Ermənistanda bir sıra siyasi şərhçilər, politoloqlar var ki, onların fikirləri ilə tanış olduqda heyrətlənməyə bilmirsən. Həmin ekspertlər prosesləri doğru-düzgün təhlil etmək, erməni cəmiyyətinə düşdüyü vəziyyətdən çıxış yolları göstərmək, hay toplumunu Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışmağa çağırmaq əvəzinə, avantürist fikirlərlə, necə deyərlər, baş qatırlar. Sanki bunlar 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı sarsıdıcı məğlubiyyətə uğrayan, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində ikinci dəfə təslimolma aktına imza atan ölkənin vətəndaşları deyillər.
Yeri gəlmişkən, onların baş naziri Nikol Paşinyan da özünü Vətən müharibəsinin başa çatmasından sonra məğlub kimi aparmırdı. Hətta, Paşinyan müharibənin başa çatmasından sonra – 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri ilə keçilən üçtərəfli görüşdən sonra baş tutan mətbuat konfransında “Dağlıq Qarabağ münaqişəsinin” başa çatmadığını iddia etmişdi. Aydın görünürdü ki, Paşinyan yenə başqa hava çalır. Onun dumanlı fikirlərdən tam əl çəkməsi və ayılması üçün ordumuzun əlavə tədbirlər görməsi zəruri idi. Belə də oldu…
İndi isə eyni xətti, qeyd etdiyimiz kimi, erməni politoloqlar davam etdirirlər. Belələrindən biri Artur Xaçikyandır. Xaçikyan özünü “ABŞ-ın Stenford Universitetinin politologiya üzrə doktoru” kimi təqdim etməyi xoşlayır. Ancaq onun bütün günü İrəvanda keçir. Sağa-sola mənasız-məzmunsuz müsahibələr paylayır. Yeri gəlmişkən, hər dəfə A.Xaçikyanın müsahibələri internet resurslarında qarşımıza çıxdıqda istər-istəməz sovet dövrünün məşhur ekran əsəri olan “Mimino” filmində restorandakı rəqs səhnəsində bir xanımın sürücü Ruben Xaçikyan barəsində dediyi “rəqs edən qırmızı köynəkli şəxs professor Xaçikyandır” deməsi yadımıza düşür. Artur Xaçikyanın davranışları, səsləndirdiyi fikirlər onun professorluğunun elə Ruben Xaçikyanın “professorluğu” ilə tən gəldiyini deməyə əsaslar yaradır.
Bu günlərdə A.Xaçikyan yenə müsahibə verib. O, Rusiyanın “EADaily” nəşrinə bildirib ki, “Azərbaycan tərəfinin bəyanatları getdikcə aqressivləşir (?), çünki Bakı Ermənistanın kifayət qədər çətin vəziyyətdə olduğunu başa düşür. Üstəlik, həm Avropa, həm də Rusiya Azərbaycandan asılıdır”. Xaçikyanın sözlərinə görə, Azərbaycan İsrailin, Fələstinin, İranın və Suriyadakı bəzi qrupların iştirakı ilə regional münaqişənin mövcud olduğu bölgədəki vəziyyətdən istənilən vaxt istifadə edə bilər: “Bu, kifayət qədər böyük regional müharibədir və o, Türkiyə və Azərbaycan üçün əlverişli şərait yaradır. Çünki onlar bu vəziyyətdən istifadə edərək, İrana qarşı Qərbə öz xidmətlərini təklif edəcəklər. Bu xidmətin müqabilində isə həmişə olduğu kimi, Ermənistanla bağlı nə isə tələb edəcəklər. Məsələn, Azərbaycan Sünikin (Zəngəzur – S.H.) ərazisini tələb edə bilər ki, gələcəkdə bura silahlı qüvvələrinin köçürülməsini asanlaşdırsın. İsraillə Azərbaycan arasındakı strateji müttəfiqliyin mövcudluğunu da unutmaq olmaz. Eyni zamanda, Rusiya Ukraynadakı müharibə ilə məşğuldur və Türkiyə və Azərbaycanla münaqişəyə girməyi arzulamır. Bizim müttəfiq tapmaq şansımız çox məhduddur”.
