(əvvəli https://xalqqazeti.az/az/siyaset/168549-azerbaycan-tarixinde-ilham-eliyev-epoxasi)
3. Ermənistanla münaqişə
Danışıqların uğursuzluğu
Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair ilk danşıqlar ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlamışdır.
1994-cü ildən başalayan bu danışıqların 2003-cü ilədək olan dövründə həmsədrlər tərəfindən münaqişənin həlli üçün “paket” (iyun 1997), yəni o zamankı terminlə Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi; “mərhələli” (1 sentyabr 1997), yəni münaqişənin mərhələlərlə nizama salınması və dünya praktikasında olmayan “ümumi dövlət” layihəsi (noyabr 1998) irəli sürülmüşdür. Bu layihə ilə danışıqlar dalana dirəndiyi üçün həmsədrlərin təklifinə əsasən, danışıqların Azərbaycan və Ermənistan prezidentləri daimi nümayəndələri səviyyəsində davam etdrilməsi qərara alınmışdır. İlk belə görüşlər 2002-ci ilin mart və iyul aylarında Praqada keçirilmişdir.
İlham Əliyev prezidentliyə başladıqda vəziyyət belə idi. 2004-cü ilin aprelindən isə danşıqlar Praqada xarici işlər nazirlərin iştirakı ilə davam etdirilmişdir. Bu görüşlərin ilk mərhələsi 2006-cı ilin fevralınadək davam etmişdir. Bu görüşlər seriya xarakterində olduğu üçün “Praqa prosesi” adını almışdır. Bu danışıqlarda nizamlanmanın baza prinsipləri hazırlanmış, 2007-ci ilin noyabrında Madriddə xarici işlər nazirlərinə təqdim edilmiş və “Madrid prinsipləri” adlandırılmışdır. Danışıqlar getdikcə formal xarakter almış və işğalın legitimləşdirilməsinə xidmət etmişdir.
Ermənistan hakimiyyəti bu yol ilə mövqeyini daha da möhkəmləndirməyə çalışmışdır. Ona görə də siyasi strukturun dəyişdirilməsi yolu ilə bunu davam etdirmək istəmişdir. Bu, əks-nəticə vermiş və hakimiyyət 2018-ci ilin mayında Qarabağ klanından siyasi hadisələrin sonrakı əsas fiquru Nikol Paşinyanın əlinə keçmişdir.
Baş nazir N.Paşinyan da sələfləri kimi hakimiyyətini möhkəmləndirmək üçün Qarabağ kartından istifadəni əsas vasitə kimi görürmüşdür. Bu, iki istiqamətdə həyata keçirilmişdir. Bir tərəfdən, özü və hökumət üzvləri (Parlament sədri, müdafiə naziri və b.) danışıqların ruhuna zidd bəyanatlar vermiş, digər tərəfdən hərbi təxribatlara əl atılmışdır. Bu bəyanatlar içərisində N.Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” avantürası açıq-aşkar danışıqların sona çatdığı anlamına gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyev buna “Qarabağ Azərbaycandır, nida!” hökmü ilə cavab vermiş və belə bir yanaşma ilə barışmadığını bir daha təsdiq etmişdir.
Beləliklə, İlham Əliyev qətiyyəti ilə, siyasi leksikona daxil olan terminlə deyilsə, bu “filoloji müharibə”də qalib gələrək hərbi variantda qələbənin əsasını qoymuşdur. Bu bu “şüar savaşı” onu da göstərmişdir ki, müharibənin yeni – odlu fazasına keçilməsi uzaq deyil.
Lokal “savaşlar”da ciddi qələbələr
Ermənistan–Azərbaycan münaqişəsi ətrafında danışıqların davam etdiyi dövrlərdə ermənilərin təxribatı nəticəsində hərbi toqquşmalar da baş verirdi. Onlardan biri 2016-cı ilin 1–5 aprelində baş verən və tarixə “ 4 günlük müharibə” kimi daxil olan savaş idi. Bu müharibə Rusiyanın müdaxiləsi ilə dayandırılsa da Azərbaycan silahının parlaq qələbələrindən biri oldu. Müharibənin gedişində bir sıra ərazilər, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edildi. Dövlət başçısı bu kəndin azad edilməsi və orada həyata keçirilən quruculuq işlərinə 2 oktyabr 2020-ci ildə Əl-Cəzirə telekanalına müsahibəsi zamanı yüksək qiymət verərək demişdir: “Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir”.
N. Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycandan “yeni torpaqların işğalı” doktrinası irəli sürüldü. 2020-ci ilin iyulunda münaqişə bölgəsindən kənarda, Azərbaycanın qərbində yerləşən Tovuz rayonu istiqamətində genişmiqyaslı hücum əməliyyatı təşkil edildi. Azərbaycan Ordusu bu hüçümu dəf etdikdən sonra, ölkə ərazisinə təxribat qrupu göndərildi və onlar da zərərsizləşdirildi. Prezident İlham Əliyev həmin hadisələrlə bağlı qeyd etmişdir ki, “Xüsusilə keçən ilin (2020-ci il–K.Ş.) iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi”.
III. Vətən müharibəsi
İlham Əliyevin xalqa müraciəti
Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı yeni hücum təşkil etdi. Bu tarixə Vətən müharibə adı ilə yazılan II Qarabağ savaşının başlanğıcı oldu. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana geniş miqyaslı hücüm əməliyyatına qarşı əks-hücum əməliyyatları ilə cavab vermək barədə tarixi qərar qəbul etdi və Azərbaycan üçün Vətən müharibəsi başlandı. İlham Əliyev müharibənin ilk anlarından etibarən onun aparılmasının bütün məsuliyyətini Ali Baş Komandan kimi öz üzərinə götürdü.
Elə həmin gün xalqa müraciətlə çıxış etdi. Çıxışda deyilirdi ki, “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək bizim yaşayışməntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”. Çıxış bu cümlələrlə bitirdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir”. Ali Baş Komandan İlham Əliyev elə bu inamla da xalqı qələbəyə apardı. Müharibənin gedişi zamanı xalqa 8 dəfə müraciət edən İlham Əliyev xüsusilə həyəcanlı olan ilk müraciətindən etibarən müharibənin gedişinə dair məlumatları və baxışlarını xalq ilə bölüşməklə, onun qələbəyə səfərbər edilməsinə nail oldu.
Ölkə müharibə relsində
Prezident İlham Əliyevin rəhbərliyi altında müharibənin ilk günündən ölkənin hərbi relsə keçirilməsi üçün tədbirlər görüldü. Prezidentin sədrliyilə 2020-ci il 27 sentyabrda Təhlükəsizlik Şurasının iclası keçirildi. Elə həmin gün Respublikada hərbi vəziyyət elan edilməsi haqqında Prezident fərmanı elan edildi. Sentyabrın 28-də isə qismən səfərbərlik və hərbi vəziyyət dövründə komendant saatının tətbiqinin həyata keçirilməsinə dair sərəncam verildi.
Müharibənin taleyi döyüş meydanlarında həll edilirdi. Ona görə də, ən ümdə məsələ müharibənin strategiya və taktikası ilə bağlı idi. Azərbaycan əvvəlki döyüş əməliyyatlarından fərqli olaraq bu dəfə qəti şəkildə işğal altındakı torpaqlarını azad etmək istəyirdi. Tətbiq olunan taktikaya gəldikdə Prezident, Ali Baş Komandan İlham Əliyev bu barədə belə demişdir: “Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək”.
Ermənistan əsas əks-hücum istiqamətinin mərkəzdən, Ağdamdan olacağını düşündüyü halda, Azərbaycan hərbi rəhbərliyi şimal və cənub istiqamətlərinə üstünlük vermişdir. Prezident 3 oktyabr 2021-ci ildə Suqovuşana səfəri zamanı demişdir: “Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik”.
Bununla birgə, Ağdam əməliyyatı da nəzərdə tutulmuş, lakin sonrakı mərhələyə saxlanmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyev Ağdama səfərləri zamanı bu məsələyə aydınlıq gətirmişdir. O demişdir: “Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün”.
Bu taktikaya aydınlıq gətirən dövlət başçısı ağdamlılara xitabən bildirmişdir: “Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.
Prezident 2020-ci il noyabrın 23-də Ağdama səfəri zamanı bu məsələyə bir daha toxunmuşdur: “Burada (Ağdamda.-K.Ş.) beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin...Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq”.
Azərbaycanın hərbi rəhbərliyi tərəfindən müharibə tələblərinə uyğun olaraq, bəzən hərbi əməliyyat planları şəraitə uyğun şəkildə yenidən nəzərdən keçirilmiş və ya dəqiqləşdirmələr aparılmışdır.
Dövlət – Ordu – Xalq birliyi
II Qarabağ müharibəsində qələbənin təmin edilməsində Prezident İlham Əliyev tərəfindən dövlət, ordu və xalqın vahid qüvvə kimi birləşdirilməsinin təmin edilməsi tarixi qələbənin əldə edilməsində böyük rol oynadı. Prezident İlham Əliyevin siyasəti dünyanın tərəqqipərvər qüvvələri tərəfindən də rəğbətlə qarşılanmışdır. Bütün bunlar dünyanın müxtəlif yerlərindən Azərbaycan Prezidentinə ünvanlanan müraciətlərdə də öz əksini tapmışdır.
Ölkənin siyasi partiyaları da Prezident İlham Əliyevin siyasətini dəstəkləmiş, müharibə dövründə bir neçə dəfə bununla əlaqədar kollektiv bəyanatla çıxış etmişlər. 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı gündə 52 siyasi partiyadan 50-si birgə bəyanat imzalayaraq, Azərbaycan Prezidenti ətrafında birləşdiyini bəyan etmişdir. Müharibənin gedişi zamanı Fransanın anti-Azərbaycan mövqeyinə qarşı, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən top atəşinə tutulmasına qarşı da birgə bəyanatlar verilmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyat planlarının hazırlanması və həyata keçirilməsinə şəxsən rəhbərlik etmişdir. Onun rəhbərlyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində oktyabrın 7-si və 25-də opertaiv müşavirə keçirilməsi haqqında mətbuatda məlumatlar verilmişdir.
30 illik işğala son
Sentyabrın 27-də, elə ilk hücum zamanı Ermənistanın işğalı altında 6 kənd azad edildi, lakin sonrakı günlərdə düşmənin müqavimətini qırmaq üçün qızğın döyüşlər baş verdi. Əsas döyüşlər Talış kəndi və Suqovuşan ətrafında gedirdi. Prezident demişdir: “Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə– keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi.
Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi – 6 kənd, oktyabrın 3-nə qədər isə hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə 8 kəndin azad edilməsi, o cümlədən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.
Hərbi əməliyyatların şimaldan cənuba keçirilməsi böyük hərbi üstünlüyü təmin etdi. Bunun nəticəsi idi ki, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, bütövlükdə isə 300-dən çox yaşayış məntəqəsi Ermənistan işğalından azad edilmişdir. Azərbaycan Silahlı Qüvvələri ən müasir tələblərə cavab verən silahlardan, PUA-lardan səmərəli şəkildə istifadə etmişdir. Bununla eyni zamanda, Şuşanın azad edilməsi zamanı hərb tarixinin ənənələri müasir yanaşma ilə zənginləşdirilmişdir.
Ali Baş Komandan tərəfindən Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın azad edilməsi zamanı dağıdıcı silahlardan istifadə edilməməsi barədə ayrıca göstəriş verilmiş, buna əsasən də xüsusi əməliyyat planı hazırlanmışdır. Azərbaycan Ordusunun xüsusi təyinatlıları yüngül silahlarla sərt qayalardan keçərək, Ermənistanın möhkəm müdafiə sistemi yaratdığı Şuşaya daxil olmuş, şəhəri demək olar ki, əlbəyaxa döyüşdə azad etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Şuşa əməliyyatı beynəlxalq aləmdə də geniş əks-səda yaratmışdır. Prezident demişdir: “Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq”.
Müharibənin gedişində Azərbaycan əsgər və zabitləri inanılmaz qəhrəmanlıq nümayiş etdirmişdir. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bütün müharibə boyu bir addım da geri çəkilməmiş, azad edilən heç bir yaşayış məntəqəsini düşmən geri ala bilməmişdir.
Azərbaycan Ordusu 44 gün ərzində 2904 nəfər şəhid vermişdir ki, onlardan 1001 nəfəri zabit və idarəedici heyət, 1898 nəfəri əsgərdir. Bu faktlar göstərir ki, zabit və əsgər heyəti birlikdə necə qəhrəmanlıq göstərmişdir.
Ermənistanın müharibə cinayəti
Ermənistan ilk günlərdən müharibənin aparılması haqqında beynəlxalq sənədlərə, o cümlədən, 1949-cu il Cenevrə konvensiyalarına zidd addımlar atmağa başlamışdır. Ermənistan öz ərazisindən Azərbaycanın müharibə zonasından kənarda olan yaşayış məntəqələrini atəşə tutmuş, mülki əhali arasında itkilər törədilmişdir. Azərbaycanın sağlamlıq mərkəzlərindən biri olan Naftalan şəhəri bir dəfə, Tərtər rayon mərkəzi və kəndləri 9 dəfə, Ağdam rayonu 2 dəfə, respublikanın ikinci böyük şəhəri və sənaye mərkəzi olan Gəncə şəhəri 6 dəfə, Cənubi Qafqazda ən böyük SES-in yerləşdiyi Mingəçevir şəhəri 2 dəfə, Bərdə şəhəri 4 dəfə, bütövlükdə, mülki əhali 24 dəfə atəşə məruz qalmışdır. Bu barbar aktlar nəticəsində 94 nəfər mülki şəxs, o cümlədən qadın, uşaq və yaşlı adam həlak olmuş, 400 nəfər yaralanmış, mülki obyektlərə ciddi ziyan dəymişdir.
Ermənistan dinc əhaliyə hücumu ilə panika yaratmaq, arxa cəbhəyə zərbə vurmaqla birgə, Azərbaycanı həmin atəş nöqtələrinə əks-zərbə ilə təhrik edərək, provakasiyaya çəkmək məqsədi güdürdü. Bu yol ilə bir tərəfdən Azərbaycanı dünya ictimaiyyəti qarşısında qınaq obyektinə çevirməyə, digər tərəfdən Ermənistan ərazisinin hücuma məruz qalması iddiası ilə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək istəyirdi.
Kərim ŞÜKÜROV,
AMEA Tarix İnstitutunun baş direktoru, professor