VII qurultay siyasi islahatların bünövrəsini qoydu

post-img

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə ölkəmizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının siyasi-ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir. Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir. 

 2021- ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultayda  çıxışı zamanı ulu öndərimiz  Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Cənab Prezident İlham Əliyev “Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”,- deyə vurğulayıb.

 Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni islahatlar mərhələsinin başlanğıcıdır. 

Həmin islahatlar partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Bu ilin fevral ayında keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artması qarşıya qoyulan əsas hədəflərdən biridir. Ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Qazanılmış Qələbənin hərb meydanında siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir.

Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Bu baxımdan yeni islahatlar dövlət hakimiyyəti idarəetməsini, məhkəmə-hüquq sistemini cəmiyyətdə formalaşan yeni çağırışlara və ölkədə baş verən pozitiv dəyişikliklərə uyğunlaşdırdı, ictimai həyatın bütün sferalarında vətəndaşların məmnunluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb etdi. O cümlədən sosial islahatlar Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürü idi.

Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir. Məhz YAP-ı təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi partiyanın islahatlara verdiyi dəstəyin və töhfənin növbəti nümunəsi idi.

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Bir sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır.

Yeni Azərbaycan Partiyasınin VII qurultayı həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyuldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

 



Siyasət