Dünyanın faizsiz kredit verən ilk bankı bu şəhərdədir
Anamız Yer kürəsi o qədər müharibə, münaqişə, problem və iztirablar görüb ki, indi artıq mütərəqqi təfəkkürlü dünya siyasətçiləri təkcə ölkələr və ya xalqlar arasında deyil, hətta şəhərlər arasında da dostluq, əməkdaşlıq münasibətləri yaratmağa, bu müsbət tendensiyadan bəhrələnməyə çalışırlar. Qardaşlaşmış şəhərlər ənənəsi bu baxımdan ən mükəmməl addımdır. On illərdən bəri davam edən bu prosesdə Azərbaycan paytaxtı da təxminən iyirmi şəhərlə qardaşlaşıb.
Mən məmnunam ki, həmin şəhərlərin beşində olmuşam. Moskva – həm yüz illər boyu tərkibində olduğumuz dövlətin paytaxtı kimi, həm də nəhəng çay sahili boyunca düzülmüş möhtəşəm saraylarına görə xoşuma gəlmişdi. Təbriz – canı, qanı, dili, dini, imanı ilə qohum-əqrabalarımdan qətiyyən fərqlənməyən insanların gözündəki həsrət, kədər və nisgillə yaddaşıma əbədi yazılıb. İstanbul – dünyanın bir başından o biri başına, Şimalından Cənubuna, Şərqindən Qərbinə, səhrasından ümmanlarına yük daşıyan saysız-hesabsız gəmi-bərələrin bir-birindən fərqli siqnalları (fitləri) ilə mənim üçün unudulmaz olmuşdu. Bəsrə – türkmən qardaşlarımızın da, ərəb dindaşlarımızın da yaşadığı başıbəlalı İraq dövləti üçün çıxış yolu, dolanacaq ünvanı, satmaq mümkün olan nəyisə satıb, həyat əhəmiyyətli nələrisə almaq imkanı verən şəhər olduğuna görə, onun barəsində təəssüratlarım heç də ürəkaçan deyil. Ciddə – xoşbəxtəm ki, Ərəbistan yarımadasının bu cənnət məkanında bir neçə dəfə olmuşam.
Səudiyyə Ərəbistanı Krallığının ikinci paytaxtı, ölkənin malyyə və əsas turizm mərkəzi olan Ciddə şəhəri təkcə İslam ölkələrinin tarixinə deyil, ümumiyyətlə, dünya tarixinə özünəməxsus ştrixlərlə yazılmışdır. Xatırladım ki, buradakı şəhər infrastrukturuna aid olan bütün müasir tikinti, qurğu və digər uğurları bir kənara qoysaq belə, təkcə İslam İnkişaf Bankının nüfuzu bu şəhəri hamının gözündə ucaldır.
Məmnunam ki, 2001-ci ilin payızında bir qrup azərbaycanlı diplomat və jurnalistlərlə bərabər Ciddədə olarkən, İslam İnkişaf Bankının prezidenti, doktor Əhməd Məhəmməd Əli bizi qəbul etmiş və bankın fəaliyyəti barədə ətraflı məlumat vermişdi. Bu barədə səfər təəssüratlarım “Salam, qibləm olan diyar” adlı kitabda yazmışdım.
Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biri olan bu bankın üzvlərinin hamısı müsəlman ölkələridir. Bildirilir ki, 1973-cü
ilin dekabrında Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Maliyyə Nazirlərinin Konfransında imzalanan niyyət bəyannaməsinin nəticəsində İslam İnkişaf Bankı təsis edilmişdir. Bu bank faizsiz maliyyə sistemi sahəsində fəaliyyətə başlayan ilk beynəlxalq maliyyə təşkilatıdır.
Əlavə edilir ki, bankın məqsədi quruma üzv olan ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ (fiqhi) əsasında təmin etməkdir. Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir. Bankın 56 üzvü var. Azərbaycan bu quruma üzv olan 49-cu ölkədir.
Bu bank Azərbaycanda Bakı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisini, Yevlax – Gəncə avtomobil yolunun yenidən qurulmasını, Mingəçevir SES-in yenidən qurulmasını, Vəlvələçay –Taxtakörpü kanalının tikintisini və Cənub istilik elektrik stansiyasının tikintisi layihəsini maiyyələşdirib.
