Azərbaycan 32 il dünya birliyində
Bəri başdan deyək ki, xalqımız öz tarixi boyu çox sahələrdə özünəməxsus nümunələr yaratmışdır. Məsələn, söz sənətində Nizami Gəncəvinin “Xəmsə”si, memarlıqda Əcəmi Naxçıvani izi, musiqidə Üzeyir Hacıbəyov dünyası, idarəetmə və dövlətçilik sahəsində Heydər Əliyev zirvəsi, sözün həqiqi mənasında, mükəmməllik nümunələridir.
2020-ci ilin payızında isə biz beynəlxalq aləmdə səs salan, hələ uzun illər unudulmayacaq hərb sənəti nümunəsi də formalaşdırdıq. Qətiyyətlə deyə bilərəm ki, bu nümunəni formalaşdırmağımızın hüquqi bazası məhz 32 il əvvəl sıralarına qatıldığımız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum qətnamələri olmuşdur. Bu faktı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə səsləndirmişdir. Doğrudur, xalqımızın tarixində əvvəllər də çoxsaylı hərbi uğurlarımız olmuşdur. Onlar da bizim üçün dəyərlidir. Ancaq dövlət müstəqilliyimizin bərpasından sonrakı uğurlar daha qürurvericidir.
...Xatırladaq ki, 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə üzv dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə əsasən, götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, ölkələrin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı və BMT-nin məqsədlərinə zidd olan hər hansı bir şəkildə güclə hədələməmə və ya güc tətbiq etməmə, Nizamnaməyə əsasən, BMT tərəfindən aparılan fəaliyyətə üzv dövlətlər tərəfindən dəstəyin göstərilməsi, təşkilata üzv olmayan dövlətlər tərəfindən BMT prinsiplərinə riayət olunma, üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmə daxildir. Elə ona görə də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən dərhal sonra bu mötəbər təşkilatın üzvü olmaq üçün müraciət etdi və cəmi bir neçə ay sonra – 1992-ci il martın ilk günlərində BMT üzvlüyünə qəbul edildi.
Bu məqamda xüsusilə qeyd edilməli faktlardan biri də odur ki, Azərbaycan Respublikası 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü seçilmişdir. Təbii ki, bu, bizim təşkilat çərçivəsindəki səmərəli fəaliyyətimizin və dövlətimizə göstərilən böyük etimadın nəticəsi idi. Ölkəmiz qeyri-daimi üzvlüyə 17 raundluq səsvermədən sonra 155 səs toplayarq seçilmiş, 2012-ci il mayın 1-dən BMT TŞ-yə sədrlik etmişdir. O da maraqlıdır ki, ölkəmiz bu quruma sədrlik estafetini ABŞ-dən almış və sədrliyi başa çatdıqdan sonra həmin vəzifəni Çinə ötürmüşdür. Yəqin ki, hörmətli oxucular bu siyahıya diqqət yetirdilər – ABŞ, Azərbaycan, Çin. Onu da əlavə edək ki, ölkəmizin sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.
Yenə qayıdaq əvvələ, insafən, bizim orada təmsil olunduğumuz ilk onillikdə də BMT Təhlükəsizlik Şurasının rəhbərliyi öz prinsiplərinə əməl edərək, Ermənistanın separatçılıq, işğalçılıq, terrorçuluq və vandallıq əməllərini qınayaraq, düşmən ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən məlum qətnamələri qəbul etmişdi. Ancaq “soyuq müharibə”nin başa çatmasından sonra yaranan siyasi riyakarlıqlar, ikili standartlar və dünyanın yenidən bölüşdürülməsinə çalışan siyasi mərkəzlərin çirkin oyunları həmin qətnamələrin icrasına imkan vermədi.
Xatırladaq ki, bu, ötən əsrin son onilliyinin reallıqları idi və həmin dövrdə heç kəs Azərbaycanın səsini eşitmək istəmirdi. Yeni əsrin üçüncü onilliyində isə biz öz haqq səsimizi dünyanın hər yerində eşitdirdik. Bu prosesdə də BMT tribunasının rolu az olmadı. Belə ki, Azərbaycan Ordusu işğalçı erməni silahlı birləşmələrini ərazilərimizdən iti qovan kimi qovdu. Elə ilk həftələrdə hayların beynəlxalq aləmdəki havadarları, xüsusən, BMT Təhlükəsizlik Şurasının üzvü Fransa bu beynəlxalq təşkiatın Baş Assambleyasının gündəliyinə “Azərbaycanın hərbi əməliiatlarının dayandırılması” təşəbbüsü ilə məsələ çıxartmışdı.
O günlərdə ordumuz hansı sürətlə irəliləyirdisə, siyasət və diplomatiyamız da öz fəaliyyətini eyni sürətlə davam etdirərək, həmin anti-Azərbaycan məzmunlu layihənin qarşısını almağa nail olmuşdu. Bu fəaliyyətimizin istiqamətvericisi Prezident İlham Əliyev olsa da, əsas dəstəkçilərimiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının fəal üzvü olan dövlətlər idi.
Xüsusilə vurğulanmalı başqa bir məqamı da yada salaq. Azərbaycan Prezidenti İlham Əliyev ötən il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Xatırlatdı ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır: “2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.
Sonda bu gün üçün aktuallığı və beynəlxalq əhəmiyyəti baxımından xüsusi maraq kəsb edən başqa bir faktı da yada salaq. Ötən il sentyabrın 23-də region mətbuatı yazırdı ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb. Bakı Təşəbbüs Qrupunun həmin günlər BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” Konfransının iştirakçıları olan Fransa zərərdidələri müstəmləkəçiliyə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.
Azərbaycanın BMT-dəki fəaliyyəti ilə bağlı olan yazıda Yaşar Əliyevin həmin görüşünü də xatırlatmağımız təsadüfi deyil. Çünki adı çəkilən tədbirdə BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) fəaliyyəti, dənizaşırı ərazilərlə komitə arasında əməkdaşlığın qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb, C24-ün mütəmadi təşkil etdiyi regional tədbirlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə diqqətin artırılması, dənizaşırı ərazilərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün mümkün platformalardan istifadənin zəruriliyi qeyd olunub. Yəni, Bakı Təşəbbüs qrupu, eyni zamanda, BMT-nin müvafiq qurumunun fəaliyyətini də stimullaşdırır. Odur ki, Azərbaycanın BMT-dəki fəaliyyətini xarakterizə edən “Prinsipial mövqe, səmərəli fəaliyyət və stimulverici addımlar” ifadəsini sərlövhəyə çıxarmaqda da tam haqlıyıq.
Çünki biz ərazi bütövlüyümüzü bərpa edəndə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına kömək etdiyimiz kimi, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunu təsis edəndə də BMT-nin məlum dişsiz qurumunin fəaliyyətinə də stimul vermiş olduq. Yəni Azərbaycanın istənilən beynəılxalq məsələdə öz rolu da var, yolu da.
İttifaq MİRZƏBƏYLİ
XQ