O, hər şeydən danışdı, amma gərəkli heç nə demədi
Ermənistan baş naziri Nikol Paşinyan Münxendə erməni icmasının təmsilçiləri ilə görüşdə bir sıra məqamlara toxunub. Nikolun söylədiklərinə nəzər salanda, elə təəssürat yaranır ki, Azərbaycanla sülh gündəliyi məsələsində qeyri-konstruktiv mövqe tutan sanki, o deyil. Amma ilk baxışdan.
***
Öncədən bildirək ki, N.Paşinyanın görüş keçirdiyi format özlüyündə maraqlıdır. Belə təmas bir daha sübut edir ki, xaricdəki erməni lobbi və diaspor təşkilatları Ermənistanın daxili siyasətinə təsir göstərən əsas faktorlardır. Ona görə də Nikol onları yola gətirməyə çalışır. Hər halda, görüşdən gəlinən qənaət budur. Əlbəttə, başqa nəticələr də öz yerində.
Beləliklə, Paşinyanın sözlərinə görə, Ermənistan öz siyasətini beynəlxalq hüquq baxımından legitimlik amili üzərində qurmalıdır ki, güclü olmaq üçün şans yaransın: “Əgər ətrafdakılara elə görünsə ki, biz sülhü məhv etmək üçün güclənməyə çalışırıq, o zaman bizə güclü olmağa imkan verməzlər”.
Ancaq gücün legitim olması üçün başlıca faktor səmimiyyətdir. Məsələ ondadır ki, Paşinyanlı Ermənistan Sarkisyanlı və Koçaryanlı Ermənistan kimidir. Yəni, səmimiyyətdən tam uzaqdır. Müvafiq olaraq, rəsmi İrəvan həmişə hansısa legitimlik uydurur və bu proses yalnız illüzionist və avantürist mahiyyət daşıyır. Baxın, Ermənistan xaricdən silah-sursat alır. Nə üçün? Tam aydındır ki, məqsəd heç də ölkənin təhlükəsizliyinin təminatı deyil. Başlıca məqsəd həmin silahları Azərbaycana qarşı çevirməkdir. Çünki rəsmi İrəvan bu gün də hansısa formada Qarabağ ambisiyasının davamına çalışır. Elementar məqama nəzər salaq.
Ermənistan hakimiyyəti və ona yaxın dairələr Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini gündəmə gətirirlər. O cümlədən, Qarabağdakı erməni mirası məsələsini. İş ondadır ki, dünyanın müxtəlif bölgələrində kompakt halda yaşayan ermənilərin sayı Qarabağdakı ermənilərin sayından qat-qat çoxdur. O zaman nə üçün indiyədək onlarla bağlı hansısa fəaliyyət gerçəkləşməyib?.. Yəni, heç kəs inanmayacaq ki, Ermənistanın Qarabağ erməniləri ilə bağlı apardığı iş Azərbaycana qarşı ərazi iddiasına əsaslanmır. Dünyada yaxşı anlayırlar ki, erməni təfəkkür tərzi üçün beynəlxalq hüquq legitimlik deyil, avantürizmə leqal mahiyyət qazandırmaq alətidir.
***
Ermənistan ilk növbədə qonşusu Azərbaycanın gözündə bəraət almalıdır. Almağa çalışırmı? Əsla yox! Deməli, güclü Ermənistan ölkəmiz üçün təhlükə mənbəyi olaraq qalacaq. Və deməli, bütün leqal üsullarla onun güclənməsinə imkan verməyəcəyik. Hazırda bu, Azərbaycanın legitim hüququdur.
***
“Biz getdik və beynəlxalq ictimaiyyətə dedik ki, Qarabağ öz müqəddəratını təyinetmə hüququna malik müstəqil olmalıdır. Bizə dedilər ki, öz müqəddəratını təyinetmə hüququnu biz yaratmışıq. Bizə elə gəlirdi ki, Azərbaycana qarşı münaqişə aparırıq, amma bu münaqişəni bütün beynəlxalq ictimaiyyətə qarşı aparırdıq. Bu, ağlabatan deyil”. N.Paşinyan Münxendə erməni icmasının təmsilçiləri ilə görüşündə bu fikirləri də səsləndirib.
Qeyd edək ki, Nikol hələ hakimiyyətə gəlməzdən əvvəl çıxışlarının birində Qarabağ məsələsinin erməni xalqının boynundan asılmış ağır daş olduğunu vurğulamış və bunu edənləri sərt şəkildə qınamışdı. Paşinyan 2018-ci ildə hakimiyyətə yiyələndi və həmin vaxt belə təəssürat yarandı ki, hökumət rəhbərinin işi haqqında danışdığı ağır daşı erməni xalqının boynundan atmaq olacaq.
