“Fransız öpüşü”ndən süzülən zəhər

post-img

“GALLUP İnternational”ın Ermənistandakı sorğusu nəyə hesablanıb?

“GALLUP İnternational” təşki­latının Ermənistan nümayən­dəliyinin “Fransız öpüşü” adı altında keçirdiyi sorğudan söz açacağıq. Bəribaşdan deyək ki, sorğunun nəticələri Ermə­nistanla Azərbaycan arasında yeni müharibə proqnozunu verir. Nəzərə alsaq ki, rəsmi Parisin timsalında kollektiv Qərbin İrəvanı Bakı ilə qanlı qarşıdurmaya sürükləmə­sinə dair faktlar yetərincə­dir. “Fransız öpüşü”nün də, obrazlı desək, sərin olacağı şübhə doğurmurdu. Gözlən­tilər özünü doğrultdu. 

Bəli, sorğunun məqsədi bəllidir – Er­mənistan cəmiyyətini müharibəyə hazır­lamaq, ümumən, müharibə ritorikasını gücləndirmək, habelə, İrəvan – Mosk­va münasibətlərindəki gərginliyə xüsu­si rəng çalarları qatmaq. Bu mənada GALLUP-çuların “məqsədlərinə çatdıq­larını” deyə bilərik. 

Beləliklə, Ermənistanda respondent­lərin 55,1 faizi Azərbaycandan yaxın gələcəkdə yeni müharibə təhlükəsini tamamilə real hesab edib. Məsələnin qoyuluşuna diqqət yetirək: Azərbaycan­dan yeni müharibə təhlükəsi. Şübhəsiz ki, başlıca məqam ölkəmizin “demoniza­siyasıdır”. Yəni, Azərbaycanı təcavüzkar kimi göstərmək və bu baxışı Ermənistan cəmiyyətinə sırımaq. Yekun nəticədə Bakı–İrəvan sülh sazişinin imzalanması­nın qarşısını almaq üçün ictimai müqa­vimət formalaşdırmaq hədəfi də seçilib. 

Rəyi soruşulanların 25,5 faizi yeni müharibənin “çox güman ki, mümkün” olduğuna inanır. 9,8 faiz müharibə­nin “qeyri-mümkün” olduğu fikrindədir. Respondentlərin 7,2 faizi isə hadisələ­rin müharibə səviyyəsinə çatacaq qədər inkişafına qətiyyən inanmadığını deyib. Maraqlıdır ki, rəyi soruşulanların ək­səriyyəti ölkədəki mövcud çətin vəziy­yəti “hökumətin səriştəsiz fəaliyyəti” ilə əlaqələndirib. Belə ki, respondentlərin 35 faizi bu qənaətdədir. Respondentlərin 29,9 faizi hesab edir ki, Ermənistanda hazırkı vəziyyət qəsdən xarici qüvvələrin diktəsi ilə yaradılıb; 24,4 faiz bunu ge­osiyasi proseslərin nəticəsi hesab edib, 8,9 faiz cavab verməkdə çətinlik çəkdi­yini bildirib, 1,7 faiz isə başqa səbəblər göstərib.

GALLUP-un sorğusunda daha bir maraqlı nüans var. Bilmək olmur ki, sor­ğu keçirənlər haqqında söz açacağımız məqam ilə bağlı nəyə görə fikir öyrən­mək qərarına gəliblər. Hər halda, buna baş vurulubsa, deməli, necə deyərlər, torbada pişik var. Beləliklə, respon­dentlərin 13,5 faizi bu qənaətdədir ki, Ermənistan hökumətinin Qarabağdakı artıq canını tapşırmış separatçı rejimin hərbi-siyasi rəhbərliyini Azərbaycan həbsxanalarından azad etməyə yönəl­miş səyləri yetərlidir. Yəni, 12,4 faiz bu səyləri “olduqca adekvat” hesab edib. 15 faiz “bir qədər qeyri-kafi”, 44,4 faiz isə “qeyri-kafi” sayıb. Başqa sözlə, respon­dentlərin 60 faizə yaxını hakimiyyətin hərbi əsirlərin qaytarılması istiqamətin­də göstərdiyi səylərdən narazıdır. Sor­ğunun cəfəng məqamı da elə bundadır. Çünki Ermənistan iqtidarı separatçıba­şıların həbsdən çıxması üçün heç bir iş görmür. Rəsmi İrəvan yalnız “Azərbay­canda həbsdə saxlanılan erməni hərbi əsir və girovlar” məsələsini qaldırır. 

