Milli Məclisdən Avropa Parlamentinin qərəzli hesabatına etiraz

post-img

Milli Məclis Avropa Parlamentinin 2024-cü il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda öz əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız və laqeyd fikirləri kəskin şəkildə qınayır və onlara qətiyyətlə etirazını bildirir.

Bildirilir ki, uzun illər ərzində Avropa strukturları­nın, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd edilmiş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması baxımından adi hala çevrilmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbayca­nın böyük qurbanlar hesabına öz tor­paqlarını işğaldan azad edərək, bey­nəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin etməsinə göstərilən münasibət də əvvəlkilərdən fərqlən­mirdi. Lakin belə görünür ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda baş verən hadisələrə özünün riyakar və ikiüzlü yanaşmalarında “yeni nailiyyət­lər” qazanmaq əzmini davam etdirmək niyyətindədir. Populizm və demaqogi­yanı əlində rəhbər tutan, sülhə və sabit­liyə xidmət etməyən sənədləri, açıqla­maları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avro­palı siyasətçilər müəyyən dairələrin on­lar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar. 

Avropa Parlamentinin illik hesaba­tında əks olunmuş bir sıra məqamlar da məhz bunu deməyə əsas verir. Er­mənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə, bu sənədin erməni lobbi­sinin təsiri və diktəsi altında hazırlan­dığı özünü aydın şəkildə büruzə verir. Qeyd olunan sənəd, həm də Avropa Parlamentində Azərbaycanofob və is­lamofob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güc­lənməkdə olduğunu göstərir. Bu zərərli tendensiyaların ardıcıl və davamlı şə­kildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqa­bətə girdiyi aşkar sezilməkdədir.

Qeyd edilir ki, Avropa Parlamentinin bu hesabatı Cənubi Qafqaz regionun­dakı mövcud reallıqları nəinki təhrif edir, həm də cərəyan edən proseslər baxı­mından kifayət qədər təhlükəli xarakter daşıyır. Məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitliyin bərqə­rar olması istiqamətində göstərdiyi səy­lər, Ermənistanın isə ötən dövr ərzində sülh prosesinə zərbə vuran siyasi-hər­bi təxribatları, şərti sərhəddə yaratdığı gərginliklər Avropa Parlamenti tərəfin­dən nədənsə bilərəkdən görməzdən gəlinir. 

Hesabatda Ermənistanın silahlan­dırılmasının zəruriliyinə dair yer alan fikirlər isə regiondakı vəziyyəti gərgin­ləşdirmək, sülh prosesini əngəlləmək niyyətini bariz şəkildə əks etdirir. Gö­rünən budur ki, Avropa Parlamenti ar­tıq Fransanın anti-Azərbaycan siyasə­tini aşkar şəkildə mənimsəyib, Makron və Borrell kimi “siyasətçilərin” konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşün­cələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmir­lər. Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbay­canın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz. 

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin region­da sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayır, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edir.

XQ



Siyasət