Ancaq Paşinyan nə etdi? Bildirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Görünür, Münxendə barəsində söz açdığı Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtinanı məhz bu cür görürmüş və hesab edirmiş ki, “Qarabağ Ermənistandır və nöqtə” deməyi beynəlxalq ictimaiyyətə deyil, yalnız Azərbaycana qarşı çıxmaqdır. Onun hakimiyyətə gəlməzdən əvvəl bir, sonra başqa bir fikir səsləndirməsi, həqiqətən də, ağlabatan deyil.
O da məlumdur ki, Paşinyanın sözügedən bəyanatı 44 günlük müharibənin başlanması üçün, bir növ, katalizator rolunu oynadı. Müharibədə Ermənistanın hansı acınacaqlı və rüsvayçı duruma düşdüyünün də əlavə sübuta ehtiyacı yoxdur. Amma məsələ ondadır ki, Nikol və komandası bundan dərs götürmədi. Nəzərə alaq ki, ötən ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal xarakterli antiterror tədbirlərindən əvvəl “Qarabağın öz seçkili hakimiyyəti var” fikrini dilə gətirən məhz Paşinyan olmuşdu. Hələ Qarabağdakı artıq canını tapşırmış separatçı rejimdə keçirilmiş “prezident seçkisindən” sonra təbrik məktubu da ünvanlamışdı. Görəsən, Nikol beynəlxalq ictimaiyyətə qarşı çıxdığını anlayırdı?..
Bir halda ki, Qarabağ münaqişəsi beynəlxalq aləmə qarşı çıxmaq mahiyyəti daşıyan məsələdir, o zaman nə üçün Ermənistan indi də eyni kursu götürür və destruktiv mövqe tutur? Yeri gəlmişkən, Paşinyan Münxendə erməni icması nümayəndələri ilə görüşündə həmin destruktiv və pozucu, səmimiyyətdən uzaq yanaşmasını bir daha ortaya qoydu. Erməni baş nazir elə təəssürat yaratdı ki, sanki Azərbaycanla Rusiya birləşib Ermənistana qarşı çıxırlar. O, fikrini özünün də imzasının yer aldığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat məsələsində əsaslandırdı. Əlbəttə, buna əsaslandırma demək mümkünsüzdür.
Bu yerdə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə dair şərhindəki bir hissəni xatırladaq: “Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir”.
Həqiqətən, belə çıxır ki, Paşinyan xaricdəki erməniləri özgə torpağına göz dikməyin düzgün olmamasına yox, məsələnin beynəlxalq birlik tərəfindən qəbul olunmamasına inandırmağı vacib sayır. Bəlkə də, ikinciləri mövcud istiqamətdə fəaliyyətə keçməyə də çağırıb. Hər şey mümkündür. Deməli, A.Hacızadənin dili ilə desək, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. Yəni, məhz bu preambula ölkənin mövqeyinin səmimilik indiqatorudur. Ancaq...
***
Daha bir məqama diqqət yetirək. N.Paşinyan bildirir: "Mən bütün bunları (Qarabağ xüsusunda beynəlxalq aləmə qarşı çıxmaq – red.) niyə deyirəm və edirəm? Xain olduğum üçün? Mən yenidən torpaq satmaq arzusunda olan agentəm? Elə insanlar var ki, belə düşünür. Amma bütün bunları yalnız bir səbəbdən edirəm – başa düşürəm ki, bir hissəsini öz üzərimə götürdüyüm yolla getsək və onu davam etdirsək, o zaman vətənimizi itirəcəyik”.
Bəli, N.Paşinyan əvvəllərdəki kimi, Ermənistan dövlətçiliyinin itirilməsindən danışır. Onun mövcud xüsusdakı ritorikasında məntiq yoxdur. Görəsən, Nikolun yolu nədir ki, həmin yolla getməyi vətənin itirilməsi sayır? Yaxşı, məsələnin mahiyyətini anlayırsa, nə üçün o yolla gedir? Əslində, təzadlı məqamlar kifayət qədərdir. Reallıq isə budur ki, Ermənistan müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Məhz bu amil dövlətçiliyin əldən çıxmasını doğura bilməzmi?
Belə gedişat tam mümkündür. Çünki rəsmi İrəvan nəinki üzərinə düşən öhdəliyi yerinə yetirmək istəmir, eyni zamanda, avantürizmindən qalmır, Cənubi Qafqazda yeni situasiya formalaşdırmağa çalışır. Nikolun sözlərindən hasil olan qənaət isə budur ki, hansısa qüvvələr Ermənistanı hazırda yön aldığı fəlakət yolunda getməyə sürükləyir və həmin güclər onu xainə, agentə çevrilməyə qoymurlar.
***
Əlqərəz, Paşinyan bildirir ki, sözügedən bəyanatın doqquzuncu bəndində Rusiyanın Ermənistan ərazisində nəyəsə nəzarət etməsinə dair heç nə yoxdur. Nikol ağ yalan danışır və faktiki olaraq Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət funksiyası yerinə yetirməsinə dair müddəanı danır, bu, öz yerində. O, eyni zamanda, bildirir ki, Azərbaycan və Rusiya sənədin digər müddəalarını sıradan çıxardılar, bəyanatın səkkizinci bəndi ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən yayındılar.
Yeri gəlmişkən, üçtərəfli bəyanatın səkkizinci bəndində bildirilir ki, “hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir”. Görəsən, bu proses indiyədək olmayıb? Əlbəttə, olub, amma məsələ başqadır.
Çox güman ki, Nikol 44 günlük müharibədən sonra Azərbaycan ərazisində kəşfiyyət-diversiya fəaliyyəti həyata keçirənləri də hərbi əsir və girov sayır. Əslində, onun məntiqi ilə yanaşsaq, belə münasibət tam mümkündür. Çünki üçtərəfli bəyanatın dördüncü bəndində göstərilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Amma erməni silahlıları Qarabağda qaldılar. Hər halda qalmasaydılar, lokal xarakterli antiterror tədbirlərinə ehtiyac yaranmazdı. Nəzərə alaq ki, həmin tədbirlərədək bölgədə separatçı qurum da saxlanılırdı. Əlbəttə, Nikol həyasızlığına salıb deyə bilər ki, üçtərəfli bəyanatda qondarma rejimin aradan qaldırılmasına dair heç nə yoxdur. Yəni, onun belə fikir bildirməsi mümkündür. Çünki üçtərəfli bəyanatın səkkizinci bəndinə Azərbaycan və Rusiyanın məhəl qoymadıqlarından söz açıb cəfəngiyyata varırsa, sənədin 4-cü bəndinə zidd mövqe tuta və bölgədə qalan şəxsləri hərbçi saya bilər. Deməli, Nikolun məntiqi ilə həmin şəxslər ələ keçiriləndə, hərbi əsir olmalıdırlar. Təbii ki, onun belə münasibəti saxlanılan erməni diversantlarına cinayətkar kimi baxmağımıza maneçilik törətmir.
Digər tərəfdən, necə olur ki, Rusiya qoşunları Ermənistanın Türkiyə və İranla sərhədində keşik çəkir, amma Naxçıvana yolda belə bir məsələnin reallaşması qeyri-mümkündür? Tam aydındır ki, rəsmi İrəvanın məqsədi Azərbaycana qarşı çıxmaqdır. Elə ona görə də A.Hacızadə bunları bildirir: “Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur”.
***
Nəhayət, N.Paşinyan bilavasitə ölkəmizlə sülh gündəminin üzərində dayanır. O bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Münxendə Almaniya Kanslerinin təşəbbüsü ilə keçirilmiş görüşdə daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmalara sadiqlik təsdiqlənib. Azərbaycan XİN-in mətbuat katibi A.Hacızadə isə deyib: “Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.
Göründüyü kimi, Paşinyanın “Praqa və Brüsseldə əldə olunmuş razılaşmalara sadiqlik” məntiqi də manipulyativ xarakter daşıyır. Əvvəla, Nikol həmin razılaşmalara əməl etməyib. Yəni, o, Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını bildirsə də, bölgədə separatizmin saxlanmasına çalışıb. Bundan başqa, hazırda prioritet olan məsələ ikitərəfli danışıqlardır ki, İrəvan buna getmir, müxtəlif beynəlxalq dairələri prosesə qoşmağa baş vurur. Həmin dairələrin nə “məqsəd” daşıdıqlarını da gördük. Onların sıradan çıxdıqları da nəzərimizdədir. Götürək elə Fransanı və Avropa İttifaqını. Vaxt var idi onlar vasitəçilik missiyasını yerinə yetirirdilər. İndi Almaniya bu ampluada çıxış edirmiş kimi görüntü yaradır. Halbuki, rəsmi Berlin Azərbaycan–Ermənistan nizamlanmasına bağlı olan aktiv qütb deyil. Bəli, ölkə tərəfləri bir araya gətirib müəyyən pozitiv nəticələrə ümid bəsləyə bilər. Amma onun missiyası fundamental sayılmır və bu, hər kəsə yaxşı məlumdur. Elə Paşinyanın özünə də. Deməli, Nikol köhnə havalarda qalıb vaxt udmağa çalışmamalıdır. Çünki vaxt onun və ölkəsinin əleyhinə işləyir.
Ə.CAHANGİROĞLU
XQ