Respondentlərin əksəriyyəti – 45,2 faizi hökumətin Qarabağ hərəkatının 36-cı ildönümü ilə bağlı heç bir tədbir təş­kil etməmək qərarını səhv hesab edib. Digər 15,3 faiz bunun “olduqca yanlış” olduğuna inanır. Belə bir qərarı 17,1 faiz tam, 12,7 faiz qismən bəyənib. 9,7 faiz isə cavab verməkdə çətinlik çəkib.

İndi isə keçək sorğunun ikinci hissə­sinə. Burada başlıca motiv anti-Rusiya ritorikasını körükləməkdir. Ancaq hiss olunur ki, GALLUP-çular məsələni qəti şəkildə qoymaq istəmirlər. Digər tərəf­dən, məlumdur ki, Ermənistanda rus təsirini tamamilə danmaq mümkünsüz­dür. İndiki məqamda bu təsiri inkar et­mək sorğunun etibarlılığını şübhə altına ala bilər. Deməli, əsas məqsəd sorğuda Rusiyanın nüfuzunu aşağı göstərmək olmalıdır. Əlbəttə, söhbət əvvəlki illərlə müqayisədə aşağı rəqəmlərin seçilmə­sindən gedir. Bu mənada təşkilatçıların məqsədlərinə “nail olduqlarını” söyləmək mümkündür. Yəni, ümumi nəticədə Mos­kva ilə münasibətlərin kəskinləşməsinin əleyhinə çıxan qüvvələrin üstünlük təşkil et(diril)məsində məntiq var. Ancaq bir qədər fərqli. 

Bəli, rəyi soruşulanların əksəriyyəti – 58,1 faizi bu qənaətdədir ki, Rusiya ilə münasibətlər kəsilməməlidir. Lakin bu nəticə necə hasil olur? Məsələ ondadır ki, respondentlərin yalnız 28 faizi Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün saxlanılmasının tərəfdarıdır. Onların böyük əksəriyyəti, yəni 40,3 faizi belə düşünür ki, Rusiya ilə münasibətlər­də hansısa blok məntiqinə söykənmək lazım deyil. Deməli, nəticə budur – Er­mənistan KTMT ilə yollarını ayırmalıdır. 

Suala baxın: Rusiya ilə münasibət­lərin kəsilməsi Ermənistanın strateji maraqlarına uyğundurmu? Sual qarşıya qoyulmuş məqsəd üçün vasitədir. Necə deyərlər, məqsəd vasitəyə bəraət qa­zandırır. Beləliklə, respondentlərin 23,2 faizi əmindir ki, Rusiya ilə durğunluq Er­mənistanın maraqlarına tam uyğundur. Sualı 13,9 faiz “daha uyğundur”, 16,1 faiz “daha uyğun deyil”, 42 faiz isə “ta­mamilə uyğun gəlmir” şəklində cavab­landırıb. 

GALLUP-çuların daha bir sualının məzmununa diqqət yetirək. Sual belədir: Ermənistan KTMT-yə üzvlüyünü davam etdirməli, yoxsa NATO-ya qoşulmağa çalışmalıdır? Suala cavabda 40,3 faiz ölkənin hərbi bloklardan kənar statusu­nun lehinə olduğunu açıqlayıb. 28 faiz KTMT üzvlüyünün saxlanılmasının tərəf­darıdırsa, 22,5 faiz hesab edir ki, Ermə­nistan KTMT-dəki statusunu saxlamağa can atmamalıdır.

Sonda bir daha deyək ki, məqsəd vasitəyə bəraət qazandırırsa, “Fransız öpüşü” də bu baxımdan istisna deyil. Ancaq “GALLUP İnternational” kimi bir Qərb təşkilatının timsalında bu “öpüş”, obrazlı desək, pozğun niyyətlərə baş­lamaq üçün vasitə təsiri bağışlayır. Bu niyyətlərin Ermənistanı hansı hala sala­cağını isə proqnozlaşdırmaq elə də çətin deyil. Üfiqdə iflas gözərir. GALLUP hə­min közərti üçün dəmirçi körüyünə çev­rilməkdən başqa heç nə etmir. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət