Avropa Parlamenti populizm xəstəliyindən sağalmır

post-img

Avropa Parlamenti (AP) yenə də “ağacdakı quşlara” topdan atəş açmaq istəyir. Yalnız siyasi konyukturaya xidmət edən bu qurum siyasi abırsızlıq nümayiş etdirməkdə bütün əndazələri aşır. Bunu AP-nin növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirərək, sanksiyaların tətbiqinə çağırışdan bəhs edən qətnamə qəbul etməsi təsdiqləyir. Erməni lobbisinin təsiri altında olan AP-nin Azərbaycana qarşı sankisyaların tətbiq olunmasına çağırış etməsi siyasi riyakarlığın bariz nümunəsi və beynəlxalq hüququn çeynənməsidir. 

AP Azərbaycana və azərbaycanlı­lara qarşı qərəzli münasibət nümayiş etdirir və bu da özündə sistem xarak­terli, hətta nifrət elementlərini ehtiva edir. Azərbaycanla Ermənistan arasın­da fikir ayrılıqlarını əks etdirən bütün məsələlərdə Ermənistanın tərəfini sax­layan bu qurum bəzi hallarda Ermənis­tandan daha radikal mövqe sərgiləyir. AP-nin Ermənistanın təsdiqlənməmiş iddialarını dərhal dəstəkləməklə yana­şı, Ermənistan ərazisində həyata keçi­rilən etnik təmizləmə, orada bir nəfər də olsun azərbaycanlının qalmaması, Azərbaycanın mədəni irsinin dağıdıl­ması və insanlıq əleyhinə digər cinayət faktlarına qarşı susması bu qurumun məkrli mahiyyətini, ölkəmizə qarşı düş­mənçiliyini üzə çıxarır. 

AP-nin korrupsiya bataqlığında üzdüyünü hamı bilir. 2022-ci ildə qu­rumun vitse-spikeri Yeva Kaylinin rüş­vət aldığına görə həbs olunması bunu təsdiqləyir. Həmin vaxt dünya mətbu­atında xəbər yayılmışdı ki, Belçikanın Avropa rəsmilərinə qarşı başlatdığı təhqiqat Körfəz ölkələrindən birinin siyasi və ya strateji mövqelərə malik üçüncü şəxslərə əhəmiyyətli məbləğ­də pul ödəməklə və ya hədiyyələr ver­məklə Avropa Parlamentinin maliyyə və siyasi qərarlarına təsir göstərdiyinə dair şübhələrlə bağlıdır. Bu həmin qadındır ki, Ermənistanın “Türkiyənin dəstəyi ilə hərbi hücum təhlükəsi altın­da” olduğunu əsas gətirərək ona əməli dəstək verməyə çağırırdı. Y.Kaylinin təxribat xarakterli bəyanatında deyilir­di ki, “Azərbaycan Dağlıq Qarabağda ermənilərə qarşı çirkli müharibə aparır, 1994-cü il atəşkəs sazişini pozur və beynəlxalq ictimaiyyətin dialoq çağırış­larına məhəl qoymur”. 

Bu sabiq deputatın AP-dəki çıxış­larında dəfələrlə Ermənistanı dəstək­ləməsi hər kəsə məlumdur, onun par­lamentdə Azərbaycan əleyhinə qərar və qətnamələrin qəbulunda fəallıq nü­mayiş etdirməsi də sirr deyil. Yeri gəl­mişkən, korrupsiya əməlinə görə həbs olunan Y.Kayli Ermənistan tərəfinin Azərbaycanla sərhəddə təxribat törətdi­yi sentyabr hadisələri zamanı da xüsusi fəallıq göstərmişdi.Təbii ki, Yeva Kayli­nin timsalında ermənipərəst qətnamələ­rin, hesabatların necə və nə üçün qəbul edildiyi aydındır. Artıq AP niyyətini giz­lətmir, açıq-aşkar erməni separatizmi ideologiyasını lobbiləşdirir, Ermənistana dalana gedən yolu göstərir. 