Bəli, bu fikirlər elmlər doktoru, professor elmi dərəcəsi daşıyan şəxsin dilindən çıxanlardır. Göründüyü kimi, onun fantaziyası sərhəd tanımır. Xaçikyan bu yanaşması ilə məsələləri bir-birinə qatmaq üzrə alim adlandırıla bilər. Bu adam hələ anlamır ki, Azərbaycanın istəyi öz ərazi bütövlüyünü tam təmin etmək idi. Ötən illər ərzində rəsmi Bakının siyasəti yalnız bu məqsədə nail olmaq istiqamətində fokuslanmışdı. Biz öz məqsədimizə doğru addım-addım yaxınlaşdıq. Nəhayət, o gün 2020-ci il sentyabrın 27-də yetişdi. Cəmi 44 gün ərzində torpaqlarımız azad olundu. Lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərqərar olması ilə başa çatdı. Bundan sonrakı mərhələdə Azərbaycanın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda geniş bərpa-quruculuq işləri həyata keçirməkdir. Bu prosesə isə hələ Vətən müharibəsinin gedişi zamanı başlanılıb.
Azərbaycan heç vaxt geosiyasi oyunlara qoşulmayıb. Heç vaxt öz ərazisini üçüncü ölkələrə qarşı istifadə etməyə imkan verməyib. Azərbaycanın bu siyasəti Prezident İlham Əliyevin 2023-cü il dekabrın 9-da “Euronews” telekanalında yayımlanan müsahibəsində belə ifadə olunub: “Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız, görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız, görərsiniz ki, hər iki – Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır.
Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib”.
Zənnimizcə, Prezidentin bu fikirləri xaçikyanlara, isgəndəryanlara və digərlərinə ən tutarlı cavabdır. Bu adamlar bir məqamı nəzərə almırlar ki, Azərbaycan Qoşulamama Hərəkatının üzvüdür. Hərəkatın adından göründüyü kimi, ona qoşulan ölkələr hər cür hərbi-siyasi bloklardan uzaqda dayanırlar. Azərbaycan qonşu ölkələrlə də hər zaman əməkdaşlığa üstünlük verib. Hətta, İranla münasibətlərin pisləşdiyi 2022–2023-cü illərdə də Azərbaycan hansısa qüvvələrin prosesləri kənardan qızışdırmasına imkan verməyib.
Bundan əlavə, görünür ki, onun ağlı özlərinə gedib. Əgər bizim bölgəmizdə başqalarına özlərinin hər cür xidmətlərini təmin edən bir toplum varsa, onlar da haylardır. Tarixdə və müasir dövrdə bunun çoxlu örnəyi var. Hayların həmin dəstxətti bu gün də dəyişməyib. Onlar gah Rusiya, gah Qərb, gah da İran arasında manevr edərək özlərinin mənafelərini düşünüblər. Bu mənada Xaçikyan ayıbına kor olsa, susub danışmasa, daha yaxşıdır.
Mövzu üzrə söhbətləşdiyimiz Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, görünür, A.Xaçikyanı rəsmi Bakının məntiqəuyğun və regionda təhlükəsizliyin bərpası ilə bağlı bəyanatları çox narahat edir və nədənsə, onları “aqressiv” bəyanatlar adlandırır. Onun sözlərinə görə, Azərbaycan müharibədə Zəfər çaldıqdan sonra sülh təşəbbüsü ilə çıxış edib və qarşı tərəfə təkliflər təqdim edib: “Xaçikyan bilməli idi ki, Azərbaycan torpaqlarının işğal altında qalması, həmin ərazilərdə necə deyərlər, daş üstə daş qalmaması ilə barışmayacaq. Bizim yaşayış məntəqələrimiz yerlə-yeksan edilib. İşğaldan azad edilmiş ərazilərə səfər edənlər bunu görürlər. Bəs bütün bunları necə izah etmək olar? Uzun illər ərzində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşadı. İşğalçı Ermənistan ordusunun hərbçiləri ərazilərimizin hər qarşını minaladıqları üçün hələ də kütləvi qayıdışı təmin etmək mümkün olmur”.