Səudiyyə Ərəbistanı Krallığı İnformasiya və Mədəniyyət Nazirliyinin bizə təqdim etdiyi bukletlərdə qeyd edilirdi ki, müsəlmanların “dini turizmin ürəyi” adlandırdığı Ciddə şəhəri həm ziyarət, həm də səyahət baxımından olduqca maraqlı məkandır. Qırmızı dəniz sahilindəki bu liman şəhəri ərəb dünyasının işgüzar camiyyəsi üçün kifayət qədər cəlbedicidir. Bundan başqa, Qurban bayramı günlərində həcc ziyarətinə gələn milyonlarla zəvvar öncə Ciddə şəhərində olur. Çünki bu şəhər quru, dəniz və hava daxil olmaqla nəqliyyat şəbəkəsi ilə təchiz edilmişdir.
Şəhər öz göydələnləri və ecazkar yol infrastrukturu ilə göz oxşadığı kimi, tarixi məhəllələrin və binaların qorunması da diqqətdən yayınmır. Məsələn, buradakı Abdul Rauf Xəlil muzeyi həm 2500 ildən çox tarixi ilə, həm də İslam mədəni irsinə ev sahibliyi etməsilə məşhurdur. Al Shallal Tame parkı isə müasirliyi ilə seçilir. Nəhəng oyuncaqları, buz meydançası (bəli, düz oxudunuz, Ərəbistanda buz meydançası), rəqs otaqları və şənlik salonları ilə məşhurdur. Maraqlı konseptlərə malik zallar və amazon parkı bu məkanı xüsusilə cəlbedici edir.
Biz orada başqa bir maraqlı faktla, daha doğrusu, oxşarlıqla da rastlaşmışdıq. Belə ki, Bakıda İçərişəhər olduğu kimi, Ciddədə də Köhnəşəhər (Al Balad) mövcuddur. Bu ünvan yarımadada 2500 illik tarixi olan ən qədim yaşayış məntəqəsidir. Köhnəşəhər mərcan rəngli köhnə üslublu evləri ilə diqqət çəkir. Bakıdakı kimi orada da çoxlu fəvvarə var. Ən böyüyü isə şəhərin rəmzlərindən biri kimi qəbul edilən Kral Fəhd fəvvarəsi(fontanıdır) .
Mən “Xalq qəzeti”ndə verilmiş bir yazımda Qırmızı dənizdəki həmin fəvvarənin rəngbərəng gecə görüntüsünü “bir rəngli dənizin çox rəngli möcüzəsi” adlandırmışdım. Yol yoldaşımız, ərəb dili mütəxəssisi olan rəhmətlik Müqəddəs Payızovun təşəbbüsü ilə gecə dənizdə keçirilən su şousuna da getmişdik. Şou zamanı suyun hündürlüyünün 321 metrə qədər yüksəldiyi görünürdü. Həm də çoxsaylı işıq effektləri ilə.
Ciddənin ən görkəmli yerlərindən biri də Məkkə qapısıdır. Bu qapı 1979-cu ildə Ciddə ilə Məkkəni birləşdirən əsas yolda tikilib. Dedilər ki, qapının Məhəmməd peyğəmbərin (s.) doğulduğu yerdə inşa edilməsinə görə buranın İslam dünyasında xüsusi əhəmiyyəti var. Buradakı nəhəng rəhil ( quran kitabının yerdə əyləşmiş insanın qarşısına açıq şəkildə qoyulması üçün taxtadandan hazırlanan vasitə) heykəli də sərnişin, səyahətçi və zəvvarların böyük marağına səbəb olur. Şəxsən mən o rəhilin altından bir neçə dəfə keçmişəm.
Şəhərin əsas bəzəklərindən, görməli yerlərindən biri də Ciddə qülləsidir. Çox təəssüf ki, mən onu görməmişəm. Çünki biz Səudiyyə Ərəbistanına sonuncu dəfə 2013-cü ildə getmişik, həmin qüllə isə 2019-cu ildə istifadəyə verilib. Həmin qülləni görməsəm də, həm Ər-Riyadda, həm də Ciddədə onlarca göydələnin fotolarını çəkmişdim. İnternet resurslarında deyilir ki, ümumi hündürlüyü 1001 metr olan Ciddə qülləsini şəhərin, demək olar ki, hər yerindən görmək mümkündür. Elə Səudiyyə Ərəbistanını da dünyanın hər yerindən”görmək” mümkündür.
Bax, bizim Bakı, gözəl paytaxtımız məhz belə bir möhtəşəm şəhərlə qardaşlaşmışdır.
İttifaq MİRZƏBƏYLİ
XQ