Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb.
Ölkənin mədəni irsin qorunması və tədqiqi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları rəhbərlərinin imzaladıqları məktubda deyilir: “Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru cənab Quntram Volfa və Konrad Adenauer Fondunun sədri cənab Norbert Lammertə müraciət edərək, onları rəhbərlik etdikləri qurumların bu il martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırırıq”.
Müraciətin davaminda bildirilir ki. siz diplomatiya ilə sıx bağlı olan şəxslər kimi yaxşı bilirsiniz ki, Ermənistan və onun 30 ilə yaxın müddətdə mövcud olmuş oyuncaq separatçı rejimi Azərbaycan Respublikası ərazisini uzun müddət işğal altında saxlayaraq, Azərbaycan xalqının maddi və mədəni irsini məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb: “Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irisinin məhvi barədə hesabatlar yaymayıb”.
Daha sonra qeyd edilir ki, Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən dərhal sonra bu tədbirin təşkili qarşılıqlı etnik nifrəti artırmağa və sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir: “Xarici Əlaqələr üzrə Alman Şurası öz rəsmi saytında Corc Sorosun Açıq Cəmiyyət İnstitutundan maliyyələşdiyini gizlətmir. Bu, islamofobiyanın təşviqinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin ört-basdır edilməsinə səbəb olmamalıdır. Biz sizləri Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının maddi-mənəvi irsinin yox edilməsinə dair faktları araşdırmağa və bütün tərəflərin iştirakı ilə müzakirələr təşkil etməyə çağırırıq”.
XQ