F.Sadıxov qeyd etdi ki, Qərblə oyun oynayan, Fransadan silah alan dövlət Ermənistandır. Bu isə öz-özlüyündə o deməkdir ki, məqsəd bölgədə yeni münaqişə ocağı yaratmaqdır: “Bunu necə izah etmək olar? Hətta, iş o yerə gəlib çatıb ki, Paşinyan vaxtilə verdiyi bir sıra bəyanatlardan imtina edir. Konstitusiyaya dəyişiklik etmir, Zəngəzur dəhlizini açmır, sərhəddə müxtəlif təxribatlar törədir. Bütün bunlara Xaçikyan heç bir münasibət bildirmir. Halbuki, o, sağlam düşüncədə olsaydı, ölkəsinin gələcəyi naminə Ermənistanın nicat yolunun Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasından keçdiyini deməli idi”.
Müsahibimiz əlavə etdi ki, bütün bunlar az imiş kimi, Xaçikyan bura İsraili də qatıb: “Guya, İsrail HƏMAS-la mübarizəni dayandıracaq, gəlib Azərbaycana kömək edəcək və bütün gücünü Ermənistana qarşı yönəldəcək. Belə bəyanatlar, uydurmalar siyasi elmlər doktoru elmi dərəcəsi daşıyan və nüfuzlu universitetdə dərs deyən şəxsə yaraşmır. Zənnimcə, bunun da əsas səbəbi onun ultramillətçilik, şovinizm, islamofob düşüncələrin əsiri olmasındadır. Bunun nəticəsidir ki, o, reallıqları görmək və dərk etmək istəmir. Nəticədə, xəstə təxəyyülünü açıq şəkildə nümayiş etdirir və özünü çox pis vəziyyətə salır”.
Türkiyəli politoloq Engin Özər isə “Caliber.az” saytına açıqlamasında deyib ki, professor Xaçikyan nədənsə, Ermənistanın indiki geosiyasi mövqeyinin erməni xalqının öz iradəsi ilə yarandığını unudur: “Çünki ermənilər Paşinyanı baş nazir seçdilər və o, Ermənistan üçün yeni kurs, Qərblə yaxınlaşma yolunu seçdi. Nikol bu yaxınlarda Ermənistanın KTMT üzvlüyünü dondurduğunu bəyan edib. Nə Ankaranın, nə Bakının, nə də başqa paytaxtların bununla heç bir əlaqəsi yoxdur. Bu, onların öz qərarıdır. Xaçikyan, yəqin ki, Zəngəzur problemini nəzərdə tutur. Guya, Türkiyə və Azərbaycan bu dəhlizdən zorla keçəcəklər. Ancaq, hətta, belə olsaydı da, Ermənistan çoxdan bu məsələni diplomatik yolla həll etməyə çalışmalı idi. Nə qədər vaxt keçib, amma İrəvan tərəfindən əhəmiyyətli addımlar müşahidə olunmur – bu faktdır. Onlar nə təklif edirlər? Daha 100 il gözləmək? Yox!”.
Engin Özər qeyd edib ki, nə Türkiyə, nə də Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil: “Belə bir istək yoxdur. Amma yəqin ki, hansısa güc tətbiq etmək lazımdır ki, ermənilər Zəngəzur dəhlizinin həyata keçirilməsinə mane olmasınlar. Xaçikyan, cəfəngiyyat daşıyan təbliğatçı təsiri bağışlayıb. Bu isə onun Stenford Universitetinin doktoru statusuna uyğun gəlmir”.
Səxavət HƏMİD
XQ