasibətləri tənzimləyən dövlət və ya dövlətlər qrupunu ifadə edir. Bu mənada, “inforser” müsbət anlamdır. Lakin tədqiqatçılar XX əsrin sonu və XXI əsrin əvvəllərindən dünya üzrə real ola­raq tənzimləyici inforser rolunu oynaya bilən gücün olmadığı haqqında tez-tez yazırlar. Onlar hesab edirlər ki, bu, ABŞ-ın liderlik mövqeyinin zəifləməsi ilə bağlı­dır. Bununla yanaşı, həmin güclü dövlət­lər müsbət anlamda tənzimləyici rolunu oynamamağa daha çox meyillidirlər. On­lar indi “inforser”in amerikan jarqonunda ifadə etdiyi “küçə qoçusu”, “qanqster” anlamlarına daha çox uyğun gəlir. Yəni dünyada geosiyasi nizam-intizamı, döv­lətlərin müstəqilliyinin və suverenliyinin təmin edilməsini “qoçuluq” üsulu ilə tən­zimləməyə çalışırlar. Nəticədə bütövlük­də qlobal geosiyasi mühit kriminallaşır, obrazlı desək, dünyanı “qoçular idarə edir”.

Məhz bu məqamda da güclü və zəif dövlətlər arasında geosiyasi kontekstdə fərqlər aradan qalxır – hər ikisi xaosa, hüquqsuzluğa rəvac verir və müstəqil­liyə real təhlükə yaradır. ABŞ gücündən istifadə edib Ermənistanın qanunsuz davranışlarını müdafiə edəndə, Rusiya üstüörtülü rəsmi İrəvana arxa duranda, Fransa açıqca təcavüzkarı müdafiə edib ona silahlar satanda və İran “Ermənistan sərhədi qırmızı xəttimdir” deyəndə, eyni dərəcədə öz güclərini “qoçu” kimi tətbiq etməyə çalışırlar. Bütün bunların riskli və fəlakətli trayektoriyası isə üç Cənu­bi Qafqaz dövlətinin suverenliyi, hüquqi toxunulmazlığı və müstəqilliyinin “müm­kün sərhədləri” üçün ciddi təhlükələr “zonasında kəsişir”, bir-birilərini motivə edirlər. 

Əlbəttə, bunlar paradoksdur, sağlam düşüncəyə ziddir. Lakin reallıqdır. Buna görə də Cənubi Qafqazda yerli dövlət­lərin nə dərəcədə həqiqi anlamda güclü olmasını böyük güclərin istədiyi məsələsi açıqdır. Bizcə, onlar bunu nəinki istəmir­lər, hətta müxtəlif bəhanələrlə qarşısını almağa çalışırlar. 

Bütün bunların fonunda Azərbaycan Respublikasının həqiqi mənada güclü dövlətə çevrilməsi, hüquqi toxunulmazlı­ğa nail olması və suverenliyini tam təmin etməsi tarixi qəhrəmanlıq, siyasi məharət və geosiyasi şücaət kimi görünür. Bakı bunlara necə nail olmuşdur?

Cənubi Qafqazın güclü dövləti – Azərbaycan zəif dövlətçiliklə güclü döv­lətçiliyin Cənubi Qafqazda kəsişən geo­siyasi ziddiyyətləri şəraitində güclü dövlət olmağı bacardı. Azərbaycanın zəif olma­sı geosiyasi rəqiblərinin arzusudur. Bu­nun üçün imkanları daxilində çox sayda süni əngəllər də törətdilər. Buna qarşı ulu öndər Heydər Əliyev Cənubi Qafqazda güclü dövlət olmaq modelini qoydu. Yəni, Heydər Əliyev duyğularla deyil, strate­ji siyasi zəka və diplomatik məharətlə hərəkət edərək nəzəri səviyyədə “Güc­lü Azərbaycan konsepsiyas”ını yaratdı. Eyni zamanda, həmin konsepsiyanı özü eksklüziv formada praktiki fəaliyyətdə hə­yata keçirməyə başladı.

Güclü Azərbaycan müstəqil dövlətini yaratmaq mövcud tarixi mərhələdə ol­duqca çətin bir vəzifə idi. Çünki XX əsrdə Azərbaycan dövlətçiliyinin tarixi göstərir ki, Bakının hər hansı müstəqil və güclü olmaq cəhdinə qarşı yaxında və uzaqda olan bir sıra daha güclü dövlətlər müxtəlif təxribatlar hazırlayırlar. Həmin təxribatlar ölkəni və cəmiyyəti parçalamaqla yanaşı, dövləti kənar dağıdıcı təsirlər burulğanı­na salmaq planlarını da ehtiva edir. Bu­nunla da güclü Azərbaycan yaratmağın qarşısına üç səviyyədə problemlər çıxa­rırlar.

