Ölkəmiz Avropa İttifaqına 20,3 milyon ton neft ixrac edib

post-img

Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən 2023-cü ildə Azərbaycandan son dörd ildə maksimum həcmdə – 20,3 milyon ton neft alınıb. 

Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatında tədarük edilən neftin ümu­mi dəyəri 12,4 milyard avro məbləğində qiymətləndirilir.

Aİ ölkələri arasında ötən il Azərbay­candan ən iri neft idxalçılarının onluğuna İtaliya (11,3 milyon ton), Çexiya (2 milyon ton), İspaniya (1,4 milyon ton), Almaniya (1,2 milyon ton), Xorvatiya (1,15 milyon ton), Portuqaliya (631,3 min ton), İrlan­diya (617,3 min ton), Yunanıstan (529,6 min ton), Avstriya (498,7 min ton) və Ru­mıniya (435,5 min ton) daxildir.

İlin yekunlarına görə, Azərbaycan Aİ-nin ən böyük on neft ixracatçısının siyahı­sında ABŞ (67 milyon ton), Norveç (53,6 milyon ton), Qazaxıstan (44,2 milyon ton), Səudiyyə Ərəbistanı (35,2 milyon ton), Li­viya (34,8 milyon ton), İraq (34,2 milyon ton), Nigeriya (29,1 milyon ton), Böyük Britaniya (24,1 milyon ton) və Rusiyadan (20,4 milyon ton) sonra onuncu yeri tutub.

İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsasən, ötən il Azərbaycan İtaliyanın ən böyük neft tədarükçüsü olub. Avrostat və İtaliyanın Ətraf Mühit və Enerji Təhlükə­sizliyi Nazirliyinin məlumatlarına görə, ötən il Azərbaycan İtaliyaya neft ixracını 2022-ci illə müqayisədə 25 faiz artırıb. Hesabat dövründə, İtaliya “Azeri Light” markalı neftin idxalını 2022-ci illə müqa­yisədə 17,8 faiz artıraraq 7,3 milyon tona, “Azeri Brend”in idxalını isə 41,2 faiz ar­tıraraq 4 milyon tona çatdırıb. Avrostatın məlumatlarına əsasən, tədarük olunan neftin dəyəri təxminən 6,8 milyard avro məbləğində qiymətləndirilir.

XQ

İqtisadiyyat