Əlbəttə, AP-də korrupsiya və rüş­vətxorluq faktları sensasiya deyil, bu, əsasən Avropanın yüksək rütbəli mə­murlarının, o cümlədən nüfuzlu erməni lobbisinin maraqlarını təbliğ edən şəxs­lərin müraciət etdiyi adi praktikadır. Bu baxımdan, qeyd etmək yerinə düşər ki, Yeva Kayli digər avropalı parlamen­tarilər arasında çoxdankı qızğın ermə­nipərəst mövqeyi və azərbaycanlılara, türklərə açıq nifrəti ilə tanınırdı. Bu gün də Azərbaycana qarşı sanksiyalar tət­biq etməyə çağıranlar ermənilərin yalan dəyirmanına su tökən deputatlardır. Bu­rada xüsusilə qeyd etmək yerinə düşər ki, hazırda Avropa Parlamenti seçkilərə hazırlaşır, yenidən deputat seçilmək üçün bir sıra avropalı məmur ağa qara deməyə hazır olduğunu nümayiş etdirir. Buna görə də, belə deputatların ermə­ni lobbisinin təsiri altında Azərbayca­na böhtan atmağa çalışması təəccüb doğurmamalıdır. Əlbəttə, bu oyunların arxasında Afrikadan qovulan və Cənubi Qafqazda möhkəmlənmək istəyən Em­manuel Makron kimilərin, Avropa Par­lamentində kök salmış islamafobların, irqçi və türk düşmən dairələrin, səlibçi və neokolonial təfəkkürlü agentlərin da­yanması heç kimə sirr deyil. 

“Pul iylənmir” prinsipini əldə rəhbər tutan bir sıra avropalı deputat siyasi riyakarlıq nümayiş etdirərək, üzü üstə palçığa yıxılmaq təhlükəsini göz önünə almır. Buna görə də, AP-də cinayət yolu ilə əldə edilən erməni pullarından asılı olan korrupsioner siyasətçilərin bu qədər çox olduğunu nəzərə alsaq, bu qurumun mütəmadi olaraq anti-Azər­baycan və Türkiyə əleyhinə bəyanatlar və qərarlar, əsassız iddialar və şişirdil­miş tələblərlə çıxış etməsi təəccüblə qarşılanmamalıdır. Bütün bunlar onu deməyə əsas verir ki, AP-nin məqsədi insan haqlarını qorumaq, beynəlxalq hüquqa hörmət etmək və Ermənistan­la Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi artır­maqdır. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin səd­rinin rəhbərlik etdiyi nümayəndə heyə­tilə görüşündə bu gün ikili standartla­rın bir sıra beynəlxalq institutların, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrildiyini bildirdi. Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğula­yan Prezident İlham Əliyev əlavə etdi ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayən­dəsi, Aİ Komissiyasının vitse-preziden­ti Cozep Borrellin və Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın Ermənistana, guya, hücuma hazırlaş­ması barədə informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər. 

Son hadisələrin fonunda belə qə­naətə gəlmək olur ki, Avropa Birliyinin beş təsisçi institutundan biri olan AP-nin nüfuzu aşağıdır. Qurumun qəbul etdiyi qərarlar açıq-aşkar ikiüzlülük və ikili standartların təzahürüdür. Nüfuzu şam kimi əriyən AP-ni Almaniyadan olan Yaşıllar Fraksiyasının rəhbə­ri Rebekka Harms gözəl xarakterizə edir. Onun sözlərinə görə Avropa Parlamenti Avropanın problemlərini müzakirə etmir, lakin “Avropa Par­lamentinin gündəliyini lobbi qrupları formalaşdırır, hər biri fəaliyyətində öz maraqlarını təmin etməyə çalışır”. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan maraqların tarazlaşdırıl­ması haqqında çox şey bilir və başa düşür ki, demokratiya öz məqsədlərini təbliğ etmək üçün maska olmamalı­dır. Azərbaycan Aİ-nin tövsiyələrini kor-koranə yerinə yetirmək əvəzinə, uzun illərdir ki, öz dəyərlərinə və ma­raqlarına əsaslanaraq öz inkişaf yo­lunu müstəqil müəyyənləşdirir. Bir də ki, Azərbaycanın AP-nin qarşısında hər hansı bir öhdəliyi yoxdur, müasir səlibçilik nümayiş etdirən Qərbin artıq mütləq monopoliya dövrü başa çatır və belə populizmin hər hansı bir fay­dasının olacağı mümkünsüzdür.

XQ

Siyasət