Birinci səviyyə, cəmiyyəti daxildən müxtəlif sosial-psixoloji faktorlara görə fraqmentləşdirmək və mümkün olsa, uzun müddət qala biləcək formada par­çalamaq. Bunun üçün informasion və ideoloji təsirlərə üstünlük verirlər. İnfor­masiya təsirlərində aparıcı yeri Azərbay­canın ölkə, dövlət, cəmiyyət kimi müasir tələblərə cavab verməyən xüsusiyyətlərə malik məkan kimi təqdimatı tutur. Bu sı­rada həm mədəniyyət, həm də məzhəb faktorlarından süni istifadə etməyə ça­lışırlar. Ümumilikdə, hər iki üsulu birləş­dirən məqam Azərbaycan cəmiyyətini müasir mədəniyyəti olmayan, həqiqi si­yasi liderlər və yüksək səviyyəli ziyalılar yetişdirə bilməyən, özünüinkişaf etdir­mək potensialı zəif olan və öz tarixini müəyyənləşdirə bilməyən toplum qismin­də təqdim etməyə çalışırlar. 

Ulu öndər bütün bu süni əngəllərə, təhlükəli informasiyalara və təxribat xa­rakterli siyasi-ideoloji fəaliyyətlərə qarşı çox səmərəli və nəticə verən formada mübarizə apardı. Qısa müddətdə Azər­baycanın dostu olmaq istəməyən dairələr qarşılarında güclü lideri, siyasi müstəqii­liyə xidmət edən idarəetmə institutlarını, cəmiyyəti birləşdirən azərbaycançılıq ideologiyasını, ölkənin hərtərəfli və uzun­müddətli inkişafını təmin edəcək strateji proqramları (məsələn, neft strategiyası, sosial-iqtisadi inkişaf strategiyası, güclü iqtisadiyyatın formalaşmasını stumullaş­dıracaq infrastrukturun yaradılmasını, cəmiyyəti mədəniyyət aspektində daxil­dən toparlayıb geridönməz inteqrasiya yoluna çıxaracaq multikulturalizm kon­sepsiyasını və s.) gördülər. Onların sı­rasında güclü ordu konsepti ayrıca yer tuturdu.

“Güclü Azərbaycan” konsepsiyasının əsas şərtləri

Bununla Heydər Əliyev və dahi lide­rin siyasi varisi İlham Əliyev faktiki ola­raq “Güclü Azərbaycan konsepsiyası”nın başlıca tərkib hissələrini dəqiq müəyyən­ləşdirərək güclü dövlət quruculuğunu da­vamlı tərəqqi məcrasına yönəldə bildilər. Yuxarıdakı təhlildən görünür ki, bu kon­sepsiyanın əsas sütunları aşağıdakılar­dır:

– Yeni güclü liderə malik olmaq;

– ərazi bütövlüyü və tam suverenliyi təmin edilmiş müstəqil siyasət yeridən dövlət formalaşdırmaq;

– dövlət idarəetməsinin səmərliliyini artırmaqla müstəqil dövlətin qurulmasına xidmət edən mükəmməl və nəticəverici idarəetmə mexanizmləri hazırlamaq;

– güclü iqtisadi sistemin güclü dövlət quruculuğunun təməli olmasını təmin et­mək;

– yeni enerji strategiyasının birbaşa milli maraqlara və milli təhlükəsizliyə xid­mət edən forma, struktur və funksiyaya malik olmasını təmin etmək;

– azad vətəndaş cəmiyyətinin forma­laşmasını təmin edəcək güclü və həmrəy toplum yaratmaq;

– güclü cəmiyyətlə güclü dövlətin bir-birini tamamlamasını multikultural dəyərlər əsasında təmin etmək;

– güclü ordu və güclü müdafiə səna­yesi yaratmaqla ölkənin təhlükəsizliyinə nail olmaq.

Bu istiqamətlərin ayrılıqda hər biri və qarşılıqlı əlaqədə sistem olaraq Azərbay­canda güclü dövlət yaradılmasına xidmət etməkdədir. Məhz onların yekun təsi­ri sayəsində Azərbaycan müstəqlliyini, hüquqi toxunulmazlığını davamlı inkişaf fonunda təmin etməyə nail oldu. Məslə­nin bu aspekti üzərində geniş dayanmaq lazım gəlir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət