Cənub Qaz Dəhlizi, həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi. Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Xəzər dənizində böyük bərpaolunan enerji potensialının mövcudluğunu xüsusi vurğulayan Kadri Simson bildirib: “Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur”.